«Əli Hüseynov absurd danışır»

Seymur Həziyev: «Dövlətçiliyimiz əleyhinə ən fəal qüvvə elə Azərbaycan hakimiyyətidir»

 

Son günlər Azərbaycan hökuməti Qərbin əleyhinə açıq hücuma başlayıb. Ayrı-ayrı rəsmilərdən tutmuş, ölkə parlamentinin üzvlərinə qədər hər kəs beynəlxalq aləmi demokratik qüvvələri dəstəklədiyinə və kəskin bəyanatlar verdiklərinə görə az qala topa tutur. Narazılıq yaradan əsas məqamlardan biri də Avropa Birliyinin məlum bəyanatı və Avropa Birliyinə daxil olan ölkələrin səfirliklərinin müxalifət liderləri ilə keçirdiyi qapalı toplantıdır. Hökumət xarici diplomatları sözün əsl mənasında küncə sıxaraq onlardan müzakirə olunan məsələləri mətbuata açıqlamağı tələb edir. 

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun bugünlərdə məsələ ilə bağlı açıqlaması isə bir qədər fərqli konteksdən olub. Ə.Hüseynov baş verənləri erməni lobbisinin və Azərbaycanın əleyhinə olan qüvvələrin həddindən artıq aktivləşməsi ilə izah edib.

“Biz, həmkarlarımız artıq Bakıdakı qanunsuz aksiyaların hazırlanması mərhələsində bilirdik ki, mütləq təxribatçı addımlar atılacaq və nəticə olaraq heç nə araşdırılmadan Avropa strukturlarından və digər beynəlxalq təşkilatlardan sərt bəyanatlar veriləcək. Əslində, bu, bizi təəccübləndirmir. Bizi təəccübləndirən Avropa Birliyi kimi çox ciddi, mükəmməl qurumların həddən artıq lokal, kiçik bir hadisə ilə bağlı bu cür qeyri-adekvat, qeyri-obyektiv bəyanatlar verməsidir. Bu, əslində bizə qarşı yox, Avropa Birliyinin özünə qarşı hörmətsizlikdir” – deyə Ə.Hüseynov bildirib.

AXCP Rəyasət Heyətinin üzvü, siyasi şərhçi Seymur Həziyev isə Ə.Hüseynovun məlum yanaşmasını absurd adlandırır: “Azərbaycan hökuməti uzun illərdir büdcənin ciddi bir hissəsini lobbi siyasətinə sərf etdiyini deyirdi. Bunu da onunla əsaslandırırdı ki, Azərbaycanın Dağlıq Qarabağ problemi var və dünya ölkələri arasında bizim haqlı mövqeyimizin yayılması üçün bu fəaliyyətə ehtiyac var. Ermənistanın elə bir ciddi iqtisadi resursları yoxdur və bizimlə düşmən ölkədir. Ona görə də Əli Hüseynov daha çox Azərbaycan hakimiyyətinin yarıtmaz xarici siyasətini tənqid etməli idi. Çünki məhz bu siyasətsizlik nəticəsində Azərbaycan bütün dostlarını itirib. Hətta ən təbii müttəfiqimiz olan Türkiyə ilə də münasibətlər qaydasında deyil. Ona görə də Azərbaycan dövlətçiliyi əleyhinə ən aktiv qüvvə Azərbaycan hakimiyyətidir”.

Avropa Birliyinin münasibətinə gəlincə, S.Həziyev bildirir ki, qurumun məlum bəyanatla çıxış etməsi onun mandatına tamamilə uyğundur: “Avropa Birliyini qeyri-adekvat, qeyri-obyektiv bəyanatlar verməkdə ittiham etmək heç bir çərçivəyə sığmır. Bu qurumun parlamenti Dağlıq Qarabağla bağlı dəfələrlə obyektiv mövqedən çıxış edib və Ermənistanı işğalı dayandırmağa çağırıb. Azərbaycan hökuməti hər şeyə öz kürsü maraqlarından baxmaqdan əl çəkməli, dövləti biabır etməməlidirlər”.