Xalq korrupsiya piramidası altında inləyir

Zərdüşt Əlizadə: «Azərbaycan hər bir sahədə hüquqi nihilizm nümayiş etdirirsə, nəyin əsasında Qərbdən yek standartlı mövqe gözləyək»

«Rusiyadan göstəriş gəlməyincə, Azərbaycan müharibə etməyəcək»

Xarici siyasətdəki uğurlardan danışan rəsmilər eyni zamanda Qərbin Azərbaycana heç bir məsələdə dəstək vermədiyini deyir. Bu isə öz növbəsində uğursuzluğun etirafıdır. Azərbaycanın beynəlxalq aləmdə dəstək qazana bilməməsinin əsas səbəbi nədir? “Uğurlu xarici siyasət”in uğursuzluğunun kökündə nə dayanır? Bu və başqa sullarla bağlı politoloq Zərdüşt Əlizadənin fikirləri ilə tanış olduq.

– Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbin Azərbaycana qarşı qeyri-obyektiv olduğunu deyib. Iki il əvvəl Ziyafət Əsgərov Qarabağ məsələsində Qərbin ölkəmizə dəstək vermədiyini deyirdi. Azərbaycanın dəstək görməməsinin səbəbi nədir?

– Xarici siyasət daxili siyasətin davamıdır. Qərb Azərbaycanın daxili siyasətini bəyənmədiyinə görə xarici siyasətini də bəyənmir. Azərbaycanın demokratik və qeyri-demokratik olması məsələsini kənara qoysaq, mücərrəd, neft mədənlərinin və quyularının olduğu bir məkan kimi götürsək, nə Qərbin, nə Rusiyanın Azərbaycandan heç bir incikliyi yoxdur. Azərbaycan Qərbdən, Rusiyadan, bəzi hallarda Tehrandan, Ankaradan, Parisdən deyilənləri yerinə yetirən bir məkandır. Ancaq dövlət kimi yanaşdıqda, hakimiyyət-müxalifət, hökumət-xalq, dövlət-cəmiyyət müstəvisinə yaxınlaşanda, bərbad gündədir. Azərbaycan dünyanın ən bərbad dövlətlərindən birinə çevrilib. Çünki bu ölkədə konstitusiya işləmir. Hər hansı demokratik dövlətin konstitusiyası olur. Svazilendin konstitusiyası yoxdur. Orada mütləq monarx var. O da özü üçün ölkə pullarını yeyir, hərəmxana saxlayır, bahalı maşınlar alır. Büdcənin yarısını polisə xərcləyir. Camaat acdır. Axı Azərbaycan Svazilend deyil. Biz bir neçə beynəlxalq, demokratik təşkilatın üzvüyük. Amma burda konstitusiya işləmir. Bunu Qərb və Şərq dünyası çox gözəl bilir. Azərbaycanda bir korrupsiya piramidası var. Onun da başında hökumət başçısı durur və aşağıya doğru genişlənir. Xalq bu korrupsiya piramidası altında inləyir. Azərbaycanda real inkişaf yoxdur. Neft amilini çıxsaq, Azərbaycanın göstəriciləri Ermənistanın göstəricilərindən heç nə ilə fərqlənmir. Bunu Qərb bilir. Azərbaycan vətəndaşları kölə halındadır, onların hüquqları tanınmır. Dövlət sözün əsl mənasında hakimiyyətin əlində xalqa qarşı cəza alətinə çevrilib. Bunu Qərb bilir. Belə olan halda nəyə görə Azərbaycana hörmət etməlidirlər. Əgər Azərbaycan hökuməti mənşəyindən asılı olmayaraq öz vətəndaşına qeyri-obyektiv yanaşırsa, özü hər bir sahədə hüquqi nihilizm nümayiş etdirirsə, nəyin əsasında Qərbdən yek standartlı mövqe gözləyək. Eyni zamanda özümüz ikili, üçlü standartlı siyasət yürüdürük. Hakimiyyət nümayəndələrinin Qərbdən gileylənməsi özlərinin çox səviyyəsiz, səmərəsiz işləməsinə bəraət qazandırmaq üçündür.

“Müsəlman belə haqsızlığa dözməz”

– Azərbaycan Qərbi müttəfiq kimi görmürsə, deməli, ümid qalıb Şərqə. Şərqin də başı qarışıb inqilablara. Müttəfiq kimi Şərqdən yararlana bilərlər?

– Şərqdə Ilham Əliyevin dostları var. Bəşər Əsəd, Küveyt əmiri, Hüsnü Mübarək. Indi Hüsnü Mübarək getdi qazamata. Ancaq hər halda onun heykəli burda qalıb və o, prezidentin dostu sayılır. Şərqin münasibəti çox praqmatikdir. Güclü erməni diasporu olan ölkələr, Livan, Suriya Azərbaycanın haqq işinə çox soyuqqanlı yanaşırlar. Deyirlər öz problemini get özün həll elə. Bizdən kömək gözləmə. Iran qarşılıqlı mənfəət əsasında Ermənistanla iki dövlət arasında qurulmalı olan əlaqələri qurub. Ermənistana birbaşa yardım göstərmir. Amma nəyi varsa satır, ondan qazanır. Üstəlik də bütün dünyaya nümayiş etdirir ki, mən islam təəssübkeşi deyiləm. Xristian Ermənistanla bərabər hüquqla əlaqələr qurmuşam. Bu da ona böyük siyasi qazanc gətirir. Başqa müsəlman ölkələri Pakistan, Türkiyə də deyir ki, torpağın tutulub, get azad elə, ay Azərbaycan. Biz sənə kömək edirik. Amma görəndə ki, biz torpağı azad etmək əvəzinə öz şəxsi mənafeyimizi güdürük, onda deyirlər ki, biz sizi anlamırıq. Siz səmimi müsəlman deyilsiniz. Müsəlman belə haqsızlığa dözməz.

– Rusiyada “Vahid Rusiya” partiyası prezident seçkisində Putinə dəstək verəcəyini desə də, Medvedev də seçkilərə qatılacağını bəyan edib. Bu da Rusiyada gərginliyin yaşanacağından xəbər verir. Belə olan halda Rusiya Azərbaycan hakimiyyətinə nə dərəcədə dəstək göstərmək gücündədir?

– Əgər Azərbaycan xalqı problemlərinin həllində özünə, hökumətinə ümid bəsləmirsə, nəyin əsasında hansısa qonşu dövlətə bel bağlamalı, ümid etməliyik, nəsə gözləməliyik. Axı bu mənasızdır. Gerçək həyatda heç bir dövlət öz marağı olmadan başqa bir dövlətə, xüsusilə də başqa xalqa kömək etmir.

“Müharibə bəyanatları boğazdan yuxarı olan sözlərdir”

– Ilham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinə müharibə bəyanatları verib. Bütün dünya ilə münasibətləri bu vəziyyətdə olan dövlətin müharibəyə başlayacağı nə dərəcədə məqsədəuyğundur və nəyə arxayın olub belə bəyanatlar verirlər?

– Müharibə bəyanatlarını çox eşitmişik. Hamı bilir ki, bu, boğazdan yuxarı olan sözlərdir. Azərbaycan hakimiyyəti müharibəyə başlamayacaq. Ələlxüsus Rusiyadan göstəriş gəlməyincə, heç vaxt Azərbaycan müharibə etməyəcək. Qarabağ münaqişəsini də Rusiya qızışdırıb. Bu münaqişə vasitəsilə Ermənistanda da, Azərbaycanda da özünə tabe hökumətlər qurur. Qarabağ münaqişəsinin davamı Rusiyaya və Ermənistanla Azərbaycanın rəhbərlərinə xeyirdir. Belə olan halda onlar heç vaxt hansısa müstəqil addım atmayacaqlar. Rusiyaya isə hələlik Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalması əl verir. Müharibə isə hələlik əl vermir. Əl versə, başlayacaq. Necə ki, 90-cı illərin əvvəllərində, düyməni basırdı, ermənilər hücuma keçirdi. O biri düyməni basırdı, Azərbaycan hücuma keçirdi. Bu, tamamilə idarə olunan bir münaqişədir. Idarə olunan münaqişə vasitəsilə Rusiya Cənub Qafqaz bölgəsini nəzarətdə saxlayır. Gürcüstanda bunu etdi. Münaqişənin birmənalı həlli üçün Cənubi Osetiya və Abxaziyanı işğal etdi. Qarabağ münaqişəsini isə hələlik siçan kimi əlində tutub Ermənistanla Azərbaycanı özündən asılı vəziyyətdə saxlayır. Buradan çıxmaq üçün yeganə yol Ermənistan və Azərbaycan dövlətlərinin, hər iki xalqın əlbir olub bu münaqişəni dinc yolla həll etməsidir. Sonra isə Rusiyadan ayrılıb müstəqil demokratik inkişaf yolunu seçməkdir. Amma xalqların səviyyəsi buna çatmır. Həm erməni, həm də Azərbaycan xalqı xəstə təfəkkürlüdür. Orada da, burada da etnik nifrət, antidemokratik davranışlar, mafioz qruplar, saxta seçkilər, insanların cahilliyi, hüquqsuzluğu hökm sürür. Təəssüflə demək lazımdır ki, belə cəmiyyətlərdə ədalətli sülhə ümid çox azdır. Cəmiyyətdə kiçik bir qrup insan var ki, bu vəziyyəti koordinat sistemində anlayır, düzgün fikirlər söyləyir. Amma camaat rəsmi təbliğat vasitəsilə gic, axmaq vəziyyətinə qoyulub. Beyinləri doldurulub, kütləyə çevrilib. Onları da kim necə istəsə, idarə edir. Bunun üçün oyuncaq, yalançı təşkilatlar var. Çıxıb səhərdən axşama qədər erməniləri, ermənilər də türkləri söyür. Bu da oyundur. Ağlı olan bilir ki, bu, oyundur.

“Belə dövlətlə heç kəs hesablaşmır”

– YAP-ın parlamentdəki təmsilçiləri, o cümlədən bəzi rəsmi şəxslər Qərb diplomatlarının arzuolunmaz şəxs elan edilməsi təklifini irəli sürür. Bu baş verəcəyi təqdirdə qarşılığını da gözləmək olar. Belə bir addım atıla bilərmi və atılsa, Azərbaycana nə vəd edir?

– Ölkədən diplomat çıxarmaq böyük məharət tələb etmir. Insandır da, səfirlikdə işləyir. Xarici Işlər Nazirliyindən səfirliyə kağız gəlir, orda onu arzuolunmaz şəxs elan edirlər.

Səfir çağırır deyir ki, yığış get, başqa ölkədə işləyərsən. Burda böyük cəsarət yoxdur. Amma iki ölkənin arasındakı münasibətlər, hər hansı bir ölkənin beynəlxalq nüfuzu,

beynəlxalq təşkilatın nümayəndəsi ölkədən çıxarılırsa, o təşkilatın Azərbaycana edə biləcəyi işlər nəzərə alınmalıdır. Biz sabiq sovet vətəndaşlarıyıq. Fövqəldövlətin vətəndaşıyıq, fövqəlgücük kimi fikirlər atavizm kimi qalır. Hərdən bir unuduruq ki, SSRI yoxdur, biz də onun vətəndaşı deyilik. Özümüzü elə aparırıq ki, arxamızda nəhəng bir dövlət var. Amma əslində xəritəyə baxsaq, heç adı ərazisinə yerləşə bilməyən kiçik bir ölkədəyik. O ölkənin gücü azdır. Ölkənin əhalisi kasıbdır, ordusu zəlil gündədir. Iqtisadiyyatı dağılıb, təhsili, səhiyyəsi bərbad vəziyyətdədir. Xalqı ilə dövləti, hökuməti arasında mükalimə, inam yoxdur. Hökumət xalqı əsarətdə saxlayır. Xalq hökumətə nifrət edir, ona inanmır. Bütün bunlar faktdır. Belə dövlətlə heç kəs hesablaşmır. Bunu dəyişmək üçün heç kəsdən küsmək lazım deyil. Gərək xalq da, hökumət də dəyişsin. Nümunəvi demokratik bir dövlət qurulsun. Azərbaycan insanının küçədəki davranışına, evinə, kasıblığına, yetimliyinə, məzlumluğuna baxın. Bu gün bir qrup Azərbaycan vətəndaşı çıxıb öz etirazını bildirmək istəyir. Dövlət bütün qüvvələrini səfərbər edib onlara mane olmağa çalışır. Tutur, vurur, hədələyir. Əli Kərimli ilə Isa Qəmbərin nəyindən qorxurlar?! Onlar da vətəndaşdır, çıxıb sözlərini deyirlər. Çağırın televiziyaya, qoy danışsınlar. Hansı sözündən qorxursuz? Deyəcək rüşvət var? Sən də qoşul, de ki, rüşvətə qarşı mübarizəyə başlamışam. Rüşvətxoru göstərəcəklər, get onu tut. Hakimiyyətin məntiqini başa düşürəm. Onlar istəyirlər xalqın, cəmiyyətin nəzarəti olmadan

Azərbaycan dövlətinin bütün sərvətini mənimsəsinlər. Bunların siyasətinin mahiyyəti budur.

“Əliyev şəxsi mənafeyini təmin etməklə məşğuldur”

– Ümumiyyətlə, xarici siyasətində uğur əldə edə bilməyən Azərbaycanda buna cavabdeh quruma ehtiyac varmı?

– Xarici siyasətə cavabdeh olan adamları bilavasitə tanımıram. Amma davranışlarını, bəyanatlarını izləyirəm. Azərbaycanın xarici siyasətinin uğuru Qarabağ probleminin həlli ilə müəyyənləşməlidir. Bu məsələdə irəliləyiş yoxdur, əslində geriləmə var. Xarici siyasətə cavabdeh olan bir nömrəli şəxs prezidentdir. Ikincisi Novruz Məmmədovdur. Xarici siyasətdən heç bir təsəvvürü yoxdur. Ümumiyyətlə, şəxsiyyət deyil ki, hansısa qərar versin. Baxır prezidentin ağzına. Onun ağzından çıxan sözü başlayır yaymağa. Elmar Məmmədyarov savadlı adamdır. O da heç nə həll etmir və edə bilməz. Qarabağ problemini dərindən bilən Araz Əzimovdur. Amma o da heç nə həll etmir. Həll edən Ilham Əliyevdir. O da öz şəxsi hakimiyyətini, şəxsi mənafeyini təmin etməklə məşğuldur. Bununla məşğul olduğu üçün Qarabağ problemində heç bir yenilik yoxdur. Qarabağ problemində irəliyə getmək üçün ən mühüm şərtlərdən biri Azərbaycanın gerçək demokratikləşməsidir. Demokratik dövlətə dünyada, Qərbdə başqa münasibət var. Ona hörmət edirlər. Antidemokratik dövlətə yaxşı baxmırlar. Azərbaycan dövlətinə də faktiki olaraq belə baxırlar. Beynəlxalq hüquqda təsbit edilmiş torpağımızı tanımırlar. BMT-də Minsk qrupunun həmsədrləri ərazi bütövlüyümüzə səs vermirlər. Eyni zamanda guya ki, bizim münaqişəni tənzimləyirlər. Bu, Azərbaycanın düşdüyü absurd vəziyyətin ən parlaq sübutudur. Tamamilə uğursuzdur. Hərçənd ki, rəsmi təbliğat rejimin, prezidentin uğurlu daxili və xarici siyasətindən yazır. O uğuru görmək üçün yalnız pul kisəsindən, vəzifədən baxmaq lazımdır. Amma açıq gözlə, sadə vətəndaş kimi baxanda görürsən ki, heç bir uğur yoxdur. Əksinə, uğursuzluq, hörmətsizlik, itkilər var. Bunu da danmaq üçün gərək qeyri-obyektiv olasan.

Fizzə Heydərli