Dünən az qala, bütün saytlarda “Rəisin oğlu polisləri döydü” başlıqlı xəbər gördüm, hələ xəbəri oxumamış, elə sərlövhəyəcə baxıb açığı, çox sevindim. Nə vaxtacan ancaq polislər döyməlidir, qoy bir gün də onların özlərini əzişdirsinlər, bəlkə belədə başa düşdülər ki, hər hansı aksiyada günahsız yerə, hansısa şüar qışqırdı deyə, yaşlı, uşaq, qadın demədən qarşılarına keçəni təpiyinin ucunda oynatmaq, dubinkanın altında əzmək, yerlərdə sürümək nə deməkdir.
Bəs xəbərdə nədən danışılır? Ola bilsin, xeyli oxucu artıq məsələdən xəbərdardır, bilməyənlərin də agahı olsun ki, Daxili Işlər Nazirliyinin Insan Alverinə Qarşı Mübarizə Idarəsinin rəisi Şərif Əsədullayevin oğlunu təzəlikcə polis işçiləri saxlayıblar, Tamerlan adlı həmin bu rəis oğlu da bundan möhkəm qəzəblənib, eləmə tənbəllik, həmin polisləri, Osmanlı türkləri demiş, eşşək sudan gələnədək döyüb və təhqir edib. Tamerlana bir daha “əlinə sağlıq!” deyək, arzu edək ki, onun bu cür sorağı tez-tez gəlsin, biz də heç olmasa, bununla yüngülvari də olsa, təsəlli tapaq, xoşnud olaq.
Mən bu hadisə ilə bağlı Yasamal rayon Polis Idarəsinin 27-ci polis bölməsinin növbətçi hissəsindən verilən açıqlamanı da xeyli ləzzətlə oxudum: “Polislərdən birinin başına o qədər döyüblər ki, vəziyyəti çox pisdir”.
Bu həmin Yasamal Polis Idarəsidir ki, onun kişi əməkdaşı təzəlikcə Leyla Yunus hadisəsində bütün mənəvi sərhədləri, əxlaqi sınırları aşaraq, qadın hüquq müdafiəçisinin ardınca tualetə daxil olmaq istəmiş, üstəlik, idarənin Ismayıl Əsədov ad-soyadlı rəisi isə jurnalistlərə demişdi ki, “ermənilərə işlədiyi üçün” Leyla xanımı elə onun özü də məmnuniyyətlə döyərdi.
Amma indi bu guya, dəhşətli dərəcədə vətənpərvər polis rəisinin öz işçiləri hansısa vəzifəli şəxsin oğlu tərəfindən döyülür. Xəbərə görə, Ismayıl Əsədov əvvəlcə faktla bağlı araşdırma aparmaq əmri verir, iki gün sonra isə araşdırmaya xitam verilir. Gücünü, qüdrətini bir qadına göstərməklə öyünənlərin, hansısa yüksək çinli məmur oğlu qarşısında düşdüyü aciz, köləsayağı vəziyyət bu sistemin mahiyyətinin növbəti aydın ifadəsi, inikasıdır. Əlavə şərhə ehtiyac yoxdur.
Hələ görün, oğlu polisləri döyən Şərəf Əsədullayev jurnalistlərə açıqlamasında nə deyib? Sitat: “Mənim uşaqlarımın tərbiyəsini hamı bilir, onlar çox alicənab, savadlıdırlar, iki dəfə həcdə olublar”.
Həcdə olmaq – bax, indi bu, Azərbaycanda özünə bəraət və haqq qazandırmağın ən dəbdə, ən bərkgedən üsullarından biridir. Bu gün həccə getmək ölkəmizdə nə qədər adama rüşvət yığmaq, yalan danışmaq, zor işlətmək, zült getmək üçün “yaşıl işıq” yandırır.
Məsələ yalnız Şərif Əsədullayevin oğlunda deyil. Hazırda Azərbaycanda nə qədər adam fikirləşir ki, əgər o, bircə dəfə həccə gedibsə həmin vaxtadək etdikləri haqsızlıq, oğurluq üçün bəraət, bundan sonra edəcəkləri hər bir pis, nalayiq əməl üçün isə vizit kartı qazanır.
Guya həci olmaq yaxşı, dürüst, pak, adam kimi adam olmağın qarantı-zadıdır.
Dinçilərin məntiqi ilə, bu məmləkətdə bir belə imanlı insan varsa, başqasının toyuğuna “kiş” deyəcək, qul haqqı yeyəcək, məzlumun ahını alacaq kimsələri biz gündüz əliçıraqlı axtarsaq da tapmamalıydıq, Şərin dayaqları isə çoxdan sarsılıb getməli idi.
Amma real mənzərə hamının gözü qarşısındadır. Görmək çətin deyil ki, Azərbaycanda həci, məşədi, kərbəlayi olanların sayı artdıqca ölkədə ədalətsizliyin, yalanın, yağmaçılığın, yaltaqlığın, zülmün miqyası da artır.
Niyəsini isə onsuz da hamınız çox yaxşı bilirsiniz, daha mən nə deyim ki?!