Bir millətin min dərdi

Düzünə qalsa, millət deməyə də adamın dili gəlmir. Millət belə olmur, axı. Millət deyilənin istəyi-diləyi, idealı, prinsipi olur. Millət deyilən bizdəki kimi yalnız çörək-yaşamaq uğrunda özünü oda-közə vurmur. Millət deyilən hansısa ideallara bağlanaraq dünyanın qabaqcıl millətləri ilə ayaqlaşmağa, sonuncularla deyil, birincilərlə yarışmağa girişir, birincilərin sırasında olmağa can atır. Bizdə böyük çoxluğun qarın qırğını gedir: “ziyalı”sından tutmuş, ən yüksəkdə dayanan “dövlət” adamlarınadək. Bilirik: 45 illik bəlli KQB hakimiyəti öz işini görüb; ANTIMILLI siyasətlər axarında təhsil sistemini dağıtmaqla, televiziyaları bir Ailənin nökər-qulluqçusuna çevirməklə. Bunlar hamısı bəllidir. Bəlli bir ailə bütün ölkəyə təkbaşına yiyələnib, bütün gücüylə yurddaşları sonadək əzmək, yurddaşlıq anlayışını yox etməklə ağalığını hələ çox-çox uzaqlaradək sürdürməyə çalışır. Millət deyilənsə, varlığını, uzaqbaşı, mələməklə bəlirlədir…

Yalancasına “gül bayramı” donu biçilən 10 maydan çox qabaq Rəhim Qaziyev Ilham Əliyevə başvuruda bulundu: “20 faiz torpağı işğal olunan, 1 milyon qaçqını olan ölkədə ”gül bayramı” keçirilməyini yolverilməz” adlandırdı. “Gül bayramı” adı altında Heydər Əliyevin doğum günü münasibətilə bu qədər vəsaitin talan edilməsi yersizdir, insafsızlıqdır. Bu gün çörəyi nisyə alan adamların gözü qarşısında, bir günlük bayrama milyonlar xərcləyib, səhəri günü həmin gülləri zibilxanaya atmaq heç bir əndazəyə sığmır. Ümid edirəm, mənim bu müraciətimdən nəticə çıxaracaqsınız”, dedi. “Nəticə” bəllidir: I.Əliyevi ölkənin “tək kişisi” adlandıran adam daha bahalı “gül bayramı” ilə prezident adlanan adamı bir daha sevindirdi. “Gül bayramı” adına yeyinti-mənimsəmənin statistikası belədir: 2012-ci il – 70 milyon manat; 2013-cü il – 80 milyon manat; 2014-cü il – 87 milyon manat! Sonuc: milləti yenmək-minmək-təhqir-tüpürcək…

Həkimi, müəllimi 150 manat, alimi 180, akademiki 300 manat aylıq (pensiyaçısı 120 manat) alan ölkədə “gül bayramı” adına milyonlar çölə atılır. Ancaq, sözsüz, burada ötən yüzilin 70-ci illərindən sürüb gələn böyük “pripiska” faktı var: “gül bayramı” adı altında bir gülləyə iki dovşan vurulur – bir yandan gərəksiz bir “bayram” keçirilir, o biri yandan böyük pullar mənimsənir. Burada Hacıbaladan quşqulanmağa dəyməz: Hacıbala kimdir o boyda pulları mənimsəyə bilsin – pişiyi bir yana, onun  özünü ağaca dırmaşdırarlar!

Rəhim Qazıyev “müraciətini” belə bitirirdi: “Mən bütün ziyalıları, siyasi liderləri, ictimai xadimləri də bu müraciətə qoşulmağa dəvət edirəm”. Çox gözəl, ancaq… daşdan səs çıxdı, sözügedən kimsələrdən səs çıxmadı. Ordan-burdan asta-asta Rəhim Qaziyevi pisləmə-yamanlama səsləri eşidildi. Yaxşı, deyək, Rəhim Qaziyev pis adamdı, lap pisin pisidir, pisin pisi yox e, dünyanın ən pisidir. Olsun. Ancaq, Allahı da ara yerdə görmək gərəkdir. Axı, bu adam keşişə, mollaya söymür, ya da bir çoxları kimi bu milləti zəlil günə qoyanları öymür: millətin dərdinə dərman diləyir! Millət kim, millət nə, millət…

Ayaz Mütəllibovu danışdırmamaq…

Kimlərsə Rusiya ilə bağlı keçmiş prezident Ayaz Mütəllibovu danışdırıblar. Bir çox başqa danışdıqları kimi bu adam danışığıyla, çox yumşaq desək, danışmalı olmadığını bir daha göstərib. O, Azərbaycanı iki yüz ildən bəri dönə-dönə parçalayan, ölkəmizi parçalayıb balacalaşdırmaqla “Böyük Ermənistan” yaradan, sonadək bu iyrənc, aqressor yaradıcılığına bağlı qalacağı açıq görünən Rusiyanı, ən başlıcası, Putin Rusiyasını yenidən Azərbaycanın ağası görmək istəyir. Rusiyanın yaratdığı Azərbaycan boyda ŞƏHIDLIKDƏN sonra belə düşüncələrdə bulunmağın bir adı var: dönüklük! Onun danışığında özünü böyük siyasətçi kimi göstərmək görsənişi var: yaşa, bioqrafiya göstəricilərinə yaraşmayan yersiz görsəniş…