Daha bir hüquq müdafiəçisi tutuldu

O, «zorla pul tələb etməkdə» şübhəli bilinir

Çərşənbə axşamı Salyanda “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə o, Salyan rayon polisindən “Turan”a telefonla məlumat verməyə müvəffəq olub. Bundan sonra Məmmədovun telefonu söndürülüb.

Aprelin 17-də QHT-nin digər bir fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. O, təzyiq altında Məmmədova böhtan atıb və müstəqil vəkildən imtina edib.

Bunun müqabilində onu azad etməyi vəd ediblər, lakin ifadə verdikdən sonra məhkəmə Qasımov barəsində həbs qətimkan tədbiri seçib.

Bundan sonra Məmmədovu dəfələrlə Salyan polisinə çağırıblar, burada müxtəlif rayon idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərləri ona qarşı guya Internetdə nüfuzdan salan materiallar dərc etməməsi üçün onlardan pul tələb edib. “Üzləşdirmələr” zamanı rayon məmurları onu “ABŞ səfirliyinin qrantları ilə düşmənçilik fəaliyyətində” ittiham ediblər. Lakin bu ifadələr istintaq tədbirləri protokollarında əksini tapmayıb.

Bu barədə “Turan”a bir müddət əvvəl Məmmədov özü bildirib. O, bu ittihamları uydurma adlandırıb. 

“Demokratiyaya yardım” QHT cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Qurumun rəhbəri E.Məmmədov dəfələrlə rayon hakimiyyəti strukturlarında korrupsiya faktlarını açıqlayıb, həmçinin yerli sakinlərin hüquqlarının müdafiəsinə qalxıb. QHT hasilat sənayesində vətəndaş nəzarəti şəbəkəsinin bir sıra layihələsində iştirak edib. Bütün bunlar hakimiyyəti çox qıcıqlandırıb və fəala qarşı təqib kampaniyası başlayıb. O, dövlət əleyhinə fəaliyyətdə ittiham olunur.

 

Emil Məmmədov ziyalı, yüksək mənəviyyat sahibidir. Onun fəaliyyəti sayəsində yod zavodunun administrasiyası ilə Neftçala yerli icması arasında ətraf mühitin qorunmasına, Salyanda neft mədəni ilə yerli icma arasında yerli infrastrukturun və ekologiyanın inkişafına dair sazişlər bağlanıb, Bakı-Ələt yolunun inşası zamanı yerli neftçilərin, işçilərin hüquqları müdafiə edilib. Bakı-Ələt yolunun inşası zamanı aşkar edilmiş bardaq şəklində qədim arxeoloji tapıntıların fəhlələr tərəfindən məhv edilməsinin qarşısı E.Məmmədovun sayəsində alınıb və Milli Elmlər Akademiyasına verilib. E.Məmmədov 2010-cu il Salyan rayonunda baş vermiş daşqınların nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayıb. Onun icra hakimiyyəti ilə əməkdaşlığı sayəsində çoxlu problemlər, əsasən kompensasiyaların verilməsi, sakinlərin evlə təmin olunması, Kür çayı məcrasının təhlükəsizliyi kimi məsələlər həllini tapıb.