“Bəşər Əsəd simasızdır”

Ərdoğan: “Bəşər Əsəd, sən hansı üzlə seçki keçirəcəksən?”

“Qərb dövlətləri Türkiyəni qarışdırmaqdansa, Suriyada baş verənlərin qarşısını alsın”. Bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib. Ərdoğan çıxışında Suriya prezidenti Bəşər Əsədin yenidən prezident olmaq arzusundan da danışıb. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyada 4 ildir qan su yerinə axır: “200 min insan ölüb, səsləri çıxırmı? Hələ də bir müdaxilə edilibmi? Tam əksinə olaraq, orada qatil bir hökumət dəstəklənir. İndi də öz-özünə prezident olmağa hazırlaşır. Hansı üzlə, kimin qarşısında seçki keçirəcəksən? ”. 

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin üzərində əməliyyat aparmaq istəyən qüvvələr qarşılarında çökmüş bir ölkənin dayanmadığını yəqin etməlidirlər. Xatırladaq ki, Suriyada döyüşlərə qatılanların qarşısını almaq üçün Azərbaycanın Milli Məclisi də qanunları sərtləşdirib. 

Döyüşlərə qatılanlar əvvəl 8 ilədək azadlıqdan məhrum edilirdilərsə, bundan sonra cəzaların müddəti daha da artırılıb. Ümumiyyətlə, Suriyada münaqişənin dərinləşməsi təkcə Azərbaycanı deyil, bütün region ölkələri üçün ciddi narahatçılıqlara səbəb olub.