“Qarabağı xalqın hakimiyyəti qaytara bilər”

Əli Kərimli: «Ordu cəmiyyətin bir parçasıdır, bu qədər problemləri olan dövlətin ordusu güclü ola bilməz»

“20 illik atəşkəs rejimindən səmərəli istifadə oluna bilərdi, buna böyük şans vardı, təəssüf ki, imkan əldən buraxılıb” – AXCP sədri Əli Kərimli “Media forum” saytına belə deyib. Partiya liderinin fikrincə, ölkəyə böyük həcmdə neft pullarının daxil olması işğal altındakı torpaqların azad edilməsi üçün səmərəli fəaliyyət göstərməyə zəmin yaradırdı:

“Azərbaycan ordusunu müasir döyüş qabiliyyəti və bacarığı olan orduya çevirmək, iqtisadiyyatın neftdən asılılığını azaltmaq, rəqabət qabiliyyətli bazar iqtisadiyyatı yaratmaq, gücləndirmək olardı. Ordu güclü iqtisadiyyat və təkmil siyasi sistemlə birlikdə elə bir gücə çevrilərdi ki, düşmən tərəfinin bu reallıqla barışmaqdan başqa variantı qalmazdı. Belə olsaydı, indi biz atəşkəsin əldə olunmasının ildönümündən deyil, torpaqlarımızın azad olunmasından danışardıq. Amma hökumət bu şansdan istifadə etmədi.

Ordu quruculuğu ilə bağlı qeyri-müəyyənlik hələ də qalır, həm NATO standartlarından istifadə olunur, alyansla tərəfdaşlıq yaradılır, həm də ordu Rusiya silahları ilə təchiz edilir. Bütövlükdə ordu quruculuğunun konsepsiyası aydın deyil, burada qeyri-müəyyənlik var. Ölkədə həyata keçirilən neqativ siyasət orduya da sirayət edir. Ordu cəmiyyətin bir parçasıdır və bu qədər problemləri olan dövlətin ordusu tam güclü ola bilməz.

Buna baxmayaraq Azərbaycanda çox peşəkar hərbçilər, döyüşə tam hazır olan hərbi hissələr var. Azərbaycanın müdafiə qabiliyyətinin çox aşağı olduğunu demək olmaz, amma ölkədəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq, intizamsızlıq, vətənpərvər insanlara qarşı aparılan mənəvi terror mühiti, müharibədə döyüşmüş insanlara lazımi qayğı göstərilməməsi ordudakı ab-havaya mənfi təsir edir. Ölkə daxilində siyasi qarşıdurmanın səngiməməsi, artan xətlə getməsi, hökumətin vətəndaş həmrəyliyinə cəhd göstərməməsi ordunun müdafiə və döyüş qabiliyyətini aşağı salır”.

Bundan sonra görülməli vacib işlərə gəlincə, Əli Kərimli deyib ki, hökumətin bu sahədə ciddi dönüş yaradacağını gözləmir: “Biz bir şeyi bilməliyik ki, ordunun müdafiə qabiliyyətini gücləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, sosial problemləri aradan qaldırmaq, Qarabağı işğaldan azad etmək üçün Azərbaycanda xalqın seçdiyi, xalq qarşısında məsuliyyət daşıyan, vətəndaşlara xidməti özünə borc bilən hakimiyyət olmalıdır, belə bir iqtidarın yaradılması mexanizmi formalaşdırılmalıdır”.