«Avropa təminat verməsə, Rusiya Azərbaycanda Ukraynadan da artıq tədbirlər görə bilər»
Vəfa Quluzadə: «Rusiyanın Azərbaycanda hakimiyyəti dəyişmək və canişinini iqtidara gətirmək planı ola bilər»
Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri bir sıra suallar doğurmamış deyil. Çünki səfər regionda ciddi proseslərin cərəyan etdiyi zamana təsadüf edir. Digər bir tərəfdən isə Fransanın üzvü olduğu Avropa Birliyi ilə Rusiya arasında münasibətlər artıq kritik həddə çatmaqdadır. Bütün bu məqamlarla yanaşı, Ollandın Cənubi Qafqaza səfəri zamanı ilk ölkə kimi məhz Azərbaycanı seçməsi maraq doğurur. Bəs bu səfərin pərdəarxası məqamları nədən ibarətdir? Bu və gündəmdə olan digər sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq:
– İndiyə kimi Qərb Cənubi Qafqaz ölkələrinə, xüsusilə Azərbaycan və Gürcüstana lazımı dəstəyi verməyib. Hazırda isə Ukrayna hadisələrindən sonra Qərb qərara gəlib ki, Azərbaycanı dəstəkləsin. Eyni zamanda Qərb çox arzu edərdi ki, Ermənistana təsir edə bilsin. Nəticədə Ermənistanda regionun normal əməkdaşlıq edə bilən dövlətinə çevrilsin. Eyni zamanda hesab edirəm ki, bu səfər Qarabağ problemini həll etməyə istiqamətlənən ciddi bir addımdır. Çünki Fransa kimi dövlətin prezidenti səfərinə məhz Azərbaycanda başlayıb. Əslində bu təsdiq edir ki, Qərb Azərbaycana böyük önəm verir. Ümidvaram ki, Fransa prezidentinin Azərbaycana səfərinin nəticəsi müsbət olacaqdır və bu səfər Qarabağ məsələsinin həllinə müsbət təsir edəcək. Bu səfərin eyni zamanda Azərbaycanı Rusiya təcavüzündən qorumağa müvəffəq olacağına inanıram. Çünki Azərbaycana qarşı müxtəlif hədələr gəlir. Bəzi analitiklər deyir ki, Ukraynadan sonra növbə Azərbaycanındır, Azərbaycandakı «5-ci kalon» Rusiya meilli bəyanatlar səsləndirir. Bu tip açıqlamalar Qərbi narahat etməlidir. Ona görə Ollandın səfəri olduqca əhəmiyyətli hadisədir. Düşünürəm ki, bu səfərdən sonra konkret addımlar atılmalıdır. Azərbaycanın, Gürcüstanın və Ermənistanın Rusiya təsirindən qorumaq üçün Qərb tədbirlər görməlidir. Ermənistan tam formada Rusiyanın təsiri altındadır. Azərbaycanla, Gürcüstan isə ərazi bütövlüklərini itiriblər. Bütün bu məsələləri Qərb nəzərə almalıdır. Uzun müddətdir ki, Azərbaycan mətbuatı, ictimaiyyəti baş verənləri qabardır.
«Regionda sülh Rusiyanın təsirini sıfra endirir»
– Bu arada Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflər səsləndi. Ollandın da səfəri bu təkliflərin səsləndiyi dövrə təsadüf edir. Ollandın səfər zamanı səsləndirdiyi bir fikir də maraq doğurur. O, bildirib ki, Avropa Birliyi və Fransa Azərbaycanın ərazi bütövlüyünü yüksək qiymətləndirir və dəstəkləyir. Bu bəyanatı necə dəyərləndirmək olar?
– Bu bəyanat çox yüksək qiymətləndirilməlidir. Ukraynanın Krımı işğal olunandan sonra Qərb ərazi bütövlüyü məsələlərinə daha ciddi yanaşır. Əvvəllər bəyan olunurdu ki, Azərbaycanla Ermənistan getsin məsələni nə cür istəyir həll etsin, biz istənilən həll variantı ilə razı olacağıq. Amma indi ərazi bütövlüyü məsələsi birinci sətrə çıxır. Gəlin, geosiyasi məsələləri kənara qoyaq. Sülhdə həm Azərbaycan, həm də Ermənistan olduqca maraqlıdır. Azərbaycan istənilən addımları atıb. 99-cu ili yada salaq. Azərbaycan hər cür sülhə razı idi. Ermənistan da sülh imzalamağa razılığını vermişdi. Amma Qarabağ məsələsi Ermənistan parlamenti gülləbaran edildikdən sonra gündəlikdən çıxarıldı. Baş verənlər ona misaldır ki, ermənilər sülh istəyir. Amma sülhə doğru addım atan zaman ya prezidentləri işdən qovulur, ya da parlamentləri gülləbaran edilir. Görək, indi Olland bu tendensiyaya necə təsir edə bilər. Mən istərdim ki, Ermənistanın Rusiyadan müdafiəsi ilə bağlı xüsusi plan hazırlansın. Çünki Ermənistanı sülh imzalamağa qoymurlar. Ollan Ermənistanda olan zaman mütləq onlarla müzaikrə etməlidir ki, biz nə edək ki, siz Rusiyadan qorxmayaraq sülhə imza ata biləsiniz. Çünki sülhün necə olması, hansı detalların bizim, hansı detalların isə Ermənistanın xeyrinə olması müzakirə predmeti deyil. Ermənistana da Azərbaycana da sülh lazımdır. Regionda sülhün imzalanması Rusiyanın bölgəyə təsirini heçə endirir.
– Bu səfərin Ukrayna ilə bağlı olduğunu bildirdiniz. Qərb Azərbaycandan nə istəyir? Azərbaycan hansı mövqeyi sərgiləməlidir?
– Hazırda Rusiyanın da, Qərbin də Azərbaycandan nə istəməsi göz önündədir. Rusiya Azərbaycandan birmənalı sürətdə Qərblə əlaqələri kəsərək, Gömrük İttifaqına daxil olmağı istəyir. Rusiya Azərbaycanın Qərblə Gömrük İttifaqının üzvü kimi əlaqələr qurmasını istəyir. Qərbin istəyi isə ondan ibarətdir ki, Azərbaycanın ərazisi strateji əhəmiyyət daşıyır. Azərbaycan Qərbə Rusiyanın enerji aslılığından xilas olmaq üçün kömək etməlidir. Bu isə o deməkdir ki, Azərbaycanın nefti və qazı birbaşa Avropanın təhlükəsizliyinə xidmət etmiş olacaq. Amma bu olduqca təhlükəli məsələdir. Bu siyasətə görə Azərbaycan Qərbdən təminatlar almalıdır. Çünki bu siyasətə görə Rusiya Azərbaycan barəsində Ukraynadan da artıq tədbirlər görə bilər. Rusiya Ukraynaya özü müdaxilə etməyə məcbur oldu. Amma Azərbaycan məsələsində Rusiya Ermənistanın xidmətindən istifadə edə bilər. Gürcüstana da Rusiya özü müdaxilə etdi və Abxaziya, Osetiyanı işğal etdiyinə görə heç bir cəza almadı. Azərbaycanla isə Rusiya daha asan davrana bilər. Çünki Ermənistanla Azərbaycan müharibə şəraitindədir. Rusiyanın təhriki ilə Ermənistan yenidən müharibəyə başlayır və Azərbaycan yeni torpaqlarını itirir. Rusiyanın belə bir planı ola bilər. Bu isə Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Rusiya güc yolu ilə Azərbaycanda da şərqi Ukraynadakı referendumdan keçirərək özünün canişini iqtidara gətirə bilər. Meydanda bu cür təhlükələr var. Ona görə Qərb regionda durumu düzgün dəyərləndirərək, üç ölkənin Avropa ilə əməkdaşlığa getmələri üçün prinsipial qərarlar qəbul etməlidir.
«İnsan haqları ilə bağlı durum dəyişə bilər»
– Fransa prezidentinin Azərbaycana səfəri birmənalı dəyərləndirilmirdi. Hətta Fransanın məhşur internet portallarından biri bu səfəri «minalanmış sahədə gəzinti adlandırmışdı». Rusiyanın bu səfərə və regionda Qərbin aktivləşmək təşəbbüsünə reaksiyası necə olacaq?
– Rusiya Ukrayna böhranından çıxmamış yeni bir münaqişəyə girişən deyil. Buna çətin inanmaq olar. Ona görə Rusiyanın Cənubi Qafqazda yeni böhran yaradacağı inandırıcı deyil. Çünki Cənubi Qafqazdakı böhran Azərbaycan-Ermənistan qarşıdurması müstəvisində olmayacaq. Türkiyə də bu böhranın iştirakçısı olacaq. Bu yaxınlarda Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycanın dövlət başçılarının görüşü oldu. Üç prezidentin məsləhətləşmələri əlbəttə ki, Rusiyanın əleyhinə yönəlmişdi. Bu baxımdan Türkiyənin də Rusiyanın yarada biləcəyi böhrana müdaxilə edəcəyini gözləmək olar. Nəzərə almaq lazımdır ki, Türkiyənin əlində Rusiyaya təsir etmək imkanı daha çoxdur. Türkiyə boğazlarını rus gəmilərinə bağlaya bilər. Hətta proseslər gərginləşərsə Türkiyə Azərbaycanı müdafiə edərək bizim tərəfimizdə Rusiyaya qarşı döyüşə də bilər.
– Fransa prezidentinin səfəri zamanı diqqət çəkən məqamlardan biri də Franss-pres Agentliyinin dövlət başçılarına Leyla Yunus və Rauf Mirqədirovla bağlı sual ünvanlaması oldu. İlham Əliyev suala cavabında Azərbaycanın daxili və xarici siyasətinə müdaxilənin yolverilməz olduğunu deydi. Fransa prezidenti isə insan haqları məsələsini görüşləri zamanı müzakirə etdiklərini nəzərə çatdırdı. Səfərdən bu istiqamətdə nəsə gözləməyə dəyərmi?
– Hesab edirəm ki, Azərbaycan rəhbərliyi daxili siyasətinə qarşımağa dözmək fikrində deyil. Amma Fransa kimi bir dövlətin Azərbaycan rəhbərliyi və ölkə üçün böyük əhəmiyyəti nəzərə alınaraq, hesab edirəm ki, bu danışıqlar müsbət nəticə verəcək.
«Azərbaycan Rusiyanı atəşkəsi imzalamağa məcbur etdi»
– Atəşkəs 20 ildir ki, davam edir. Atəşkəs imzalanan zaman əsas arqument bu idi ki, atəşkəs dünyadakı vəziyyəti Azərbaycanın xeyrinə dəyişməyə və ordunun güclənməsinə xidmət edir. Atəşkəs müddətini Azərbaycan üçün necə qiymətləndirmək olar? İtki və qazanclarımız nədən ibarət oldu?
– Atəşkəs Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində baş tutdu. Əgər Azərbaycan əsgəri dirəniş göstərməsəydi, Rusiyanın hücumlarına dirəniş göstərməsəydi, onları itkiyə məruz qoymasaydı, durum başqa cür ola bilərdi. Azərbaycanın Qərblə əlaqələri məhz atəşkəsdən sonra gücləndi. Əgər Azərbaycanın döyüşərək torpaqları azad etmək imkanı olsaydı, mən atəşkəsin imzalanmasını təqdir etməzdim. Amma belə imkanlar yox idi. Əslində Azərbaycan Rusiyanı atəşkəsi imzalamağa məcbur etdi. Çünki Rusiya görürdü ki, döyüşlər davam etsə, Ermənistan ağır duruma düşə bilər. Bu zaman gərək Rusiya özü proseslərə müdaxilə edərək açıq döyüşlərə girəydi. Rusiya bu addımı atardı. Çünki Rusiyanın heç nədən çəkinəcəyi yoxdur. Əsas məqamlardan biri də budur ki, atəşkəsə nail olan zaman Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttinə əlavə güclərin yerləşdirilməsinə ehtiyac olmadı. Rusiya təmas xəttinə öz qoşunlarını yerləşdirmək istəyirdi. Amma Azərbaycan və Ermənistan atəşkəsi özü təmin etdi. Bu onu sübut edir ki, Ermənistanla Azərbaycan müharibədə yox, sülhdə maraqlıdır.
– Atəşkəsin bundan sonra davam etməsi Azərbaycanın maraqlarına uyğundurmu?
– Artıq Qarabağ problemi beynəlxalq məsələyə çevrilib. Qarabağ problemi Rusiya-Qərb qarşıdurmasından asılıdır. Rusiya təcavüzkarlığına görə, cəzasını alsa, o zaman Qarabağ problemi müsbət həll oluna bilər. Yox əgər Qərb Ukraynanın işğalından sonra Rusiyanın əlini sıxaraq, əməkdaşlığı davam etdirəcəksə, o zaman nə Qarabağ problemi həll olunacaq, nə də Rusiyanın təcavüzkarlığının qarşısı alınacaq.
Qərb Putinə qarşı siyasətini dəyişməlidir
– Rusiyanın Ukraynadakı siyasəti davam etməkdədir. Ölkə faktiki iki yerə bölünüb. Əksər ekspertlər Rusiyanın bu siyasətinin ölkəni uçuruma apardığı bəyan olunsa da, hələ ki, Kreml «parçala və hökm sür» siyasətini uğurla davam etdirir. Bu proseslərin davamın necə görürsünüz. Rusiyanın işğalçı siyasətinə dur deyən olacaqmı?
– Rusiyada daxili vəziyyət olduqca canıcaqlıdır. Rusiyada Putinə iki mövqedən hücum var. Bir mövqe liberallardan gəlir. Liberalları orta və ziyalı təbəqə dəstəkləyir. Bunlar Putini tənqid etsə də ona real təhlükə deyillər. İkinci təhlükə Rusiya millətçilərindən gəlir. Bu sıraya həm ordu, həm də xüsusi xidmət orqanları da daxildir. Putin üçün əsas real təhlükə məhz buradan gəlir. Putin Krımı işğal etməklə rus milləçilərinin təhlükəsinı aradan götürdü. Qərb hazırda çətin durumdadır. Qərb bilmir hazırda ona Putinin hakimiyyətdən getməsi və yerinə hərbi xuntanın gəlməsi sərf edir, yoxsa elə Putinin hakimiyyətinə davam etməsi. Qərb Putinə qarşı siyasətini dəyişməlidir. Qərb Putinlə sanksiyalar yolu ilə dil tapa bilmirsə, o zaman daha sərt addımlar atmalıdır.
Xəyal