
Qurumun keçmiş işçisi müdirin ona əxlaqsız təklif etdiyini, müdir isə ittihamın əsassız olduğunu deyir
Gəncə Qaz Istismarı Idarəsinin keçmiş işçisi Mina Mirzəyeva qurumun müdiri Rauf Qasımova qarşı ilginc ittiham irəli sürüb. Mina Mirzəyeva moderator.az saytına açıqlamasında deyib ki, Rauf Qasımov ona əxlaqsız təkliflər edib. Müdir deyib ki, bunun müqabilində ona və ailə üzvlərinə maddi cəhətdən köməklik edəcək.
Mina Mirzəyeva təklifi qəbul etməyib. Şikayətçinin sözlərinə görə, bu halda Rauf Qasımov “ya mənimlə intim əlaqədə olmalısan, ya da ki, səni ”maddə” ilə işdən qovacam” deyərək onu hədələyib. Mina Mirzəyeva deyir ki, müdirin təklifini qəbul etmədiyinə görə işdən qovulub.
Şikayətçi deyib ki, Rauf Qasımov əvvəllər Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarında çalışıb. Bu cür hərəkətlərinə görə, işdən çıxarılıb. Mina Mirzəyeva yuxarı orqanlardan Rauf Qasımov barədə tədbir görməsini xahiş edib.
Rauf Qasımov isə “Azadlıq”a açıqlamasında Mina Mirzəyevanın dediklərini təkzib edib: “O, öz ərizəsilə işdən çıxıb. Hətta bununla bağlı ayrıca izahat da yazıb. Lakin iş tapmadığına görə yenidən qaz idarəsinə qayıdıb. Bu zaman ona bildirilib ki, yer yoxdur. O da başlayıb mənim haqqımda böhtanlar yazmağa. Mən bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişəm. Həmçinin prokurorluq bu işi araşdırır”.


