Kəmalə Bənənyarlı həbsdən “Azadlıq”a yazdı

Salam “Azadlıq” qəzeti və azadlıqsevər bütün insanlar!

Ə.Elçibəy deyirdi: Azadlıq istəyirsənsə, döyüləcəksən də, söyüləcəksən də, başın da yarılacaq.  Mən də döyüldüm, söyüldüm, başımdan ciddi zərbə aldım. Və bir zamanlar Ə.Elçibəyin məhbus olduğu bir həbsxanada məhbusam. 30 gün yox, bilsəm ki, mənə 30 il oxunacaq, getdiyim yoldan dönmərəm. 

Burada karandaş  qadağandır, nə qədər istəsəm də vermirlər. Bunu nömrə qeyd edəndə unudublar və mən sizə dostcasına məktub yazmaq üçün gizlətmişəm))

Bu gün (9 may) Elçin Behbudov da qəfildən otağıma gəldi. Mənim başım dəhşət ağrıyırdı. Başımı möhkəm sarıyaraq yatmışdım.  Mən olanları danışdım, gətirilən gün başımdakı şişi qeyd etdiklərini dedim. Ancaq akt gələn zaman sonradan bildim ki, aktı dəyişiblər, hətta mənə çağırılan təcili yardımın verdiyi ağrıkəsiçini və qusma əleyhinə vurulan iynəni kitabçada guya miqrendən başım ağrıyır kimi yazıblar. Saxtakar hakimiyyətin də saxtakar “zəhmətkeşləri” olur.

Hər şey Allaha agahdır. Bu gün də qusma və baş ağrılarım çoxdur.

Qorxulu işlər nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadənin “Mediaforum” saytına açıqlamasını oxudum. “Mediaforum” saytından xahiş edirəm mənim Orxan Mənsurzadəyə cavabımı da ictimaiyyətə çatdırsın. Mənim vəkilimin dedikləri mənim sözlərimdir. Bəli, mənim hüquqlarım pozulub, işgəncəyə məruz qalmışam. Orxan Mənsurzadə deyir ki, guya vəkillər hay-küy salmaqla ictimai diqqəti mənə yönəltmək istəyir. Mən burdan çıxanda nəinki ictimai diqqəti, hətta beynəlxalq diqqəti sizlərə yönəldəcəm, bu cinayəti ört-basdır etməyinizin hesabını soracam.

Bəli, mayın 7-də mən Binəqədi təcridxanasına yerləşdiriləndə başımdakı şişi burada mənim bədənimi yoxlayan qadına göstərmişəm, o növbədə olan işçiyə başla boynumun arasında şiş olduğunu deyib. Mən bunu akta yazdırdım, məni gətirən 2 nəfər qol çəkməyə qorxdu, qəbul edən adam özü qol çəkdi. Bu gün mənə göstərilən akt isə həmin akt deyildi, akt dəyişdirilərək yerinə saxta akt qoyulub. Daha sonra Orxan Mənsurzadə deyir ki, guya vəkilim Əsabəli Mustafayev polisdə adamların döyülməsini deməklə, ictimai rəyi çaşdırır.

Orxan Mənsurzadə! Elə dünən yanımda bir qadın vardı, ona əxlaqsızlıq təklif edən polisin paqonunu qopardığı üçün 15 sutka vermişdilər. Həmin qadın deyirdi ki, Nəsimi polis idarəsinin 22-ci bölməsinin rəisi ona şillə vurub, söyüb. Qadın deyirdi ki, zərbədən qulaqlarım tutulub. Bu da yalandır?

Mandat oğrusu Gülər Əhmədovaya humanistlik göstərən İlham Əliyev bilir ki, qarşıdan parlament seçkiləri gəlir, yığım faizi aşağı düşüb, Gülər Əhmədova ona lazımdır. 

Mən türk qızıyam. Azərbaycan qadınıyam. İlham Əliyev, bir türk qızı əsla əyilməz!~ 30 gün nədir ki, güllələnmə hökmü belə məni sənin önündə əydirə bilməz!

Ölkəni müstəmləkəyə çevirmisən. Qəbələ Kəmaləddinin, İsmayıllı, Şəki, Oğuz Ziyanın, Naxçıvan Vasifin.

Mən sənin müstəmləkəçiliyinə, diktaturana qarşı mübarizə apardsığım üçün  sən mənə nifrət edirsən, eyni nifrəti mən sənə edirəm!

Mən Azərbaycanda milli dəyərlərin, ictimai ədalətin bərpa olacağı günə qədər səninlə mübarizə aparacağam.

İmkanın olsa, ayıl, gözlərini aç və dünyada gedən prosesləri izlə!

Bunu da deyim, sabah sənin atanın doğum günüdür. Bizə nə?!

Milyardlarla pulu gülə xərcləyən prezident! Sənin nazirini demirəm, hələ deputatının itinə verdiyi yeməyi, mənim millətimin cocukları yeyə bilmir!

 Binəqədi müvəqqəti təcridxanasından sonsuz nifrətimlə yazdım bu məktubumu. İndi karandaşımı harda gizlədəcəyimi düşünürəm…

Hüquq müdafiəçisi Kəmalə Bənəniyarlı, 9 may 2014