«Commonspace.eu»: «Artıq Azərbaycan hökumətinin özünün ciddi narahat olmasının vaxtıdır»
Azərbaycanda insan hüquq və azadlıqlarının acınacaqlı durumuna Qərb dövlətlərinin, beynəlxalq təşkilatların verdiyi qeyri-adekvat reaksiyaların, “narahatıq” məzmunlu bəyanatların ölkəmizdə istehza ilə qarşılandığını, lağ obyektinə çevrildiyini artıq avropalıların özləri də başa düşür.
Avropa Birliyi tərəfindən maliyyələşdirilən “commonspace.eu” saytı bu mövzuda yaydığı məqalə ilə bunu bir daha Qərb siyasətçilərinin nəzərinə çatdırıb.
Məqalənin tərcüməsini təqdim edirik:
***
Onlar nə dərəcədə narahatdır? Azərbaycandakı fəallar sosial şəbəkələrdə avropalı liderlərin ölkədə insan haqlarının acınacaqlı durumu ilə əlaqədar bu yaxınlarda səsləndirdikləri bəyanatları ələ salırdılar.
Azərbaycan hökuməti bundan ciddi şəkildə narahat olmalıdırmı?
Son bir neçə gündə Azərbaycan Avropanın bir sıra siyasətçiləri və dövlət xadimləri tərəfindən tənqid olunur. Buna səbəb isə ölkədə insan haqlarının durumunun pisləşməsi, xüsusən fəalların həbsi və istintaqa cəlb olunmasıdır. Tənqidlər Azərbaycanın mayın 14-də Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ələ alması ərəfəsinə təsadüf edir. Avropa Şurası bu qitədə insan hüquqlarının qorunmasına nəzarət baxımından əsas institut hesab olunur.
Bugünlərdə Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton və genişlənmə məsələləri üzrə komissar Ştefan Füle birgə bəyanatla çıxış etdi. Ali nümayəndə və komissar aprelin 19-da Rauf Mirqədirovun həbsi, 29-da isə tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusların istintaqa cəlb olunaraq, dindirilməsindən dərin narahatlığını bildirir. Onlar qeyd edir ki, son həftələrdə Azərbaycan hakimiyyətinin atdığı addımlar insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyi uğrunda mübarizə aparan, konfliktlərin həlli və barışıq üçün vacib komponent olan dialoqun yaranmasına çalışan vətəndaş cəmiyyəti fəallarına qarşı yönəlib. Məhz bunlar Avropa Birliyinin regiondakı siyasətinin əsasında dayanan məsələlərdir: “Avropa Birliyi təkidlə Azərbaycan hökumətini Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieksin tövsiyələrini yerinə yetirməyə çağırır”.
Lakin bu bəyanatdan cəmi bir neçə saat sonra Azərbaycanda məhkəmə bir neçə gənc fəalı ötən il keçirilmiş dinc nümayişlərin təşkilinə görə uzunmüddətli həbs cəzasına məhkum etdi. Bu da növbəti reaksiyalara səbəb oldu. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bəyanatında deyilir: “Mən ”NIDA” Vətəndaş Hərəkatının 8 üzvünə verilən 6-8 illik həbs cəzasından dərin narahatlığımı bildirirəm. Biz bu iş üzrə məhkəmə prosesini əvvəldən axıra qədər izləmişik. Xarici işlər nazirimiz də ötən ilin dekabrında Bakıya səfəri zamanı keçirdiyi görüşlərdə NIDA üzvlərinin həbsindən narahatdığını çatdırmışdı.
Mən xüsusilə, kütləvi iğtişaşlar hazırlamağa cəhd, partlayıcı maddələr və narkotik əldə edib saxlamaqda günahlandırılan bu gənclərlə bağlı məhkəmə prosesindəki çatışmazlıqlardan narahatam. Böyük Britaniya bundan sonra da Azərbaycanda siyasi motivli həbslər tendensiyasıyla bağlı narahatlığını ifadə etməkdə davam edəcək”.
Azərbaycan hökuməti isə ünvanına səslənən ittihamları rədd edir, Eşton və Fülenin bəyanatını “tamamilə qəbuledilməz” adlandırır.
Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev sözügedən bəyanatla bağlı bunları deyib: “Avropa Birliyinin ali nümayəndəsi və qonşuluq siyasəti üzrə komissarının birgə bəyanatı siyasi xarakter daşıyır, reallığı əks etdirmir, həmçinin Rauf Mirqədirovun barəsindəki cinayət işi və bu işin istintaqına Leyla və Arif Yunusun dəvət olunmasının əsl mahiyyətini təhrif etmək cəhdidir”.
O, qeyd edib ki, Baş Prokurorluqda başlanmış cinayət işinin Mirqədirovun jurnalist, Leyla və Arif Yunusun ictimai fəaliyyətinə heç bir aidiyyəti yoxdur: “Istintaq davam etdiyi bir vaxtda hansısa rəy bildirmək, siyasi motivli bəyanat vermək istintaqa müdaxilə və təzyiqdən başqa bir şey deyil. Bu, qanunun aliliyi baxımından da tamamilə yolverilməzdir. Məlum olduğu kimi, Azərbaycan həmişə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu dəstəkləyib. Biz inanırıq ki, icmalar arasında dialoq qarşılıqlı anlaşma və etimad formalaşması baxımından sülh prosesinə öz töhfəsini verə bilər”.
Eyni zamanda, Azərbaycanın hüquq müdafiəçiləri sosial şəbəkələrdə avropalı məmur və siyasətçilərin Azərbaycanda insan hüquq və azadlıqları sahəsindəki acınacaqlı vəziyyətə adekvat olmayan bəyanatlarını ələ salmağa başlayıblar.
“Commonspace.eu”nun siyasi məsələlər üzrə redaktoru deyir:
“Heç bir şübhə yoxdur ki, rəsmi bəyanatlarda tez-tez istifadə olunan ”maraqlıyıq”, “narahatıq” ifadələri onların əhəmiyyətini azaldır. Bu bəyanatlar ekspromt olmur. Bu bəyanatlar onları yayan hökumətlər, təşkilatlar tərəfindən Azərbaycandakı vəziyyətin tam təhlilinin nəticəsi olaraq verilir. Belə bəyanatların nəticəsi sonrakı mərhələdə Azərbaycan hökumətinə münasibətdə ən müxtəlif sahələrdə özünü göstərəcək. Nəticələr isə təkcə Azərbaycanın imicilə məhdudlaşmayacaq. Daha ciddi nəticələr olacaq. Bəlkə elə Azərbaycan hökumətinin özünün ciddi narahat olmasının vaxtıdır”.