“Putin sizə şprisdə morfi verib”

Tanınmış yazıçı və jurnalist Dmitri Qluxovski rusiyalı jurnalistləri qatil adlandırdı

«Bəlkə də xüsusi təyinatlılar heç kimi öldürməyib. Amma sizlər öldürdünüz…»

Ukraynada baş verən hadisələrlə bağlı Rusiya telekanallarının, hakimiyyətyönlü mətbuatın təbliğatı artıq yerli ictimaiyyətin nümayəndələrinin də narazılığı ilə qarşılanır. Rusiyalı tanınmış yazıçı və jurnalist Dmitri Qluxovski məqalələrinin birində məhz bu mövzuya toxunub. Məqaləni qısa ixtisarla təqdim edirik:

“Bütün hazırkı situasiyada mənim üçün ən böyük təəccüb kütləvi informasiya vasitələrimizin cəhdi, yox, bəlkə də ani heyvana dönməsi oldu. Hələ dünən özünü jurnalist kimi təqdim edənlərin hamısı bu gün bu azğın, primitiv, qəzəbli təbliğatla məşğuldur. 

“Vesti” və “Birinci kanal”da boyanmış gözəlçələr yalan danışır

Bizim televiziya – deşilmiş irinli yara kimidir. Vaxtilə sevdiyim “Qazeta” və “Lenta” – şüşə gözlü, boş müqqəvalardır. Ölkədə heç bir jurnalistika qalmayıb. Adi, anlaqlı görünən adamlar hər şeyi unudub və ancaq yalan danışır, yalan danışır, yalan danışır! “Vesti” və “Birinci kanal”da boyanmış gözəlçələr yalan danışır, redaktorlar hər xırda məsələdə yalan uydurur, baş redaktorlar isə böyük yalanlar danışır. 

Maraqlıdır, bu onlarda necə alınır? Belə baxanda iki ay əvvəl normal adamlar idilər… Axı bu gün belə var qüvvəsi ilə, şövqlə yalan danışanlar bir aya bu qədər dəyişə bilməzdi. 

Şərəfsizliyə görə “Şərəf” ordeni…

Məlumdur ki, yaranan şəraitə görə yalan danışmalı və alçaqlıq etməli olan adam var gücü ilə uyğunsuzluqdan qaçmağa çalışır, bütün qüvvəsini özünə bəraət qazanmağa yardım edəcək məlumatlar axtarıb tapmağa sərf edir ki, yalan danışmadığını və alçaqlıq etmədiyini özünə sübut edə bilsin. Burada rasional düşüncə rol oynamır: hər şeyi emosiyalar həll edir. Axı yalançı və alçaqlar özlərini belə hesab edərək yaşaya bilməz. Ona görə də özlərini əmin edirlər ki, onların həqiqəti belədir. Yəni onlar yox, başqaları yalan danışır. Onlar isə sadəcə olaraq özlərini və öz tərəflərini müdafə edir. Ona görə də haqlıdırlar. Onların mövqeyi zəifdir, kövrəkdir və bu yalançı və alçaqlar üçün istənilən dəstək vacibdir: axı onları uşaq vaxtı yaxşı adam kimi tərbiyə etməyə çalışıblar və indi onların işi elə də asan deyil. Istənilən tərif və etimad onlar üçün çox vacibdir. 

Budur oxuyuruq: Vladimir Putin “Krımdakı hadisələri obyektiv işıqlandırdığına görə üç yüzdən artıq jurnalisti ordenlə mükafatlandırıb”. Ümumiyyətlə, Ukraynadakı hadisələri. Müxbirlərə, aparıcılara, şoumenlərə, baş redaktorlara – “Aleksandr Nevski”, “Vətən qarşısında xidmətlərə görə” və “Şərəf” orden və medalları… Yaxşı, müxbirlər heç olmasa göstəriş əsasında odun içinə girirdi. Bəs Kulistikov (NTV-nin baş direktoru) və Solovyova (televiziya aparıcısı) nəyə görə?! 

Müharibəni kim başlayıb?!.

Ağla gələn birinci nə olur: bunlar əmək yox, döyüş mükafatlarıdır. Guya müharibə dövrüdür, deməli, qarşı tərəfdə düşmən var və qələm süngüyə bərabər olmalıdır. Əsl müharibədə olduğu kimi. 

Sonra da düşünürsən: bəs bu müharibəni kimi başlayıb? Kim benderlərə və faşistlərə, Ukrayna Milli Assambleyasına, Xalq Özünümüdafiə qüvvələrinə and-aman edirdi, kim rusdilli ukraynalılar və Ukraynadakı rusların arasında isteriya yaradırdı, kim yarım ildir onlara Lvov və Xarkovdakı qırğınlar barədə danışırdı? Kim əvvəllər heç bir adı olmayan, bir yığın meydan marginallardan ibarət “Pravıy sektor”u Ukrayna millətçilərinin mərkəzi qüvvəsinə çevirdi? Ən əsası, bu millətçiliyi artıran, aylardır bütün Ukraynaya yalan yağdıran kimdir? 

Indi – bəli, müharibədir. Indi hər tərəfdən ölülər var. Artıq indi nə haqlı var, nə günahkar. Qarışqa yuvası yandırılıb, əllərini çırpıb kənara çəkilib “bitərəf mövqe” tutub baxmaq olar. 

Beləcə bunu siz, yalan danışanlar təşkil etdiniz. Kremldə düşünüb hazırladılar, siz də təşkil etdiniz. Işini itirmək istəməyən hər biriniz. Maaşının azalmasından qorxanlar. Sadəcə rəhbərliyə etiraz etməyi bacarmayanlar. Özünü haqlı olmaqda inandıranlar. 

“Bu medallar mükafat deyil”

“Ədəbli insanlar” – bəlkə də BKI-nin xüsusi təyinatlıları heç kimi öldürməyib. Amma sizlər öldürdünüz. Sizə bununla yaşamaq asan olmayacaq. Yaxşısı budur başqalarına yalan danışdığınız kimi özünüzü də aldadın. Yaxşısı budur iynələnin və bihuş olun. Bu medallar mükafat deyil. Putin sizə şprisdə morfi verib. Təmizlənin bu gün. Təmizə çıxardıqlarınızı da yadda saxlayın”.

Fizzə