Əmək haqlarında fərq 2-3 dəfədən çoxdur
Samir Əliyev: «Dünyanın hər yerində özəl sektorda çalışanların qazancı dövlət qurumlarında çalışanların qazancından daha çoxdur»
Azərbaycanda muzdla çalışanların əmək haqqının orta məbləği özəl sektorda dövlət sektoruna nisbətən 1,57 dəfə yüksəkdir. Rəsmi məlumata görə, ötən ilin sonunda ölkəmizdə orta aylıq nominal əmək haqqı 423 manat olub. Dövlət sektorunda orta aylıq nominal əmək haqqı 344,6 manat, qeyri-dövlət sektorundasa 542,3 manat təşkil edib.
Iqtisadiyyatın əksər sahələri üzrə də orta əmək haqqı dövlət sektoruna nisbətən yüksəkdir. Maliyyə və sığorta sektorunda, müdafiə və sosial təminat sektorunda dövlət daha yüksək maaş versə də, qalan sahələrin əksəriyyətində özəl sektorun əmək haqqı daha yüksəkdir.
Peşə, elmi və texniki fəaliyyət sektorunda dövlət 356 manat, özəl sektor 1326 manat orta maaş verir. Fərq 3,72 dəfədir.
Informasiya və rabitə sektorunda dövlət 500 manat, özəl bölmə 994 manat orta maaş ayırır.
Istirahət, əyləncə və incəsənət sahəsində dövlət 200 manat, özəl sektor 514 manat maaş təyin verir.
Nəzərə alaq ki, Azərbaycanda bəzi hallarda vergidən yayınmaq məqsədi ilə özəl şirkətlər əmək haqqını az göstərir. Rəsmi qurumlar isə əksinə, orta aylıq əmək haqqını daha yüksək göstərməkdə maraqlıdır. Belə olan halda əslində özəl və dövlət sektorunda çalışanların əmək haqqında fərq daha yüksəkdir.
Doğrudur, əksər ölkələrdə özəl sektorunda çalışanların əmək haqqı daha yüksək olur. Bəs Azərbaycanda bu qədər fərqin olması nə dərəcədə normaldır?
Iqtisadçı-ekspert Samir Əliyev dünyanın hər yerində özəl sektorda çalışanların qazancının dövlət qurumlarında çalışanların qazancından daha çox olduğunu deyir. Inkişaf etmiş ölkələrdə insanlar özəl sektorda çalışmaqda maraqlı olur. Bu baxımdan fərqin olması təbii qarşılanmalıdır. Çünki dövlətin səmərəli biznes qurmaq imkanları özəl sektordan azdır.
Azərbaycanda özəl və dövlət sektorlarındakı əmək haqqında fərqə gəldikdə, ekspert çox az sayda insanın orta aylıq əmək haqqı qədər maaş aldığını deyir. Büdcə təşkilatlarında çalışanların əksəriyyətinin maaşı 200-300 manat civarında dəyişir. Orta aylıq əmək haqqının nisbətən yüksək olması isə neft sektorunda çalışanların hesabınadır. Özəl sektorda isə maaşların real məbləği gizlədilir. Əslində, dövlət və özəl sektorda əmək haqqını müqayisə etdikdə, fərq 2-3 dəfədən çox olar.
Fizzə


