Azərbaycan niyə ən yüksək xalı Rusiyaya verdi?

Fuad Qəhrəmanlı: «Eurovision»la bağlı verilən səs Azərbaycanın Rusiya ilə bağlı xoş münasibətini ifadə etməyə hesablanıb»

«Eurovision» yarışmasının mahnı müsahibəqəsindən daha çox syiasi bir proyekt olduğu dəfələrlə vurğulanıb. Bu müsabiqə siyasi meydandakı münasibətləri gündəmə gətirərək, dövlətlərarası əlaqələrə də aydınlıq gətirir. Keçən il keçirilən yarışmada Azərbaycandan Rusiyaya xal verilməməsi böyük siyasi qalmaqala səbəb olmuşdu. Bu məsələyə Rusiyanın və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində münasibət də bildirilmişdi. Hətta Lavrov açıqlamasında baş verəndən narahatlığın dilə də gətirmişdi. Nəticədə Azərbaycanın diplomatik strukturları bu məsələnin araşdırılmasına cəlb olundu. Sonda elan edildi ki, Azərbaycandan Rusiyaya 10 xal verilibmiş. Amma müəyyən texniki səhvlərdən xallar hesaba alınmamışdı. Bu baxımdan «Eurovision 2014»də Azərbaycanın verdiyi xallar maraq doğurur. Azərbaycan BMT-də Rusiyanın əleyhinə çıxaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də bu dəfə görüntü tam başqa cürdür. Azərbaycan 8 xalını Macarıstana, 10 xalını Ukraynaya, 12 xalını isə Rusiyaya verib. Bir sıra ekspertlər Azərbaycandan Rusiyaya 12 xalın getməsini təsadüfi saymırlar. Bunu Rusiyaya müəyyən reverens kimi dəyərləndirənlər də var. Çünki keçən ilki qalmaqal Azərbaycan hakimiyyətinə baha başa gəlmişdi.

«Eurovison»la bağlı verilən səslərin sayılmasında da Azərbaycan hakimiyyətinin öz ənənlərinə sadiq qaldığını deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Rusiyaya maksimal səsin verilməsi isə təsadüfi deyil. İ.Əliyevin Ukrayna məsələsində öncə tutduğu mövqeyin Putin hakimiyyəti tərəfindən sərt qarşılanmasının münasibətlərə təsir etdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, «Eurovision»dakı səsvermə ilə bir növ Rusiyaya mesajlar verilir: «Ukrayna böhranından sonra Azərbaycan Rusiyaya qarşı bir sıra reverenslar edib. Bakıda MDB baş qərargah rəislərinin toplantısının keçirilməsi heç də təsadüfi deyildi. Hazırda «Eurovision»la bağlı verilən səs də Azərbaycanın Rusiya ilə bağlı xoş münasibətini ifadə etməyə hesablanıb».

Azərbaycanın Ukraynaya verdiyi səslə Rusiya verdiyi səs arasında fərqin qoyulmasının da təsadüfi olmadığını düşünən F.Qəhrəmanlı vurğuladı ki, bu hakimiyyətin yanaşması, yürütdüyü siyasətdir.

Xəyal