91-lərin torbası

Yəqin ki, hər biriniz tarixdə, ədəbiyyatda, folklor və əfsanələrdə insanların sayının dəqiq ifadəsi ilə çox rastlaşmısınız. Məsələn, “300 spartalı”, 26 Bakı komissarı, Cüzeppe Qaribaldinin “1000-i”, Səttarxanın “17-si”, xalq qəhrəmanı Koroğlunun 7777 dəlisi və s.

1920-ci ildə Qarabağda Şura hökumətinə qarşı vuruşan və qəhrəmancasına həlak olan bir qrup insana xalq arasında “32 qəhrəman” da deyirlər. Qədim Afinada dövləti idarə edən quruma “500-lər şurası” deyirdilər. Analoji qurum, XVIII əsrin sonlarında Fransada, direktoriya illərində da bir neçə il iş başında oldu.  

Tarix bu insanları bir-birindən fərqləndirməkdə çox çətinlik çəkir desək, yəqin ki, yanılmarıq. Eyni şücaəti hər kəs göstərir, eyni taleni hər kəs yaşayır, nəhayət, hər kəs ideya uğrunda gözlərini qırpmadan ölümə gedir və yaxud buna hazırdır. Məhz bu səbəbdən tarix onları bu qəribə formada yaddaşına həkk etməyə çalışır. 

Bəşəriyyət üçün 300 il sonra da “300 spartalı” aktual olacaq, lakin bunu 26 Bakı komissarı haqda demək mümkün deyil. Ən yaxşı halda, onlar ideya uğrunda qurban gedən 26 inqilabçı kimi hələ bir müddət tarixdə qalacaqlar. Bu qədər, keçək əsas mövzumuza… 

Azərbaycan ictimaiyyətinin “91-lər” kimi tanıdığı kəsimi təqdim etməyə yəqin ki, ehtiyac yoxdur. 1992-ci ildə Azərbaycanın 91 nəfər ziyalısı o zaman Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyevi aktiv siyasi həyata və hakimiyyət uğrunda mübarizəyə səsləyən bir müraciətə imza atdılar.

O zaman Azərbaycanda müharibə və… demokratiya hökmran idi. Yəni insanlar fikirlərinə görə təqib olunmurdular. Bu müraciəti imzalayanların əksəriyyəti Elçibəy hakimiyyətində  yetərincə məsul vəzifələrdə çalışan ziyalılar idi. Ziya Bünyadov, Əli Insanov, Ramiz Mehdiyev, Iqrar Əliyev kimi inistitut rəhbərləri, Murtuz Ələsgərov, Səfiyar Musayev, Əli Nağıyev, Yaqub Mahmudov kimi ali məktəblərin kafedra müdirləri var idi. Onlar öz fikirlərini bildirməkdə azad idilər və buna görə cəzalandırılmırdılar. Onlar indiki YAP hakimiyyətinin ən “cəsarətli” adamları sayılırdılar. 

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra “91-lər”ə xüsusi qayğı və diqqət göstərirdi. Onlardan heç kim kənarda qalmadı. Kimisi nazir, kimisi nazir müavini, bir başqası rektor, digəri icra başçısı təyin edildi və s.

Paralel olaraq, YAP-a bir “93-lər” axını da var idi. Onlar Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər gözləmə mövqeyində olanlar idi. “93-lər”in sayı yüzlərlə, minlərlə idi. Beləliklə, onların simasında nisbətən yaşlı və ədalətli “91-lər” özünə ciddi və təhlükəli rəqib tapmış oldu…

Hazırda iqtidar nümayəndələri arasında “91-lər”in sayı olduqca azdır, onların bir hissəsi dünyasını dəyişib, bəziləri təqaüddədir, bəziləri isə arzuolunmaz şəxslərə çevrilib. 

Təqaüddə olan və arzuolunmaz şəxslər deyəndə ağlınıza başqa şey gəlməsin. Onlar statistik azərbaycanlı ilə müqayisədə tam təmin olunmuş şəxslərdir. Övladları vəzifədə, özləri də istənilən qapını təpiklə aça, problemlərini həll edə bilirlər. Lakin bu onları, görünür, qane etmir. 

Bu narazıların ən kasıbının aylıq “oborotu” isə, nə az, nə çox, on min manatlarla ölçülür… 

Narazıların mətbuata giley-güzar dolu açıqlamaları sanki bir-birinin təkrarıdır. Onların fikrincə, prezident iki şeyi görməkdə çətinlik çəkir, – birincisi, rüşvətxor məmurları, ikincisi isə… onların özlərini. 

YAP-ın qurucularından və “91-lər”dən olan Əli Nağıyevin bu yaxınlarda mətbuata müsahibəsini oxudum. Nazir və diplomat vəzifələrini itirdikdən sonra, dönüb yenidən 1992-ci ilin ziyalısı olub.

O, sıravi “91-çi” Əli Əlimirzəyevdən fərqli olaraq, Kəmaləddin Heydərovun qəbulundan qovulduğundan yox, Heydər Əliyevlə bağlı xatirələrindən danışır. 

Ayrı-ayrı məmurların rüşvətxorluğu, cəmiyyətdə olan neqativ hallar, xalqın güzəranı, nədənsə “91-lər”in yadına vəzifədən kənarlaşdırılandan sonra düşür. Özü də bu mövzuda danışarkən mütləq “ayrı-ayrı” ifadəsi işlədirlər ki, sonra altından çıxa bilsinlər.

Rəhmətlik Elçibəy belələrinə zənbil (torba – X.Ə.) ziyalıları deyirdi… Yəni xalqın zənbilini bəhanə edib, öz torbasını dolduranlar…