Beynəlxalq “Uşaqları qoruyun” təşkilatı dünya analarının vəziyyəti ilə bağlı hesabat yayıb. Azərbaycan 178 ölkə arasında 99-cu yerdə dayanır. Regionun yerdə qalan iki dövləti bizdən yaxşı durumdadır. Keçmiş “qardaş”lardan Belarus isə bizdən 73 pillə irəlidədir. Sözüm onda yox. Bu hesabat o vaxt yayılmışdı ki, paytaxt məhkəmələrinin qarşısında neçə ananın fəryadı göyə dirənmişdi. Günahsız övladlarını qoruya bilməyən və buna görə özünü günahkar hesab edən analar gücünü gözünün yaşına vermişdi o gün. Amma bu nəyi dəyişə bilərdi ki? Dəyişməzdi, təbii. Ədalət ölən yerdə kimsə kimsənin göz yaşlarına baxmaz…
Azərbaycan anası fədakardır, doğru. Lakin onun fədakarlığı övladını hara qədər qorumağa yetir? Qeyd etdiyimiz hesabatın 2012-ci il üzrə göstəricilərinə baxsaq, Azərbaycanda doğulan hər 1000 uşaqdan 35-i 5 yaşa çatmadan dünyasını dəyişir. Şübhəsiz, buna bir sıra ekoloji və qida amillərinin təsiri var. Bəs səhiyyə? Çox halda ana və uşaq ölümlərinin əsl səbəbləri gəlib yarıtmaz səhiyyəmizin üzərində dayanmırmı? Azərbaycanda ana və uşaqlara göstərilən tibbi xidmətin nə qədər acınacaqlı olduğunu xatırlatmağa ehtiyac yoxdur, məncə. Çünki əhalinin hardasa 90%-i vaxtaşırı onun eybəcərlikləri ilə real həyatda üzləşməli olur. Problem o dərəcədə dərin və ciddidir ki, insanlar artıq ətək-ətək pul töküb üz tutduqları özəl xəstəxanalardan da qaçmaq istəyir. Keçən il tanışlarımızdan birinin 23 yaşlı yaxınının belə özəl klinikaların birində doğuş zamanı vəfat etməsi və ölümünün bütün gecə boyunca ailəsindən gizlədilməsini xatırlayınca, insanlara haqq verməyə bilmirəm.
Məgər min cür əzab-əziyyətlə böyütdüyünüz övladlarınızı göndərdiyiniz məktəb səhiyyədən azmı şikəst günə qoyur? Bu ölkənin tibbi xidməti insanlarımızın fiziki sağlamlığına nə qədər zərər vurursa, indiki təhsil də mənəvi baxımdan o dərəcədə kor qoyur yeni nəsilləri. O halda valideynin övladını bu korluqdan qorumaq üçün bir çıxış yolu qalır – onların əskiklərini əlavə təhsil hesabına tamamlamaq.
Hələ dərdlər bununla bitmir ki. Övladlar böyüdükcə dərdləri, qayğıları, çətinlikləri də onlarla bərabər böyüyür. Və vaxt gəlib o yerə çatır ki, əslində, o fədakarlığın, o sevginin əsiri olan analar övladlarını bilmədən həmin dərdlərin qucağına buraxmış olur. Əsas dərd də elə budur. Bir ana övladını dişiylə-dırnağıyla ərsəyə gətirib sonra o dərin ağrılarla baş-başa buraxmaqda haqlıdırmı? Bir ananın övladı üçün canını fəda etməsi əsas şərt deyil. Əsl sevgi onu yetişdirib sağlam, hüquqi, hüzurlu bir cəmiyyətə təqdim etməkdir. Əsl fədakarlıq gələn nəsillər üçün belə normal bir cəmiyyətin qurulması yolunda mücadilə verə bilməkdir. Və inkaredilməz bir həqiqətdir ki, Azərbaycan qadını bu ölkədəki haqsızlıqlara qarşı dirənmədikcə, onun yardımçısına çevrildikcə, övladını xoşbəxt edə bilməyəcək. Evində övladları böyüyən bir müəllim ana çalışdığı məktəbdə seçki saxtakarlığının əsas təşkilatçısına çevrilirsə, övladını hansı gələcəyə hazırlayır, özünüz düşünün.
Yuxarıda adını çəkdiyim “Uşaqları qoruyun” təşkilatı hər il boşuna zəhmət çəkib hesabat hazırlamır. Demək istəyir ki, dərdlərinizdən bir daha hali olub, gözünüzü ətrafa daha diqqətlə gəzdirəsiniz. Onun hesabatı bütün analara bir mesajdır. Uşaqlarınızı sevmək azdır, onları qoruyun, analar!