Kəmalə xanıma qarşı bu cinayəti bağışlamayacağıq

AXCP sədri Əli Kərimli partiya fəalı Kəmalə Bənənyarlının saxlanılaraq polisdə işgəncəyə məruz qalmasını və 30 sutka həbslə cəzalandırılmasını sərt şəkildə mühakimə edib. AXCP sədri Facebook səhifəsində yazır:

“Rəqib düşərgədə olan qadınları həbs etmək, həbs etdikəri xanımlara belə, əl qaldırmaq həddinə qədər alçaldılar. Boş yerə deyilmir ki, insanları pul və vəzifə əldə etdikdən sonra daha yaxşı tanımaq olur. Oğurluq yolla əldə edilmiş milyardlar gözlərini örtüb. Düşünürlər ki, hazırkı vəzifələrinin təmin etdiyi cəzasızlıq əbədi davam edəcək. Ona görə də normal insanları heyrətləndirən belə qeyri-insani hərəkətlərə yol verirlər. Siz indiyə qədər gəlib-keçmiş diktaturaların, avtoritar rejimlərin tarixinə baxın. Rejimlər məhz sonlarını hiss edəndə ən mənasız, qəddar addımlarını atırlar.

NİDA-çı gənclərin qanunsuz həbsinə məhkəmə önündə etiraz edənlərin arasında AXCP fəalı Kəmalə Bənanyarlı da var idi. İki övlad anası olan (oğlu tələbədir, xaricdə təhsil alır, qızı məktəblidir) Kəmalə xanım həbs edilmiş, polis idarəsində döyülüb, işgəncəyə məruz qalmışdır.

Partiyamızın bəyanatında deyilir: “AXCP Kəmalə Bənənyarlıya qarşı baş verənləri siyasi hakimiyyətin həm də xalqımızın mənəviyyatına vurduğu zərbə kimi qiymətləndirir. Partiya Kəmalə xanıma qarşı bu cinayəti heç bir halda bağışlamayacaq və günahkarların qanunla öz cəzalarını almaları üçün bütün mümkün olanları edəcək”.