Putin Ukraynada geri çəkildi

Rusiya prezidenti Vladimir Putin gözlənilməz bəyanatla çıxış edib. “RİA Novosti” agentliyinin məlumatına görə, Putin Ukraynanın şərqindəki separatçıları mayın 11-nə təyin etdikləri referendumu təxirə salmağa çağırıb. O, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ukraynada dialoqun başlaması üçün lazımi şəraitin yaradılmasına səsləyib: “Dialoqa lazımi şəraitin yaradılması üçün Ukraynanın cənub-şərqinin nümayəndələrini, ölkənin federallaşmasının tərəfdarlarını mayın 11-nə nəzərdə tutulan referendumu təxirə salmağa çağırırıq”.

V. Putin hesab edir ki, Ukrayna hakimiyyəti cənub-şərq vilayətlərinin təmsilçiləri ilə birbaşa dialoqa getməlidir: “Dialoqun əsas şərti silahlı qüvvələrdən, eləcə də qanunsuz silahlı dəstələrdən istifadə etməklə hər cür zorakılığa son qoyulmasıdır”.

Putin onu da bəyan edib ki, Ukrayna sərhədlərində rus qoşunları yoxdur. “Çünki Rusiya Ukraynada böhranın bu ölkənin vətəndaşlarının maraqlarına uyğun başa çatmasını istəyir”.

“Bizə deyirdilər ki, Ukrayna sərhəddində qoşunlarınızın olmasından narahatıq. Qoşunları geri çəkmişik, hazırda sərhəddə yox, təlim keçdikləri poliqonlardadırlar”, – deyə Putin bildirib.

Xatırladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində silahlı separatçılar mayın 11-də Donetsk və Luqansk xalq respublikalarının yaradılması məqsədilə referendum keçirəcəklərini bəyan ediblər.

Rusiyalı politoloq Andrey Piontkovskiy Putinin Ukraynada geri çəkilməsini təsadüfi hesab etmir. Politoloq hadisələrin xronikasına nəzərə salır:

2 may: ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel V.Putinə xəbərdarlıq ediblər ki, Ukraynada mayın 25-ə nəzərdə tutulan seçkilərin pozulması cəhdi Rusiya iqtisadiyyatına qarşı sanksiyalara gətirib çıxaracaq.

4 may: GPS (CNN Channel) US Treasure Department Deputy Secretary bazar proqramında aparıcının birbaşa sualına Fərid Zəkəriyə anladıb ki, onun nəzarətində olan Office of Terrorism and Financial Intelligence V.Putin və onun yaxın ətrafının bank hesabları və aktivləri barədə dəqiq məlumata malikdir.
 
7 may: İsveçrə Konfederasiyasının prezidenti ilə görüşdən sonra V.Putin Donetsk və Luqanskda mayın 11-ə təyin edilən referendumları təxirə salmağa çağırıb və ümid etdiyini bildirib ki, mayın 25-ə təyin edilən Ukrayna prezidenti seçkiləri doğru istiqamətdə addımdır.