Mehdiyevin Heydərova qarşı yeni planı

PA rəhbəri ABŞ səfirinin «fövqəlnazir»lə görüşünü hakimiyyətə təhlükə kimi qələmə verir

ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşü Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin hiddətinə səbəb olub. Bu barədə “Azadlıq”a hakimiyyətdəki mənbə məlumat verib. Məlumatlarda deyilir ki, PA rəhbəri ölkədə siyasi gərginliyin olduğu bir vaxtda ABŞ səfiri ilə “fövqəlnazir”in görüşünü mənfi hal kimi dəyərləndirib.
FHN-nin mətbuat xidmətinin yaydığı məlumata inansaq, görüşdə hansısa “təhlükəli” mövzu müzakirə olunmayıb. Kəmaləddin Heydərov Metyu Brayzaya rəhbərlik etdiyi nazirlik və onun qurumlarının gördüyü işlərdən danışıb. Səfir isə öz növbəsində Azərbaycan və ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Brayza-Heydərov görüşü ilə bağlı mətbuatda bundan fərqli məlumat dərc edilməyib. O halda Ramiz Mehdiyevin görüşü hiddətlə qarşılaması bir qədər qəribə görünə bilər. Lakin məsələ burasındadır ki, müəllifi PA rəhbərinin olduğu “antikorrupsiya şousu” həm də Kəmaləddin Heydərova qarşı yönəlmiş bir kampaniyadır. Eyni zamanda Ramiz Mehdiyev və rəhbərlik etdiyi qruplaşma ölkədə gərginliyin artmasında maraqlıdırlar. PA rəhbəri düşünür ki, bu halda Ilham Əliyevin ona daha çox ehtiyacı yaranar. Ramiz Mehdiyev də bu ehtiyacdan yararlanıb rəqiblərini, xüsusilə Kəmaləddin Heydərovu sıradan çıxarar.
Kəmaləddin Heydərov isə bunun əksini düşünür. “Fövqəlnazir” anlayır ki, Ramiz Mehdiyev müxalifətlə qarşıdurmanın tərəfdarı olmaqla əslində bütövlükdə hakimiyyəti qorumağı deyil, öz maraqlarının müdafiəçisi kimi çıxış edir. Bu isə əlbəttə ki, Kəmaləddin Heydərovun maraqlarına zərbə vurulmasını şərtləndirir. Yəni, gərginlik artdıqca, ehtiraslar qızışdıqca, xalqın kütləvi etirazlara başlaması ehtimalı artır. Bu zaman vəziyyəti stabilləşdirmək üçün islahatlara ehtiyac yaranır. Ramiz Mehdiyevin planının əsas hissəsi də məhz bu zaman işə düşür. Korrupsioner məmurlar, inhisarçılar (bu sıraya PA rəhbərinin rəqibləri daxildir, onların əksəriyyəti isə Kəmaləddin Heydərovun ətrafında cəmləşib) bir-birinin ardınca “vurulur”.
Kəmaləddin Heydərov PA rəhbərinin planını yaxşı başa düşdüyündən müxalifətlə qarşıdurmaya gedilməsinin, gərginliyin artmasının tərəfdarı deyil. Görünür, Ramiz Mehdiyev hesab edir ki, “fövqəlnazir”in bu mövqeyi Metyu Brayzanın da diqqətini cəlb edib və səfir onunla görüşmək qərarına gəlib. Bu halda PA rəhbərinin narahatlığı və bundan doğan isterika başa düşüləndir. Eyni zamanda mümkündür ki,  Ramiz Mehdiyev məsələni daha da şişirdərək bundan Kəmaləddin Heydərova qarşı istifadə etsin. Necə ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ABŞ-ın Milli Demokratiya Institutunun rəhbəri, sabiq dövlət katibi Madlen Olbraytla görüşündən ona qarşı məharətlə istifadə edildi.

Analitik informasiya şöbəsi