Dünən Türkiyə özünün yaxın tarixdəki utanc səhifələrindən birini andı. 42 il öncə, 6 may günü üç gənc – Deniz Gezmiş, Hüseyin Inan və Yusuf Aslan edam edildi. Deniz Gezmiş 25 yaşındaydı, elə Yusuf Aslan da. Hüseyin Inanın isə cəmi 23 yaşı vardı. Onları dar ağacına gətirən isə inandıqları dəyərlər idi. Ədalətli, azad, hürr bir Türkiyə qurulmasıydı.
Deniz Gezmiş edamından bir saat əvvəl atasına belə yazmışdı: “Insanlar doğulur, böyüyür, yaşayır və ölürlər. Önəmli olan çox yaşamaq deyil, yaşadığı müddətdə daha çox şeylər edə bilməkdir. Bu səbəbdən mən erkən getməyi normal qarşılayıram… O ki qaldı məndən əvvəl gedən yoldaşlarıma, onlar heç bir zaman ölüm qarşısında tərəddüd etmədilər. Mənim də tərəddüd etmədiyimdən şübhən olmasın”.
Bu sətirlər isə Yusuf Aslanın edam öncəsi atasına məktubundandır: “Atacan, həbsxanada qalan yoldaşları arada yoxlasan, vəziyyətlərini, keflərini soruşsan, çox məmnun olaram. Onların da hər biri sənin oğlundur. Azadlıqda bizim üçün mübarizə aparan yoldaşlarımı heç vaxt unutmayacağını bilirəm”.
Bu da Hüseyin Inanın edamından əvvəl doğmalarına ünvanladığı məktubdan iki sətir: “Bütün varlığımla hər kəsə qucaq dolusu salamlar və sevgilər. Ediləcək çox şey var, fəqət, həm mümkün deyil, həm də vaxtı deyil”.
***
Türkiyə düz 42 ildir o üç fidanın haqsızca edamını alnında bir qara ləkə kimi daşımaqdadır. Hər gün keçdikcə o üç gəncə oxunan amansızca hökmün ağrılarını daha çox hiss etməkdədir.
***
Deniz Gezmişin, Yusuf Aslanın, Hüseyin Inanın Türkiyə tarixinə bir utanc səhifəsi olaraq keçən edam günü – 6 mayda Azərbaycanda 8 gənc, 8 fidan haqqında vicdanların heç bir zaman qəbul etməyəcəyi, hüquq və ədalətin sırtına xəncər saplamaqdan başqa bir anlamı olmayan hökm çıxarıldı. Onları dar ağacına çəkmədilər, doğrudur.
Amma bir insanı haqsızca, ədalətsizcə, hətta bir saniyə belə dəmir barmaqlıqlar arxasına atmaq bir edam hökmü qədər insanlıq suçudur. O suçun bədəlinin olmayacağını düşünənlər yanılırlar.
***
NIDA-çılara oxunan sifarişli hökm Azərbaycanın yaxın tarixinə qara bir ləkə olaraq keçmişdir. Bu hökm Əliyevlər rejiminin bütün siyasi sifarişli məhkəmə qərarları kimi, onillər boyu toplumun vicdanını sızlatmağa davam edəcək. Hər dəfə çevrilib geri baxdıqda gələcək nəsillərin bu günlərlə bağlı utanc və üzüntüsünü bir az da körükləyəcək.
Onlar mənsub olduqları ölkənin uzaq olmayan keçmişindəki bu cür rəzalətlərə, hüquqsuz və anti-insani addımlara görə xəcalət duyğusundan başqa heç nə yaşamayacaqlar.
Bir də…
Bir də Azərbaycan adına və tarixinə bu rüsvayçılıqları rəva görənləri nifrətlə anacaqlarına heç bir şübhəm yoxdur.
***
NIDA-çılar məhkəmə-məzhəkədəki son sözlərində demişdilər: “Biz azadlığı kölə rahatlığına dəyişmirik”. Onlar sözlərini tutdular. Öz təbirlərincə desək, sifarişli hökmlə ömürlərindən alınan illəri Azərbaycanın azadlığı üçün sərmayə olaraq yatırdılar. 8 gəncin ömürlərindən oğurlanan illərin geriyə azad, ədalətli, çağdaş bir Azərbaycan ölkəsi olaraq dönəcəyinə inamımız qətidir. Bu inamı sarsıtmağa Əliyevlər rejiminin zoru da yetməz, pulu da.
***
“Əminik və sizləri də əmin edirik ki, biz üzvü olduğumuz xalqa, sakini olduğumuz əraziyə azadlıq istədiyimizə, azadlığın, demokratiyanın, hüququn aliliyinin, ən yüksək dəyərə malik olması, vətəndaş hüquq və azadlıqlarına hörmətin bu ölkədə təmin olunması üçün fəaliyyət göstərdiyimizə görə tutulmuşuq və bununla fəxr edirik!”
Bu da 8 gəncin son sözündəndir. Son söz isə hələ sonun özü deyil.