«Aksiyaçılara qarşı repressiyaları dayandır”

Beynəlxalq təşkilat hakimiyyət qarşısında tələb qoydu

Amnesty International: «Beynəlxalq birlik bu repressiyalara son qoymaq üçün hökumətə ciddi təzyiq göstərməlidir»

“Beynəlxalq Amnistiya” Azərbaycan hakimiyyətini aprelin 17-nə planlaşdırılmış mitinqdən əvvəl dinc nümayişçilərə hücumlara son qoymağa çağırıb.
Azərbaycan hökuməti cümə günü bəyan edib ki, korrupsiyaya qarşı yönələn və siyasi islahatlar tələbi ilə keçirilən etiraz aksiyasına yol verməyəcək. Müxalifət fəallarının bəzisi ayın əvvəlində kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs ediliblər. Müxalifətin aksiyası polis tərəfindən amansızcasına dağıdılıb. Fəallar döyülüblər və heç bir əsas olmadan həbsə alınıblar.
“Azərbaycan hakimiyyəti bu etiraz aksiyasına icazə verməlidir. Dinc nümayişlər söz və toplaşma azadlığının mahiyyətidir. Azərbaycanda bu hüquqlar pozulur”,- deyə  Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalusen bildirib.
“Beynəlxalq birlik bu repressiyalara son qoymaq üçün hökumətə ciddi təzyiq göstərməlidir”, – deyə o, əlavə edib. Cümə günü baş prokuror Zakir Qaralov bildirib ki, radikal müxalifət başqa ölkələrdəki iğtişaşları Azərbaycana gətirmək istəyir. “Bizim hökumət heç zaman buna yol verməyəcək və bütün hərəkətlərin qarşısı alınacaq”, – deyə o, vurğulayıb.
Amnesty International 2 aprel mitinqində həbs olunmuş 10 nəfərdən 7-ni vicdan məhbusu hesab edir. Qeyd edək ki, təşkilat bu yaxınlarda etirazlarda iştirak etmiş Şahin Həsənli və Əhəd Məmmədlinin həbs faktını öyrənir.
AXCP lideri Əli Kərimli Amnesty International-a bildirib ki, hakimiyyət qarşıdakı nümayişi və onun dinc xarakterli olmasını müzakirə etmək üçün müxalifət liderləri ilə görüşdən imtina edib. “Biz həmişə zorakılığın əleyhinə olmuşuq. Biz dəyişikliklərə dinc yolla nail olmaq istəyirik. Biz beynəlxalq birliyi, Avropa Şurasını repressiyaları dayandırmaq üçün hakimiyyətə təzyiq göstərməyə çağırırıq”.