Azərbaycanda qadağan olunmuş dini ədəbiyyatlardan ən təhlükəlilərinin adı açıqlanıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, son illər respublikada təhlükəli dini cərəyanlara qarşı mütəmadi əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar zamanı müxtəlif dini təriqətləri və cərəyanları təbliğ edən xeyli sayda dini ədəbiyyat müsadirə olunub.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, əməliyyatlar zamanı müsadirə olunan dini ədəbiyyatların hamısı Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi tərəfindən qadağan elan olunmuş kitablardır, həmin nəşrlərin Azərbaycana gətirilməsi də yasaqlanıb. Buna baxmayaraq, müxtəlif dini cərəyanları təbliğ edən şəxslər gizli yollarla bu kitabları ölkəyə gətirərək yayırlar.
Qadağan olunmuş kitabların arasında “Bağdad alimlərinin bəhsi”, “Pişəvəri gecələri”, “Doğru olanlarla birlikdə”, “Imam əsgərin həyatı”, “Musa Kaziminin həyatı”, “Imam Rzanın həyatı”, “Şiə və əsassız ittihamlar” kimi məhşur kitab adları var.
Maraqlı məqam ondan ibarətdir ki, qadağan olunmuş kitabların siyahısına nəzər saldıqda şiəliklə bağlı kitabların üstünlük təşkil etdiyini görürük. Hansıki, Azərbaycanda əhalinin böyük əksrəiyyəti şiədir və bu təriqət ölkədə hakim din sayılır.
Bəs, bu kitabların qadağan edilməsinin səbəbi nədir? Belə bir qərar verilməsinə zərurət haradan yaranıb?
Sadalanan kitablardan bir çoxu yüzlərlə insanın stolüstü kitabıdır. Məsələn, “Pişəvəri gecələri” kitabı kifayət qədər məşhurdu və bu gün çox ailədə bu kitabı tapmaq olar. Belə çıxır ki, hansısa inanclı insanı həbs etmək üçün bu vasitədən də istifadə etmək olar. Indiyə qədər narkotik ittihamı, agent damğası ilə insanları həbs edirdilər. Indi də “qadağan olunmuş kitab” saxlayırdı” ittihamı dəb düşəcək.
Digər tərəfdən bu gün yeni texnologiyanın köməyi ilə istənilən kitabı elektron variantda da əldə etmək olar.
Bu məsələ ilə bağlı QMI-nin mövqeyini öyrənməyə çalışsaq da, mətbuat xidmətindən zənglərimizə cavab verilmədi.
Elşad Miri: «Kitablara qadağa qoymazdan əvvəl, bunun səbəbləri ictimaiyyətə izah edilməlidir»
Ilahiyyatçı alim Elşad Miri isə hesab edir ki, kitablara qadağa qoymaq ümumilikdə müsbət hal deyil: “Bu gün kompyuter vasitəsilə həmin siyahıdakı kitabları tapıb oxumaq olar. Yaxud, ”ağıllı telefon”lar vasitəsilə bu kitablar haqqında məlumat almaq mümkündür. Ona görə də bu qadağalar indiki dövrdə əhəmiyyətsizdir. Digər tərəfdən bu kitablara qadağa qoymazdan əvvəl, bunun səbəbləri haqqında məlumat verilməlidi. Mən bu siyahı ilə tanış olmuşam və bu siyahıda bəzi kitabların adları, müəllifləri düzgün yazılmayıb. Bu kitablara Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən qadağa qoyulması inandırıcı görünmür. Təbii ki, bəzi kitablar var ki, onlar insanlara mənfi təsir göstərir. Məsələn, cəmiyyətdə dini ayrıseçkilik salan, təriqətlərarası nifaqa səbəb olacaq kitablar var. Ona görə də insanlar maarifləndirilməli, zərərli kitablar haqqında məlumat verilməlidir və bu kitabların niyə qadağan edilməsi əsaslandırılmalıdır”.
Akif


