Əliyev dustaqlarına uduzdu

Deputat mandatı alıb-satanı azadlığa buraxıb, gəncləri həbs etmək onu bataqlığın dibinə çəkir

Dəmir barmaqlıqlar arxasından, küçələrdə hara gedib hardan gəldiyini bilməyən milyonların deyə bilmədiklərini gur səslə deyənlərə “dustaq” demək olarmı? Onlara azadlıq istəmək nə qədər məntiqlidir? Onları dustaq etmək nəyə nail olmaqdır?

Bu, sadəcə, ideyaya inanmayanların məntiqincə, “azadlıq” və ya “dustaqlıq” kimi kateqoriyalara bölünə bilər. Başqa halda isə məğlublar qalibləri necə mühakimə edə bilər ki? Qullar azadları necə mühakimə edə bilərlər ki?

Azadlıq hansısa X nöqtəsindən Y nöqtəsinə getmək imkanının olması deyil. Bu imkan uğrunda savaşmaq cəsarətidir. O, idrakın məhsuludur. Cəsarətin törəməsidir. Ilham Əliyev aldığı təyyarələrin, mənimsədiyi sərvətlərin əsiri ikən, o pulların və təyyarələrin, həmçinin oğurlanmış sərvətin bir qisminin hesabına satın alınmış nökərlərin susdura bilmədiyi insanlara “dustaq” demək məntiqin əleyhinə getməkdir.

Ilham Əliyev yenə məğlub oldu. Onu bataqlığın dibinə çəkənlərin əsirinə çevrildi. Gülər Əhmədova azadlığa çıxdı. Amma “Əsgərimiz ölməsin!” deyən gənclər 6-8 il həbs aldılar. Mən əminəm ki, onlar həbsxanada çox qalmayacaq. Amma Ramiz Mehdiyevin də adı hallanan mandat alveri kimi ağır cinayəti törətmiş şəxsə azadlıq vermək, həmçinin Mehdiyevin oğlunu general edib Kəmaləddin Heydərova müavin təyin etmək özü bir siqnaldır ki, hakimiyyət qara texnologiyanı davam etdirir.

Ilham Əliyev cinayətlərin çiçəklənməsinə su tökdü. Düşmən dəyirmanına yox, Ramiz Mehdiyevin çarxına. Belə oldu Kremlin revanşı. Mühit yarandı və indi hakimiyyət bütünlüklə Ramiz Mehdiyevin nəzarətinə verilir. Bu, qorxuludurmu?

Qorxulu deyil. Niyə? Çünki hakmiyyət qan dəyişiminə gedərək, ömrünü azacıq da olsa, uzada bilərdi, bəlkə də. Amma bu şansından istifadə etmədi. QKÇP kimi bir prosesə start verdi.

Ramiz Mehdiyevin uğurları da Rusiyanın imperialist cəhdlərinin uğurlarından o tərəfə keçə bilməz – qısamüddətli aqressiya və birdəfəlik çöküşün əsası. SSRI çökəndə olduğu kimi…

Ramiz Mehdiyevin bu revanşı Azərbaycanı heç yerə apara bilməz. Bu gün azadlıq, ədalət istəyən gəncəcik insanları  qazamata salmaq da uzun çəkə bilməz. Amma bu, tarixi mühakimə imkanıdır ki, ağla qara aydın olsun. Millət bundan sonra gedəcəyi uzun yolda safı çürükdən ayıra bilsin.

Böyük mənada uduzmuşların cəbhəsində olanların bir-iki addım irəli çıxması tarixin zərbəsinə doğru atılmaqdan başqa bir şey deyil. Fəqət, bütün diktatorlar kimi, Ilham Əliyevin də “mən başqaları kimi boş olmayacağam, daha çox sıxacağam” məntiqinə söykənməsi onun və ölkənin taleyi üçün xoşagəlməzlik vəd edir. O bilmir ki, nə qədər çox sıxsa, o qədər sərt bir sıçrayışla qarşılaşacaq. O bilmir ki, ondan əvvəlkilərin hamısı kimi, o da meydanda tək qalacaq. O bilməlidir ki, Yanukoviçin son sığınacaq yeri Rusiyadır və Moskva onu da ancaq girov kimi saxlaya bilər.

Biz qələbəyə inanırıq. Bunu həyatın və fizikanın qanunları da təsdiqləyir. Tarixin verdiyi dərslər də bizi əmin edir ki, yerlə bir olmayan istibdad yoxdur. Bu qədər pislik etməyə nə ehtiyac var? Bax, bunu aydınlaşdırmaq çox çətindir. Bu qədər düşmən qazanmaq nə üçün lazımdır? Bax, bu hələ də açıq qalan sualdır.

Nə qədər gec deyil, düşünmək lazımdır. O günü gözləməyin ki, bu ölkədə düşünməyi təklif edənlərə belə, xain kimi baxsınlar.