2aprel-3

Liderlər xalqı mitinqə çağırdı

«Hamılıqla Azərbaycanda demokratik dəyişikliklərin tezləşməsinə çalışaq»

 

Bu gün Azərbaycan müxalifətinin birləşdiyi Ictimai Palata növbəti mitinqini keçirir. Bakı Şəhər Icra Hakimiyyəti mitinqin keçirilməsi üçün müxalifətin təklif etdiyi meydanı ayırmadığından aksiya saat 16.00-da “Sahil bağı”nda olacaq.  Müxalifət liderləri mitinqin uğurlu alınacağına əmindirlər və ölkə vətəndaşlarının demokratiya uğrunda dinc mübarizədə fəal iştirakını gözləyirlər.

 

“Azərbaycan vətəndaşları azad, ədalətli cəmiyyətdə yaşamaq haqqına sahibdilər”


AXCP sədri Əli Kərimli hesab edir ki, bütün dünyanı qlobal demokratikləşmə prosesinin bürüdüyü bir vaxtda Azərbaycan xalqı da öz haqlarına sahib çıxmağın yollarını tapmalıdır.
“Bizim mübarizəmiz ölkədə köklü dəyişikliklər, siyasi, sosial islahatlara nail olmaq uğrunda aparılan dinc xarakterli mübarizədir. Mən inanıram ki, Azərbaycan vətəndaşları daha azad, daha ədalətli cəmiyyətdə yaşamaq haqqına sahibdilər. Bütün dünyanı qlobal demokratikləşmə prosesinin bürüdüyü bir vaxtda Azərbaycan xalqı da öz haqlarına sahib çıxmağın yollarını tapmalıdır. Hamılıqla Azərbaycanda demokratik dəyişikliklərin tezləşməsinə çalışmalıyıq. Ictimai Palata bir vətəndaş hərəkatı təşəbbüsüdür. Onun qərarları vətəndaşların könüllü şəkildə istəkləri ilə həyata keçirilir. Mən inanıram ki, 2 apreldə olduğu kimi 17 apreldə də Azərbaycan vətəndaşları Ictimai Palatanın çağırışına səs verəcəklər. Bu dinc aksiyada iştirak edib ölkədə ciddi, köklü dəyişikliklər tələb etdiklərini Azərbaycan hökumətinin diqqətinə çatdıracaqlar.
Bizim mübarizəmiz hər hansı zorakılıqdan uzaq olan dinc mübarizədir. Bundan sonra da bu mübarizəni yalnız dinc vasitələrlə davam etdirəcəyik. Millətimiz üçün gərəkən fədakarlığı edəcəyik”.

«Aksiya möhtəşəm olacaq və sonrakı pozitiv proseslərə təkan verəcək»


Müsavat başqanı İsa Qəmbər 17 aprel mitinqinin möhtəşəm olacağını deyir: “Mitinq yüksək səviyyədə olacaq. Bir tərəfdən Azərbaycan xalqı hakimiyyətdən narazıdır. Digər tərəfdən də cəmiyyətdə müsbət dəyişikliklərin mümkünlüyünə inam artıb. Bunlar da xalqın kütləvi etirazları üçün uyğun şərait formalaşdırıb. Ictimai Palatanın ölkənin aparıcı siyasi qüvvələrindən, QHT nümayəndələrindən, gənclərindən, mütəxəssislərindən ibarət tərkibi, təşkilatın son aylarda strateji cəhətdən mükəmməl fəaliyyəti, dinc mübarizə taktikası cəmiyyətdə kifayət qədər yüksək əhval-ruhiyyə yaradıb. Hakimiyyətin bu əhval-ruhiyyəni dəyişmək, qorxu və xof mühitini yenidən formalaşdırmaq üçün əl atdığı tədbirlər, təqib və repressiyalar bunun qarşısını ala bilməyib. Ona görə mən inanıram ki, 17 apreldə də xalqımız növbəti dinc etiraz aksiyasını keçirəcək. Hakimiyyət təxribat törətməyəcəksə, bu aksiya öz mütəşəkkilliyi və dinc xarakteri ilə baş tutacaq. Və sonrakı pozitiv proseslərə müsbət bir təkan verəcək”.
I.Qəmbər hesab edir ki, hakimiyyət hər addımda dəyişikliklərə və islahata qadir olmadığını nümayiş etdirir, xalqın haqlı tələb və çağırışlarına cəza tədbirləri ilə cavab verir: “Ölkəmizdə vəziyyətin yaxşıya doğru dəyişməsini, torpaqlarımızın işğaldan azad olunmasını, haqq-ədalətin bərpasını, rüşvət və korrupsiyaya son qoyulmasını, siyasi və iqtisadi azadlıqların bərqərar olmasını istəyiriksə, bunun uğrunda keçirilən etiraz tədbirlərində fəal iştirak etməliyik”.

«Bu, haqlı mübarizədir və nəticəsi mütləq olacaq»


KXCP sədri Mirmahmud Mirəlioğlu aprelin 16-da rəhbərlik etdiyi partiyada mitinqlə bağlı müşavirə keçirildiyini və aksiyaya hazırlıqlarla bağlı yekun müzakirələrin aparıldığını bildirib: “Aksiyalar davam etdirilməli, Azərbaycan vətəndaşları öz haqları uğrunda mübarizə aparmalıdırlar. Çox yaxşı olardı ki, Bakı Şəhər Icra Hakimiyyəti aksiyaya razılıq verərdi. Təəssüf ki, meriya öz ənənəvi mövqeyində qaldı. Bununla belə mən mitinqin möhtəşəm olacağına və xalqın bu aksiyada da fəal iştirak edəcəyinə inanıram”. 
M.Mirəlioğlu deyir ki, son günlərin ən təəssüfedici olaylarından biri də fəal gənclərin təhsil aldıqları universitetlərdən xaric edilməsidir: “Bu gənclərlə bağlı böhtanlar səsləndirirlər. Bu, nə elmə, nə də alimlərə yaraşan haldır. Hamı bilir ki, o tələbələri siyasi mövqelərinə görə xaric ediblər. Amma mübarizə bugünlə, sabahla bitmir. Haqq uğrunda mübarizə davam etməlidir. Hər bir vətəndaşın da bu mübarizədə iştirak etmək haqqı var. Tələblər haqlı tələblərdir. Nəticəsi də mütləq və mütləq olacaq”.

“Azərbaycan insanı öz haqları uğrunda fəal mübarizəyə qoşulmalıdır”


Dünən aksiya ilə bağlı AMİP-in də bəyanatı yayılıb. Partiya rəhbərliyi bildirib ki, AMIP də 17 aprel mitinqinin uğurlu olacağına inanır: “Partiya aksiya ilə bağlı görüşlər keçirib və müvafiq tapşırıqlar verib. Azərbaycan insanı taleyinə biganə olmamalı, öz haqları uğrunda fəal mübarizəyə qoşulmalıdır. Haqsızlığa etiraz edən insanlar hamılıqla bu prosesin önündə gedən qüvvələrin arxasında olsunlar, gələcəklərinə biganə qalmasınlar”.