SMDTM-çilərin üzünə duran şəxs məhkəmədə ifşa olundu
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin rəhbəri Elnur Məmmədovun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə prosesində iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərin dindirilməsi mərhələsidir.
Ümumilikdə təxminən 20 nəfər zərərçəkmiş qismində tanınıb. Onların bir qismi məhkəməyə ərizə ilə müraciət edərək, özlərini zərərçəkmiş saymadıqlarını bildiriblər. Eyni zamanda, bir qismi də məhkəmədəki ifadələrində bunu bəyan ediblər.
Dünənki məhkəmə iclasında ifadə verən Ehtiram Muradov da heç bir ziyan çəkmədiyini bəyan edib. O, 2010-cu ilin parlament seçkilərinə qədər SMDTM-in bölgə koordinatoru olub. Onun sözlərinə görə, regionlarda seçki mövzusunda maarifləndirmə xarakterli tədbirlərin, forumların təşkili, seçkilərin monitorinqi üçün lazım olan vəsaiti Anar Məmmədli və SMDTM-in digər məsul əməkdaşlarından alaraq tədbirlərin təşkilinə sərf edib.
Ehtiram Muradov ifadəsində Anar Məmmədlini belə xarakterizə edib: “Mən bu adamı ziyalı, intelligent bir azərbaycanlı kimi tanıyıram. Bu adamdan Azərbaycan dövlətçiliyi zərrə qədər də ziyan çəkməyib”.
Iyirmiyə qədər zərərçəkmiş arasında yeganə Həsən Həsənovdur ki, o, təqsirləndirilən şəxslərə qarşı ifadə verib. O, dünən ifadəsinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı düşmənçiliyi olmadığını desə də, prosesin gedişində məlum olub ki, heç də belə deyilmiş. Sən demə, o, hələ ötən ilin sentyabrında polisə şikayət edib ki, Bəşir Süleymanlı məni hədələyir.
Onun sözlərinə görə, SMDTM-də hüquqşünas kimi çalışdığı müddətdə 456 manata imza atsa da, ona aylıq cəmi 100 manat pul verilib. Bu səbəbdən 4 ay işlədikdən sonra ötən ilin sentyabrında işdən çıxıb.
Vəkillərlə sual-cavabdan aydın olub ki, o, özü işdən çıxmayıb, müqavilə 4 aylıq olub və qarşı tərəf də onu uzatmayıb. Həsən Həsənov da bundan dərhal sonra polisə şikayət edib. Maraqlıdır ki, məhkəmədə pulunu kəsdiklərinə görə Anar Məmmədligildən uzaqlaşdığını desə də, polisə şikayət ərizəsində bu haqda bir kəlmə yoxdur.
O da aydın olub ki, Həsən Həsənov hələ SMDTM-lə işlədiyi müddətdə bölgə koordinatorunun təşkilata çatdırılması üçün ona verdiyi sənədlərin şəkillərini çəkib özündə saxlayıb. Hələ bu azmış kimi, Anar Məmmədlinin ad günü keçirilən restorandan verilmiş qəbzin də şəklini çəkib saxlayıb.
Anar Məmmədli ona bu məsələ ilə bağlı belə bir sual verib:
– Əlinizdəki maliyyə sənədlərinin şəklini çəkməkdə məqsədiniz nə olub? Axı ondan sonra da siz bizimlə işləməkdə davam etmisiniz?
– Fikirləşdim ki, gələcəkdə lazım ola bilər…
Həsən Həsənovun sözlərinə görə, maaşların kəsilməsilə əlaqədar bölgə koordinatorlarının da narazılığı olub. O, konkret olaraq, Aran bölgəsi üzrə koordinator Sahib Rüstəmlinin adını çəkib. Bu da məhkəmədə iştirak edən Sahib Rüstəmlinin sərt etirazına səbəb olub. Rüstəmli məhkəmənin nəzərinə çatdırıb ki, bu adam yalan danışır: “Niyə böhtan atırsan? Sənin 30 yaşın var, mənim 60. Şikayətim olsaydı, sənə niyə deyirdim? Mən dindar adamam, yalan danışa bilmərəm. Niyə mənim adımdan istifadə edib böhtan atırsan? Ayıb deyil? Hörmətli məhkəmə, bu adam böhtançıdır”.
Yeri gəlmişkən, Həsən Həsənli ifadə verərkən Anar Məmmədli dözməyərək, yerindən onun yalan danışdığını deyib. Bu yerdə hakim Rauf Əliyev Anar Məmmədlini dəmir barmaqlıqlar arasına salmaqla hədələyib:
– Sizə vəkillərinizin yanında oturmağa imkan yaratdığım kimi, geri qaytarmağıma da qanun imkan verir.
Anar Məmmədli:
– Mən altı aydır ki, bu məhkəməni gözləyirəm…
Hakim:
– Mən xəbərdarlığımı etdim. Ikinci xəbərdarlıqdan sonra nə olacaq, onu vəkilləriniz sizə deyər.
Anar Məmmədlinin vəkili Elçin Sadıqov hakimin onun müvəkkilini bu şəkildə hədələməsinə etiraz edib.
Məhkəmə prosesi bu gün davam edəcək.


