Qorxaq ictimai rəy xarici təhlükə qarşısında müqavimət yarada bilməz
Sərdar Bağırzadə ABŞ, Nyu-York
Təqribən, bir həftə bundan əvvəl politoloq Hikmət Hacızadənini facebook səhifəsində maraqlı bir xəbər oxumuşdum. Hikmət bəyin paylaşdığı xəbər Bakıda “Qriqoryev lenti”nin paylanıldığı barədə idi. Bu, ilk dəfə 2005-ci ildə Rusiyanın informasiya agentliyi olan RIA – Novostinin düşünüb-daşındığı bir aksiya olub. Açması – Böyük Vətən Müharibəsində faşizm üzərində qələbəsinin bayram edilməsi anlamına gəlir.
Amma Rusiya mənşəli bu ənənənin Bakıda, həm də, səhv etmirəmsə, bütün MDB üzrə ilk dəfə- təkrar edilməsi adamın yadına o qədər də xoş olmayan olaylar doğurur. Rusiya ənənələrinin Azərbaycanda ictimailəşdirilməsinin arxasında bir siyasi məqsəd dayanmaya bilməz. Azərbaycanda siyasi onay olmadan heç bir ictimai təşkilat Bakı küçələrində özünün planlaşdırdığı aksiyaları keçirə bilmədiyi kimi. Bu aksiyanı təşkil edən “Irəli” adlı təşkilatı tamamilə müstəqil təşəbbüs saysaq belə, mümkün deyil.
Amma söhbət faşizm üzərində qələbənin hansı formada xatırlanmasından getmir. Söhbət ondan gedir ki, faşizm üzərində qələbəni faşizmi yenidən dünyaya gətirən bir ölkənin, Rusiyanın atributlarını Azərbaycanda daşımaq yaxşı nəticələrdən xəbər verə bilməz.
Bunun ardınca peyda olan başqa bir xəbərdə deyildiyi kimi. Rusiya səfirliyi Azərbaycanda da vətəndaşlıq pasportları paylamağa başlayıb.
Bundan dərhal sonra hakimiyyətyanlı cib müxalifətinin liderlərindən biri Azərbaycanda rus hərbi bazalarının qurulması barədə danışır.
Rus nostaljisi hakimiyyətin səyləri olmadan da doğa bilir. Azərbaycan vətəndaşlarının 44 faizə qədəri Rusiya mənşəli pullarla dolanır. Ictimai rəydə Rusiyada özünə cənnət yarada bilən azərbaycanlı biznesmenlər haqqında əfsanələr dolaşmaqdadır. Lap açıq desək, Azərbaycanlı oliqarxların sərvətlərinin həcmi azərbaycanlıları heyrətlənirməzdən əvvəl bizim cəmiyyət Rusiyadakı həmyerlilərimizin var-dövləti haqqında danışırdı. Elə, oliqarxlar da onlara əməlli başlı reveranslar edirdilər və deyəsən, indi də edirlər. Məsələn, Telman Ismayılovun ad günlərində və ya başqa günlərində onunla qol-qola girib rəqs edən oliqarxlarımızın sayını kim bilir Mənim bildiyimə görə bu rəqs dəstgahlarına yalnız Ramil Usubov qoşulmayıb və hətta bir dəfə pul müqabilində Telman Ismayılova kortec təşkil edən DYP əməkdaşını işdən qovub.
Sonra qısa zaman kəsiyi üçün zövqlər dəyişdi. Moskvadakı Azərbaycan mənşəli milyarderlər düşmən elan edildilər. Buna əsaslar da vardı deyəsən. Milyarderlər Putinin ssenarisi üzrə təşkilatlanmaqla və Azərbaycan prezidentini fakt qarşısında qoymaqla bütün rəqs edən oliqarxları və ictimai rəyi heyrətləndirdilər. Pul kimin kontrolundadırsa, rəqsi də, o, sifariş edir. Azərbaycanın milyonerləri və milyarderləri də Ilham Əliyevdən eyni dərəcədə asılıdırlar. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, rəsmi Moskvanın oradakı azərbaycanlılara münasibətilə rəsmi Bakının buradakı azərbaycanlılara münasibəti arasında fərq azdır, ya da yoxdur. Amma azərbaycanlılar rəsmi Moskvanın azərbaycanlılara münasibətinin detallarını öz dərilərində hiss etmədiklərinə görə, hesab edirlər ki, oradakı azərbaycanlılar daha təhlükəsiz və daha təminatlı həyat yaşayırlar. Üstəlik, Rusiyadan gələn pullar hesabına yaşayan ictimailəşməmiş rəylər.
Buna görə də Azərbaycanlıların çoxunda rus və ya sovet nostaljisi tüğyan edir. Adamlar hesab edirlər ki, adına müstəqillik deyilən anlayış Ziya Məmmədovun və ya bu qəbildən olan başqa oliqarxların insanları tapdalayaraq pul qazanması ilə məhdudlaşır və buna görə də bu müstəqilliyi ruslara bağışlayıb əvəzində təminatlı həyat almaq olar. Kislovodskiyə 50 manatlıq putyovka alıb 15 gün dincəlmək olar və s..
Təkrar edirəm, ictimai rəy bərbad daxili siyasətin nəticəsində belə bərbad qənaətə gəlir. Hökumətin daxili siyasəti insanları və ictimai rəyi nəzərə almamaq üzərində qurulub. Bu, insanları vətən və dövlət anlayışlarından iyrəndirir.
Ortalıqda belə bir nəhəng və gizlədilməsi mümkün olmayan fakt varsa, insanları başqa dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək gülünc ittihamdır. Təkcə ona görə yox ki, mən Rauf Mirqədirov, Leyla Yunus,.. kimi ziyalıların başqa dövlətlərə (ən gülməlisi isə Ermənistana) işləməsinə inanmıram. Həm də ona görə ki,Azərbaycanda rəsmi siyasət azərbaycanlılardan başqa hər kəsin mənafelərinə uyğundur. Bu siyasət Azərbaycan vətəndaşlarını nəzərə və vecinə almayan siyasətdir və bu siyasətdən bir an öncə imtina edilməlidir.
Ziyalılar, tanınmış adamlar başqa dövlətlərə işləməzlər. Amma ictimai rəy qapalı şəkildə Azərbaycan hökumətinin siyasətinə adekvat reaksiya verir və bundan qorxmaq lazımdır. Bu o deməkdir ki, hər hansı xarici təhlükə qarşısında ictimai müqavimətin olmayacağını proqnozlaşdırmaq lazımdır. Çox dəhşətli proqnozdur. Bundan qorxmağa dəyər.


