Arif Məlikov: «Polad Bülbüloğlu kimi nazirlər əllərindən gələni elədilər ki…»
«Gərək ağa qara, qaraya ağ deyəsən ki, kiminsə xoşuna gələsən»
“Polad Bülbüloğlu kimi nazirlər-zadlar əllərindən nə gəldisə, elədilər ki, Azərbaycanda Arif Məlikovun əsərləri oynanılmasın. Əsərlərim on illərdir səhnəyə qoyulmur. Bakıda sonuncu dəfə 1982-ci ildə ”Iki ürək dastanı” adlı baletim oynanılıb. Əslində bu gün bizim teatrların ciddi tamaşaları səhnəyə qoymağa səviyyəsi də çatmır. Dilim, düz danışmağım narazılığın yaranmasına səbəb oldu. Azərbaycanda musiqi sənətinin inkişafı çox bərbad haldadır. Çünki normal teatrda ildə bir neçə premyera qoyulmalıdır. Bu açıqlamadan isə nə nazirin, nə də teatr rəhbərliyinin xoşu gəlir. Biz elə zamanda yaşayırıq ki, gərək ağa qara, qaraya ağ deyək. Belə olanda kiminsə xoşuna gəlirsən”.
Bu fikirləri tanınmış bəstəkar, xalq artisti, Azərbaycanın korifey sənətçisi Arif Məlikov “Lent.az”a müsahibəsində səsləndirib. Bəstəkar bildirib ki, dünyada ikinci belə bəstəkar yoxdur ki, sağ ikən onun əsəri bütün dünyada bu qədər səhnəyə qoyulsun: “Mənim ”Məhəbbət əfsanəsi” baletimi dünyada ən çox səhnəyə qoyulan əsər kimi Ginnesin rekordlar kitabına salmaq istəyirlər. Bu baletin kasetləri Yaponiyada dəfələrlə buraxılıb. Bu gün xaricdə yaşayan hər hansı azərbaycanlı bu baletin Rusiyada, Yaponiyada və ya hansısa xarici ölkədə buraxılmış kasetlərinə baxa bilər. Azərbaycanda isə bunu etmirlər. Belə bir məsəl var, deyirlər, öz vətənində peyğəmbər olmaq çətindir. Bütün dünyada məşhur olan üç baletimdən yalnız “Məhəbbət əfsanəsi” 60-cı illərdə Bakıda səhnəyə qoyulub. Bundan sonra bu əsər dünyanın onlarca ölkəsində səhnə ömrünü yaşayıb, özü də davamlı olaraq. Sankt-Peterburqun “Imperator” teatrında bu əsər 50 ildir ki, səhnədən düşmür. Eyni sözləri Moskvanın Böyük Teatrı haqqında da demək olar. 48 ildir ki, Böyük Teatrın səhnəsində “Məhəbbət əfsanəsi” oynanılır. Avropanın ən məşhur teatrları bu əsərə daim müraciət edirlər. Almaniyanın 12 teatrında, o cümlədən Leypsiq, Drezden, Berlin teatrlarında “Məhəbbət əfsanəsi” səhnəyə qoyulub. Rusiyanın bütün teatrlarında, Saratov, Novosibirsk, Yekaterinburq, Çelyabinsk şəhərlərində, Orta Asiya Respublikarında əsərlərimi səhnələşdirirlər. Daşkənddə iki əsərim səhnəyə birdən qoyulur. Ukraynanın bütün teatrlarında adıçəkliən baletim səhnələşdirilib. Türkiyənin Ankara teatrında iki baletim, Sofiya, Istanbul teatrlarında isə “Məhəbbət əfsanəsi” səhnə ömrü yaşayır. Helsinkidə, keçmiş Yuqoslaviyada, Moldovada bu baletə dönə-dönə qayıdırlar. Bu teatrların qastrol səfərlərində “Məhəbbət əfsanəsi” bütün dünyanı gəzib”.