Daxili Işlər Nazirliyi ayrı-seçkiliyi danır
«Müxalifətin aksiyası qəddarlıqla dağıdılır, YAP-çıların icazəsiz aksiyasına isə polis «vaxtında» gəlib çıxmır»
Müxalifətin keçirdiyi etiraz aksiyalarında polisin davranışı şərh tələb etmir. Aksiya iştirakçılarına qarşı qəddarlıqla yanaşı mitinqə bir neçə gün qalmış fəal müxalifətçilər təzyiq və təqiblə üzləşir, onların bir qismi müxtəlif müddətə həbs cəzası alır.
Aksiya keçirilən gün isə polis şəhərin mərkəzini mühasirəyə alır, hətta mitinqə qatılmayan insanlara da əlavə problemlər yaradır. Bəhanə kimi isə aksiyanın icazəsiz keçirildiyi göstərilir. Polis müxalifətin aksiyalarında xüsusi qəddarlıq göstərsə də, AXCP sədri Əli Kərimlinin evi və Müsavat Partiyasının qərargahı qarşısında YAP-ın təşkil etdiyi aksiyalarda fərqli münasibətin şahidi olduq. Baxmayaraq ki, bu aksiyalar da icazəsiz idi. Müxalifətin və YAP-ın təşkil etdiyi aksiyalarda digər bir fərq isə orada səsləndirilən şüarlardadır. Müxalifətçilərdən fərqli olaraq YAP-çılar daha çox təhqirlərə üstünlük verir. Maraqlıdır ki, polis bu cür aksiyalar başlanandan bir müddət sonra hadisə yerinə gəlir və mülayim davranışı ilə diqqəti çəkir. Belə bir ayrı-seçkiliyin səbəbi bizə bəlli olsa da, buna hüquq-mühafizə orqanları nümayəndəsinin münasibətini öyrənmək istədik və suallarımızı Daxili Işlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadəyə ünvanladıq.
– Polis müxalifətin və YAP-ın icazəsiz aksiyalarına fərqli münasibət göstərir. Bu ayrı-seçkiliyin səbəbi nədir?
– Deməzdim ki, ayrı-seçkilik olur. Çünki ümumiyyətlə, icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınır. Dünənə qədər də keçirilən bütün aksiyaların qarşısı polis tərəfindən alınıb və saxlanılanlar olub. Onlar barədə inzibati tənbeh tədbirləri görülüb. Ona görə də bu sizin subyektiv fikrinizdir. Biz belə düşünmürük.
– Müxalifətin aksiya keçirəcəyi yer əvvəlcədən mühasirəyə alınır, giriş-çıxış yasaqlanır. Ancaq hakimiyyətyönlülərin aksiyasında belə olmur. Bu ayrı-seçkilik deyil?
– Hər cür müqayisə qüsurludur. Ona görə müqayisə etməzdim. Polis öz üzərinə düşəni edib. Qanunsuz aksiyaların qarşısı alınıb. Kimsə polisə müqavimət göstərir, tələblərinə tabe olmursa, onların barəsində qanunda nəzərdə tutulan inzibati tədbirlər görülür. Ona görə aksiyaları müqayisə edib fərq tapmağın özü də yanlış mövqedir.
– Müxalifətin aksiyalarında həbs edilənlərin bəzilərinə bir neçə sutkalıq cəza verilir. Hətta aksiyadan əvvəl də həbslər olur. Ancaq nə Əli Kərimlinin evi qarşısında, nə də Müsavat Partiyasının qərargahı qarşısında keçirilən aksiyalarda iştirak edənlərlə bağlı belə qərar olub. Bu fərqi nə ilə izah edirsiniz?
– Hamı sutkalıq iş almalı deyil ki. Hər bir hadisəyə konkret baxmaq lazımdır. Ümumi prizmadan yanaşmaq lazım deyil. Polisin qanuni tələblərinə qarşı olan reaksiyaya adekvat tədbir görülür. Dünənki tədbirdə bir neçə adam saxlanılmışdı.
– Bu gün (dünən) də belə bir aksiya olub. Aksiya başlayandan xeyli müddət sonra hələ orada polis yox idi. Buna nə ad verək?
– O barədə bir söz deyə bilmərəm. Polis üzərinə düşən vəzifəni yerinə yetirir.
Fizzə