Onun «xain» əməliyyatından qazandıqları və ya sonuncu avropalı dost necə itirildi?
Hökumətin “agent axtarışı” əməliyyatına son verməməsi bizi vadar etdi ki, bu məsələnin detallarından bir də yazaq. Söhbət ondan gedir ki, bu “əməliyyat” qara parçaya ağ sapla tikilmiş yamaq kimidir, yəni, əhatəsi hamıya bəllidir. Ondan başlayaq ki, bu olay da birbaşa siyasi sifarişin göstəricisidir. Bunu sübut edən xırda və iri həqiqətlər var. Hakimiyyətdaxili çalxalanmalar, “Nurçu ovu” kimi məsələlərin də bu olaylarla müəyyən əlaqəsi olmamış deyil. Görək nədir?
Rus hücumu – Ləmbəranski
Bu, mistika ola bilər, bəlkə də. Amma psixoloqlar bunun elmi əsası olduğunu daha yaxşı izah edə bilərlər. Və riyaziyyatın ali qanunlarına inandığım kimi inanıram ki, bu, tam belədir. Rusiyanın Bakıda həbs etmək istədiyi adamları məhz rus soyadı sonluğunu sevə-sevə daşıyan Ibrahim Ləmbəranski istintaq etməlidir. Ola bilsin, öz soyadında həm də Moskvanın əzəmətinə mənəvi tarixi bağlılıq hiss edir. Ona görə də özünü müstəqil ölkənin müstəntiqi kimi yox, qəddar imperiya müstəntiqi kimi aparır.
Ibrahim Ləmbəranski həm də bu gün aclıqlarının 19-cu gününə qədəm qoyan NIDA-çı gənclərin işini aparan istintaq qrupuna rəhbərlik edib. Indi isə o, müvafiq əməliyyat-axtarış işləri üzrə komissiyanın rəhbəridir. Imperiya paytaxtından gəlmiş komissiyanın, sanki.
Ləmbəranski özünü o qədər soyuqqanlı aparır ki, sanki o, qisas alır. Və bunu düşünüb edir. Sanki görmür ki, baş verənlər onun baş rolda olduğu tarixi faciədir. O, bu tamaşadakı rolundan zövq alır.
NIDA-çı gəncləri istintaq edən şəxsi bu cinayət işində də görmək yalnız bunu deyir – daha bir mərkəzi əmr; daha bir siyasi həbs; daha bir imperialist revanş; müstəqilliyə və onun keşikçilərinə daha bir hücum!
Rusiya cəbhə boyu hücumdadır
Moskva bütün cəbhə boyu – Moldovadan Azərbaycana kimi hücumdadır. Bəzən dostlarımız arasında elə sadəlövh tapılır ki, “Rusiya Baltikyanı ölkələrdə demokratiyanın olmasını qəbul edib, amma bunun genişlənməsini istəmir” desin. Bu belədirmi? Qətiyyən yox. Çünki imperializm sərhədlə ölçmür, gedə bildiyi qədər gedir. Cəmi iki il öncə Estoniyada Kremlə meylli rus əhalinin törətdiyi provakasiyanı xatırlamırsınızmı? Bu dəfə isə Ukrayna cəbhəsindəki müvəqqəti isterik üstünlük ona imkan yaratdı ki, başqa cəbhələrdə də möhkəmlənmək addımları atsın. Rusiyanın bu addımları kiminsə sərvətini almaq və ya hakimiyyətdən yıxmaq planı ilə olmur. O, öz komissarları vasitəsilə azadlıq istəyən, azadlığın və suverenliyin davamlı olması üçün çalışan insanları sıradan çıxarır. Bu, XX əsrin əvvəllərində də belə olub. Ötən əsrin 80-ci illərində də. Bu gün də belədir.
Əliyevlər isə heç şübhəsiz, Kremlə mənəvi cəhətdən bağlı olan bir ailədir və onların bu işdə müttəfiqi də başqa xırda Kremllə meyllilərdir. Biz indi böyük mənada, Rusiya imperiyasının ölüm-dirim savaşını görürük. “SSRI çökdü” deyənlər indi görürlər ki, bu, sadəcə, bir elan imiş. Onun çöküşünün təntənəsi Rusiya da daxil olmaqla, bütün post-sovet məkanında azad və ədalətli məhkəmə sisteminə, müstəqil hakimiyyət bölgüsünə malik dövlətlərin formalaşmasından sonra olacaq. Bu gün isə dialektik məntiqlə “ya mənimləsən, ya da mənə qarşısan” deyən Rusiya öz imperiya subyektlərini ən zəif yerləri ilə idarə edir. Ermənistanı işğal etdiyi torpaqlarla, Ukraynanı Krım və Şərq vilayətlərilə, Azərbaycanı isə iqtidardakıların hakimiyyət düşkünlüyü və müxaliflərinə nifrətilə…
Agentlə əməkdaşlıq?
Leyla Yunus deyir ki, onunla əməkdaşlıq edən xanım QHT rəhbərlərini saatlarla istintaqda saxlayıb, sonra da təklif edirlər ki, Leyla Yunusun ermənilərə işləməsinin şahidi olduğunu desəniz, sizi buraxacağıq. Amma bunu deməsəniz, onunla birlikdə türməyə gedəcəksiniz.
Bu epizod Rəşad Həsənovun üzünə durması üçün işgəncə verilən gənc NIDA-çını xatırlatmadımı?
Yaxud başqa bir halda, Leyla Yunusun özünə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin rəisi Eldar Əhmədovdan təklif gəlir ki, bizimlə əməkdaşlıq et. Deməzlərmi ki, əlində bunun agent olduğuna dair sübut varsa, niyə onunla əməkdaşlıq edirsən? Yoxdursa, niyə ona “agent” deyirsən? Yaxud da sən kimsən: MTN, yoxsa prokurorluq?
Bütün bunlar isə onu göstərir ki, hakimiyyətin bu iş üzrə vəziyyəti çox gərgindir. Rusiyanın uğurlu revanşı uzun çəkmədi. Çəkə bilməzdi də. Onun buna nə siyasi, nə də iqtisadi imkanları var. Üstəlik, beynəlxalq münasibətlər sistemində ciddi mövqe itkiləri yaşayır. Ona görə də indi ümid ona qalıb ki, sübut tapılmadığı üçün mənəvi və fiziki işgəncə verməklə “etiraf” alsınlar. Bu alınacaqmı? Alınsa belə, hakimiyyəti xilas edəcəkmi?
Ilham Əliyevdən gizlədilən həqiqət
Heç şübhəsiz ki, baş verənlər Ilham Əliyevin birbaşa tapşırıqları əsasında olur. Onu inandırırlar ki, bu cür “neqativ ünsürlər” təmizlənməsə, çox ciddi fəsadlar ola bilər. Ilham Əliyevə bu məsləhəti verənlər ondan bir həqiqəti gizlədirlər. Məsələ burasındadır ki, baş verən hər bir bu cür hadisə hakimiyyətə heç nə qazandırmır. Əksinə, onun vaxtını daraldır, vəziyyəti sərtləşdirir və neqativ münasibəti daha çox hakimiyyətin üzərinə çəkir. Motivin nə olmasından asılı olmayaraq, Azərbaycan polisinin (Azərbaycan polisi formasını geyinmiş birinin) qadına qarşı son dərəcə kobud və əxlaqa zidd davranışı bu olayın ictimai siyasi yükünü bilməyən sadə insanlarda belə, qəzəb yaratmamış deyil. Azərbaycanda yumurtanın qiymətinə, “stoyanşik”in yığdığı pulun hara getməsinə nəzarət edən bir rəhbərin olduğunu düşünən hər kəs deyir ki, bu da onun nəzarətində baş verən bir hadisədir. Ilham Əliyev bilməlidir ki, hər bu cür hadisə daha nə qədər insanda səbr kasasını daşıran sonuncu damla olur. Ona görə də bu isterikanın qələbə ilə nəticələnəcəyini düşünmək yersizdir.
Üstəlik, nəzərə alaq ki, bu sonuncu olay Əliyevin normal münasibətdə olduğu Fransa ilə münasibətlərə də ciddi bir kölgə saldı. Hər halda, xırda “qazanc” deyil. Ideya müəllifinə mütləq təşəkkür düşür.
Seymur Həzi