Əli Həsənovun heroin ittihamına cavab verilməlidir

Əyyub Kərimov: «Baş nazirin müavininin dediklərini «Azadlıq» qəzeti yazsaydı, indi tufan qoparardılar»

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Işi üzrə Dövlət Komitəsinin, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun nakotiklərin yox edilməsin zamanı neqativ hallara yol verildiyini açıqlayıb.  O, bildirib ki, bəzi qurumlar heroin əvəzinə paraşok yandırırlar. Daha sonra Əli Həsənov narkotik aludəçiləri arasında vəzifəli şəxslərin də olduğunu söyləyib. Əli Həsənov həmin şəxslərin adını açıqlamayıb: “Bu profilaktik tədbir olduğuna görə, həmin şəxslərin adı açıqlanmır” – deyə Əli Həsənov bildirib.

Qeyd edək ki, səslənən fikirlər olduqca ciddi məsələdi və bu fikirləri sıradan bir adam səsləndirmir. Əgər baş nazirin müavini deyirsə ki, heroin əvəzinə paraşok yandırılır, bəzi vəzifəlilərin narkotik asılılığı var, deməli bildiyi konkret faktlar var.

Əslində, Əli Həsənovun səsləndirdiyi fikirlərə qeyri-real yanaşmağa haqqımız yoxdur və səslənən fikirlər Azərbaycan reallığında mümkün olan haldır.

Tez-tez televiziya ekranından göstərirlər ki, hansısa cinayətkar dəstə yaxalanıb və külli miqdarda narkotik maddə müsadirə olunub. Sonra da, göstərirlər ki, həmin narkotik maddə yandırılır. Amma əhali arasında da belə fikirlər dolaşır ki, yandırılan həqiqi narkotik deyil.  

Vəzifəli şəxslər arasında narkotik asılılığı olanlar təbii ki, var. Ancaq, bu günə qədər hansısa vəzifəli şəxsin bu maddəylə məsuliyyətə cəlb edildiyinin şahidi olmamışıq.

Hüquqşünas Əyyub Kərimov hesab edir ki, bu tipli məlumatlar ictimailəşməlidir və əhaliyə məlumat verilməlidi: “Polis idarələrində daxili təhqiqat şöbələri var və bu şöbənin fəaliyyəti nəticəsində narkotik asılılığı olan polis əməkdaşları vəzifələrindən kənarlaşdırılır. Polis əməkdaşları arasında da kifayət qədər narkotik istifadəçisi var və mən bir neçə belə şəxs barədə tədbir görüldüyünün şahidi olmuşam. Belə hallar ictimailəşdirilməlidir. Bunlar elə düşünürlər ki, bu ictimailəşsə polisin nüfuzuna xələl gələr. Digər vəzifəli şəxslərlə bağlı reallıq da ictimailəşməlidir. Onsuz da cəmiyyətə məlumat sızır. Eyni zamanda belə hallar ictimailəşməyəndə cəmiyyətdə dedi-qodu, şaiyələr geniş vüsət alır”.

Ekspert onu da əlavə etdi ki, baş nazirin müavini belə bir açıqlama verirsə, daxili işlər naziri səslənən fikirlərə aydınlıq gətiməlidir: “MTN daha çox bu halların  qaçaqmalçılıq hissəssilə məşğul olur. Və tez-tez məlumat verilir ki, hansısa miqdarda narkotik maddə aşkar olunub. Təbii ki, narkotik vasitələrin yandırılması məsələsində də  müəyyən fəndlər işlədilir. Ya bu vasitəni kiməsə bağışlayırlar, ya özləri istifadə edirlər, ya da oğurlayırlar. Yekunda isə akt tərtib olunur ki, filan qədər narkotik maddə məhv edilib. Yenədə o fikrin üzərində qalıram ki, baş verənlər ictimailəşdirilməlidir. Təsəvvür edin bir vəzifəli şəxs narkotik düşgünüdür və bu adam dövlətin taleyüklü məsələsinə görə qərar qəbul edir. Hesab edirəm ki, Ramil Usubov və ya onun müavinləri bu məqamlara aydınlıq gətirməlidir. Xəstəliyi gizlətməklə müalicə etmək olmaz. Həm də bu fikirləri baş nazirin müavini söyləyib. Əgər bu haqda  ”Azadlıq” qəzeti yazsaydı, indi tufan başlamışdı. Qəzeti şər-böhtan yazmaqda, inkişafı görməməkdə ittiham edərdilər. Normal ölkələrdə belə hallar dərhal ictimai müzakirəyə çıxarılır və cəmiyyət də məmnun qalır. Bizdə isə hamı gizlətmək ustasıdır”.

Akif