Bakı ilə İrəvan diqqəti yayındırmaq istəyir

Bu məqsədlə Qarabağda hərbi əməliyyatların başlama ehtimalı realdır

Fuad Qəhrəmanlı: «Demokratiyanın qarşısının alınması üçün Azərbaycanla Ermənistan Rusiyanın ssenarisi ilə hərbi əməliyyatlara başlaya bilər»

Cənubi Qafqazda demokratik proseslərin yenidən baş qaldırdığı bir məqamda Azərbaycan və Ermənistan hökumətləri ATƏT-in Minsk qrupunu tənqid atəşinə tutmaqdadır. Hətta bəzi məqamlarda bir qədər də irəliyə gedilərək ATƏT-in fəaliyyəti sıradan bir QHT-nin aktivliyi ilə müqayisə olunub. Ekspertlərin fikrincə, bütün bu proseslərin hazırda baş verməsi təsadüfi deyil və konkret məqsədlərə xidmət edir. Həmin məqsədə gəlincə, burada Azərbaycan və Ermənistan hökumətlərinin mövqeləri üst-üstə düşür. Söhbət hər iki ölkədə baş qaldıran demokratik proseslərin boğulmasından gedir. Hətta bəzi mülahizələrə görə, həm daxili ictimai rəyin, həm də beynəlxalq aləmin diqqətinin demokratik proseslərdən yayındırılması məqsədilə Bakı və Yerevan lokal hərbi əməliyyatlara başlaya da bilərlər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, hazırkı situasiyada Qarabağda hərbi əməliyyatların başlama ehtimalı real ola bilər. Hər iki ölkədə avtoritar rejimlərin Yaxın Şərqdəki ərəb dalğasının Cənubi Qafqaza gəlib çıxmasından narahatlıq keçirdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, buna səbəb Azərbaycan və Ermənistanda da demokratik proseslərin vüsət almasıdır: “Hər iki xalqda real dəyişikliklərlə bağlı ciddi ümidlər yaranıb. Rusiya hazırda cərəyan edən proseslərdən narahatdır. Çünki demokratikləşmə prosesinin geniş vüsət alması Ermənistanı Kremlin nəzarətindən çıxara bilər. Azərbaycanda isə tam Qərbyönlü siyasət yürüdən hakimiyyət qurula bilər. Ona görə də istisna deyil ki, bütün bunların qarşısını almaq məqsədilə Azərbaycan və Ermənistan Rusiyanın nəzarəti altında və ssenarisi ilə hərbi əməliyyatlara başlaya bilər. Bu zaman isə istər-istəməz demokratikləşmə məsələsi arxa plana keçəcək. Eyni zamanda beynəlxalq birliyin də diqqəti məhz Qarabağ probleminə yönələcək. Burada məqsəd vaxt udulmasıdır ki, nəticədə ərəb dalğasının həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinə təsiri arxada qalsın”.
F.Qəhrəmanlı vurğuladı ki, müharibə şəraitində hakimiyyət siyasi repressiyalara başlamaq üçün siyasi-ideoloji zəmin əldə edəcək. Bu zaman isə iqtidarın siyasi rəqiblərinə qarşı “səlib yürüşü”nə çıxacağı istisna olunmur.

Xəyal