qenimetzahid-yeni

İlham Əliyev ruslara təslim olmamışdan öncə…

Bu nə sərvət mübadiləsidir, xeyir ola?

Bölgənin lider dövlətinin hakimiyyəti təkərə düşüb. Rusiya Ukraynaya yarımçıq qalmış təcavüzünün arxasından qaçmaqda ikən Azərbaycan hakimiyyətinin kuluarlarındakı ovqatın daşıyıcısı olan bəzi elementlər Rusiyaya müraciət etməyi və ölkədə rus qoşunlarının bazasının yerləşdirilməsini təklif edirlər. Əlbəttə, bəziləri deyə bilərlər ki, bu təklifi səsləndirən adam hakimiyyətlə birbaşa əlaqəsi olmayan “cib müxalifəti”nin təmsilçisidir. Amma sizi əmin edirəm ki, bu adam İlham Əliyevlə birbaşa telefon əlaqəsi saxlaya bilən, onun qəbulunda tez-tez görükən azsaylı şəxslərdən biridir. Bu, faktdır. 

Yəni, bu təklif hakimiyyyətin məlumat qıtlığı çəkən dəhlizlərindən deyil, məlumatlı dəhlizlərindən səsləndirilir. Eynən, benzinin qiymətinin qaldırılacağı kimi sinir yoxlaması əməliyyatına bənzəyir. Və təsadüfi deyil. Bu hakimiyyət ölkəni satmağa da, icarəyə verməyə də hazırdır. Başlıca məqsəd də budur ki, 20 ildən artıqdır topladıqları sərvətin təhlükəsizliyinə təminat alsınlar. Bu təminatı verən istənilən tərəfə Azərbaycanı təqdim etməyə hazırdırlar.

Həm də, bu təklif o dəhlizlərdən səsləndirilir ki, oralarda vətəndaş cəmiyyəti fəallarını Vətənə xəyanətdə ittiham etməyə həvəsli yeni tendensiyalar peyda olub.

Vətənə xəyanət daha necə olur ki? Niyə cəmiyyəti virtual xəyanətlər haqqında nağıllarla yemləyənlər Azərbaycanı yad ölkənin caynaqlarına təqdim etmək üçün bəyanatlar səsləndirən rəsmi şəxslərin mülahizələrinə barmaqarası baxmalıdır?

Azərbaycanı bir-birinə satıblar, alıblar, kirayə veriblər, borc götürüblər, faizlə bir-birinin üzərinə atıblar. Bir məmləkəti nə qədər sümürmək mümkündürsə, o qədər sümürüblər və bundan daha 50 il, 100 il sonra da eyni iştaha ilə sümürəcək qədər tamahları var. 

Hansısa Arif Paşayev adlı tanınmamış biznesmen 5 milyardlıq sərvət sahibi olub, bunu prezidentin övladlarına təqdim edir. Guya, adam alnının təri, beyninin zəkası ilə sərvət toplayıb, indi də onu nəvələrinə hədiyyə edir. Pahooo!!! Kimə nömrə gəlirsiniz, ay xəbər yayıcıları? Axı işin əsli başqa cür olmalıdır! İşin əsli budur ki, prezident ailəsinin biznesi bu zamana qədər özlərinə yaxın və ya özlərindən asılı saydıqları insanların adlarına rəsmiləşdirilib, indi isə “daşları yığmaq zamanı”nın gəldiyini hiss edib sərvətlərini bir əldə toplayırlar. İşin əsli budur. 

Azərbaycanda rus qoşunlarının bazalarının yaradılması təklifi rəsmi bəyanatdır. Ölkənin gücsüz və dişsiz duruma salındığını göstərən bir bəyanatdır. Yəni, hərbi güc və diplomatik dişsizlik hakimiyyətin eşalonunda o qədər bədbin ovqat yaradıb ki, onlar bizim ölkəmizdən minlərlə kilometr aralıda əsən ruzigardan qorxaraq tələm-tələsik kiməsə təslim olmağa başlayıblar. Axı, prezidentin övladlarına lap bu günlərdə qət-təzə 5 milyard bağışlanılıb və böyük kataklizmlər bu 5 milyarda və hələ hesab-kitablardan uzaqda olan daha nə qədər milyardlara təhlükə yarada bilər. Ölkə böyük kataklizmlərə hazır deyil və deyəsən, heç zaman hazır olmayıb. 2008-ci ildə, Gürcüstanla 6 günlük müharibə zamanı İlham Əliyevin inadla Pekində oturub olimpiadanı izlədiyini xatırlayırsınızmı? O, inadla stadiondan bayıra çıxmadı. Sanki hərbi təyyarələr bunun ölkəsinin qulağının dibində guruldamırdı. Sən demə, o zamanlar Çindən su qiymətinə alınan və Azərbaycanda od bahasına rəsmiləşdirilən «London taksiləri»nin gəlirinə bənzər hansısa gəlirləri hesablayırmış. Dar macalda.

Hanı bəs bu ölkənin 3 milyardlıq büdcəsi olan ordusu? Bu qədər pulu ordu adına basıb yeyəndə düşünürlərmi ki, Azərbaycan Rusiya, İran kimi böyük ölkələrin əhatəsindədir və ölkənin təhlükəsizlik doktrinası buna uyğun qurulmalı, yazılmalıdır. 

Bu ölkənin ordusu var və onu Ukraynada əsən küləklərin qarşısında təslim etməkdir Vətənə xəyanətin açıq-aşkar görüntüləri!

Azərbaycan ordusu Rusiya ilə döyüşə bilərmi? Nədən də bilməsin? Bəyəm bu dünyada yalnız Rusiya və Azərbaycan qalıbmı ki, Rusiya bütün hərbi arsenalını Azərbaycanın üzərinə töksün? 

Bəs bu ölkənin yekə-yekə bəyanatlar səsləndirən, açıqlamalar verən, dünya boyu zəfər yürüşü tərənnüm edilən diplomatiyası hansı cəhənnəmdə qalıb ki? 

Deyəsən, elə həmin cəhənnəmdə qalıb. Bütün mütərəqqi dünya Azərbaycan hakimiyyətindən və İlham Əliyevdən tələb edəndə ki, öz vətəndaşlarına düşmən ölkənin əsir götürülmüş hərbçiləri kimi davranma, bunlar həmin diplomatiyanı işə salır və başlarını kürü bankasından çıxarmırdılar. Avropaya kürü yeridir, Rusiya siyasətinə isə milyonlarla rüşvət verirdilər. Beləcə, dünyanı rüşvətlə ələ kemirməyi öz diplomatiyalarının dominant xətti elan etmişdilər. Təsəvvür edirsinizmi? Elxan Süleymanov adlı bir adam Azərbaycan diplomatiyasının şah əsərlərindən birinə çevrilib! 

İndi isə rusları dəvət edirlər və Arif Paşayev də prezidentin övladlarına 5 milyardlıq sərvət əta eləyir. Niyə? Nə baş verib? Ad günüdür? Hardan vı nə zaman açıldı bu dərgah qapısı Arif Paşayevin üzünə ki, 5 milyard qazandı və indi də onu nəvələrinə, İlham Əliyevin övladlarına hədiyyə etdi? 

Başqa kim nəyi hədiyyə edəcək deyə jestdirmi? Bəlkə, darmacalda oliqarxlara işarədir? Nümunə götürsünlər deyə. Bir halda ki, Arif Paşayev adlı iş adamı (hərçənd, belə bir iş adamının olduğunu bu zamana qədər kimsə görməmiş və eşitməmişdi) öz sərvətinin hamısını İlham Əliyevin övladlarına verir, o zaman oliqarxlar da irəli durmalıdırlar…

Azərbaycanı ruslara təslim etməmişdən əvvəl cənab İlham Əliyev barxanasını yenidən bağlamaq fikrinə düşüb. Xəbəri “Arif Paşayev nəvələrinə 5 milyard bağışladı” kimi anlamayın. Çünki Arif Paşayevin İlham Əlieyvin övladlarından başqa da nəvələri var və onlar bu baba səxavətindən pay almayıblar. 

Bu pay-parça əməliyyatının fonunda isə İlham Əliyev daha böyük səxavət göstərirmiş kimi görünür. O, Azərbaycanı hədiyyə etmək fikrinə düşüb, deyəsən. Yoxsa, ərköyün cib müxalifətinin hünəri deyil belə bəyanatlar vermək.