YAP-dan sonrakı həyat

Dünya getdikcə bizdən aralanmağa başlayıb. Bəşəriyyəti başqa planetlərdə canlıların, cənnətin, cəhənnəmin olub-olmaması maraqlandırdığı halda, biz YAP-dan sonrakı “həyat” haqqında düşünmək əvəzinə, əvvəlki dövrün nostaljisi ilə təsəlli tapırıq.

Mənim də uşaqlıq və yeniyetməlik dövrüm o illərə, yəni durğunluq dövrünə təsadüf edib. Məhz bu səbəbdən, şəxsən o illərin xiffətini çəkənləri bəzən anlamaqda çətinlik çəkirəm. Bəzən də ürək ağrısı ilə onlara haqq verirəm.   

Xatirələr müxtəlifdir, hamısında da vəziyyət ötənlərin xeyrinədir. Bu gün bir çoxlarının içində bir “mini SSRI” sevgisi var. Baxmayaraq ki, həmin dövrdə başqa müttəfiq respublikalardan fərqli olaraq, Azərbaycanda vəziyyət çox ağır idi. Adi kərə yağı almaq üçün qonşu Gürcüstana, Dağıstana, nə gizlədək, Ermənistana gedirdik. Gürcü, erməni və başqa millətlərin təhqiramiz baxışları altında zənbilimizi doldurub, evə qayıdırdıq. Azərbaycan o zaman müttəfiq respublikalar arasında Ittifaq planını ikiqat yerinə yetirirdi, pambıq, üzüm, meyvə-tərəvəz, ət-süd satışında Keçici Qırmızı Bayraq hər dəfə Bakıya təqdim edilirdi. Inanmayan varsa, 70-80-ci illərin dövri mətbuatını araşdırsın. 

Kənd mağazalarında üzüm yığımı zamanı qənd, şəkər tozu tapmaq qeyri-mümkün olurdu. Üzümün şəkərliliyini artırmaq üçün ona qənd-şəkər tozu əlavə edilirdi. Kənddə yaşayanlar yaxşı xatırlayarlar, marqarin, günəbaxan və pambıq yağlarının kəskin iyindən nəinki dükana girmək, hətta onun 20-30 metrliyindən keçmək belə əzab idi. Ədalət naminə deyək ki, “Azərsun”un bu gün bizə sırıdıqlarının yanında o məhsulların da həsrətini çəkirik. Mən ötənlərdə də yazmışdım, durğunluq dövrünün Azərbaycan kolxozçusu yalnız blokadada olan Leninqrad sakini, eləcə də Xirosima və Naqasaki faciələri zamanı sağ qalmış yaponlarla müqayisə oluna bilər. Gün çıxandan batana qədər işləyən, bu insanlar üçün istirahət günü “mövcud deyildi”, kişilərə nisbətən qadınların işi daha çətin idi. Onlar körpələrini belə tarlada əmizdirirdilər. Bu gün sağ qalan o 65-70 yaşlı insanların çöhrələrinə baxanda o illərin nişanəsini görmək mümkündür. Çoxları, xüsusən də qadınlar sanki yumağa bənzəyirlər. 

Biz o zaman məktəbli idik, amma 9 ayın təxminən yarısını tarlalarda keçirirdik, yaz aylarında alaq etməyə başlayırdıq, avqustdan noyabra qədər isə, məcburi olaraq, məhsul yığımında iştirak edirdik. Beşinci sinifdən etibarən, əlbəttə…

Bütün bunları bizə yaşadan o zaman respublikaya rəhbərlik edən, mərhum Heydər Əliyev idi. Bu tarixdir, bunu danmaq qeyri-mümkündür. Biz bunu yaşamışıq. Təsəvvür edə bilirsinizmi, onun vaxtında dövlətə məhsul satışının 100% yerinə yetirilməsi faciə idi. Həmin rayonun rəhbərliyi çox təsadüfi hallarda cəzadan yayına bilirdi. 

Başqa respublikalardan fərqli olaraq Azərbaycanda rüşvət də çiçəklənmişdi. Ali məktəb və texnikumlara qəbulda rüşvət adi hala çevrilmişdi. Hətta kolxozda sürücü işləmək üçün rüşvət vermək lazım gəlirdi. Yeni QAZ-53 üçün, nə az-nə çox düz 3 min manat tələb olunurdu və s. Zənnimcə, kifayətdir…

Bəli, əziz oxucu, insanlarımız bu gün o dəhşətli illərin belə həsrətini çəkir. Son iyirmi və 70-80-ci illər arasında müqayisələr aparırlar. 

Mübarizə aparmalı olduqları halda, əlbəttə. Bəzi insanlarımız nədənsə, elə fikirləşirlər ki, Əliyevlər rejimi əbədidir və ondan sonrasını fikirləşmək istəmirlər. Burada onların kiçik fasilə ilə, respublikaya 40 ildən çox hakim (qənim – X.Ə.) kəsilməsi də mühüm rol oynayır.

Çəkinmədən söyləyirəm, bu “iş” dünyanın hər hansı bir xalqının başına gətirilsəydi, o xalqdan əsər-əlamət qalmazdı. Heç təsadüfi deyil ki, bu gün ermənilər torpaqlarımızın işğalı ilə paralel olaraq, bizim folklorumuzu, musiqi və musiqi alətlərimizi, mətbəximizi öz adına çıxmaqda davam edir.  

Onlar hesablayırlar ki, bu gedişlə, yəni Əliyevlər rejimi ilə daha bir neçə on il ərzində baş-başa qalmağımız bizi, “milli amneziya”ya (!) doğru sürükləyəcək. Cəmiyyətimizdəki neqativ halları da bura əlavə edən ermənilər, nədənsə buna çox ümid edirlər…

…Bu gün bəşər övladı, ortada ciddi sübut olmasa da, yad planetlərdə həyatın olması, axirət dünyasının mövcudluğu kimi məsələlər üzərində düşünür və buna pul xərcləyir.

Etiraf edək, biz geri qalmışıq, hələ də çoxumuz… YAP-dan sonrakı həyata(!) inanmaqda çətinlik çəkir…