(Əzəni qoyub, əziləni müzakirə edənlərə)
Mayın 6-da Azərbaycan hakimiyyəti 8 işıqlı gəncə həbs hökmü oxuyacaq. “Leyla Yunusun polisə qışqırdığını ona yaraşdırmıram” deyənlər, bəlkə deyəsiniz, bu gənclərin də heykələ qışqırdığını onlara yaraşdırırsınızmı? Heç bir əsas olmadan, aşkar, hamının bildiyi şəkildə ölkənin nümunəvi gənclərini şərləyərək həbsə atırlar. Di doyunca dövlətçilikdən danışın, əxlaqdan dəm vurun. Sizə görə əxlaq budurmu – əzəni qoyub, əziləni müzakirə etmək? Əxlaq sütül və günahsız gəncləri şərləyəndə dövlətçiliyin, mentalitetin, etikanın vacib şərtlərindən dəm vurmaqdırmı?
Zülmün vurhavur anlarında nəzakət axtaranlar! Bir neçə dəqiqəyə aşağıdakı mətni oxusunlar. Həbs edilən gənclərin nə işlə məşğul olduğu, arzuları, amalları orada yazılıb. Görün o amalla yola çıxan gəncləri həbs edənlər sizin əxlaq tələbləriniz gözləyibmi? Bu, NIDA təşkilatının manifestidir. Aramla, sakitcə oxuyun:
“Bizim indiyə qədər baş vermiş ictimai-siyasi olaylar haqqında fikirlərimiz müxtəlif ola bilər. Ancaq NIDA keçmiş barədə mübahisələrə vaxt itirməməyi təklif edir! Bizi gələcək maraqlandırır!
Bizim vətəndaşları adətən mənafeçi və passiv hesab edirlər. Ancaq digərləri də var: düşünən, cəsarətli, öz ölkəsinin taleyinə biganə olmayan və onun gələcəyi üçün üzərinə məsuliyyət götürməyə hazır olanlar. Biz hələ çox azıq, ancaq biz artıq varıq və hər yeni gün daha da çoxalacağıq!
Biz NIDAda nə edirik?
NIDAçılar öz hüquqlarını bilir, qoruyur və ideyalarını reallaşdırmaq əzmindədir! Biz pul qazanmaq və karyera qurmaq haqqında düşünmürük! Çünki azadlıqlar olmayınca heç bir xalq səfalətdən qurtulmur, heç bir ölkə həqiqi inkişafa nail olmur, onun vətəndaşları da xoş gələcəyini qura bilmir. Azadlıq olmayan ölkədə heç kim bəlalardan sığortalanmayıb. Tarix onu da sübut etdi ki, xalqlar azadlıq və həqiqət əldə etmədikcə, çörək və rifah da qazana bilmir.
NIDA azadlıq, ədalət və həqiqət istəyir! Bunun üçün biz özümüz hakimiyyətə gəlmək istəmirik! Lakin NIDA ölkəmizdə dəyişikliklər istəyir! NIDA ölkəmizdə hakimiyyətin xalqın iradəsi ilə qurulmasına tərəfdardır.
NIDA Vətənə sevgini öz işləri ilə sübut etmək istəyir, biz öz vətənpərvərliyimiz barədə boşboğazlıqla qışqırmırıq!
NIDA zorakılığa “yox!” deyir və öz fəaliyyətində qeyri-zorakı mübarizə formalarından istifadə edir!
NIDAnın tələbləri:
Biz azad və inkişaf etmiş dövlətdə yaşamaq istəyirik!
Biz istəyirik ki, bizi yüksək döyüş qabiliyyətli peşəkar ordu qorusun, tələbələr isə rahat təhsil alsınlar!
Biz hakimiyyətin azad və ümumi səsvermə yolu ilə demokratik şəkildə dəyişməsini istəyirik!
Biz azad və müstəqil KIV-dən məlumat almaq istəyirik!
Biz istəyirik ki, qanunlar ədalətli və hamı üçün eyni olsun!
Artıq səsimizi duyurmaq vaxtıdır! Bizim arxamızda həqiqət, bilik və güc durur, siyasətçilər və partiyalar deyil!
Biz artıq köhnə siyasi stereotiplərindən bezmişik! Bizi siyasi və ictimai fəaliyyətin yeni formaları maraqlandırır! Artıq müxtəlif “izm”lərdən qurtulmaq vaxtıdır, siyasətin əxlaqlı olması bunlardan asılı deyil!
NIDA yeni insanların Hərəkatıdır. Bizim müasirlərimiz digər dövlətlərdə artıq öz seçimlərini ediblər!
Artıq biz də GƏLIRIK! Azadlıq əldə etməkdən başqa yolumuz qalmayıb! NIDAnız güclü olsun!”
Bax, bu amalla yol çıxan gəcləri tutub bizim hakimiyyət, bu amalları həbs ediblər. Uzunçuluq etmək fikrində deyiləm. Leyla Yunus deyir ki, bu gəncləri tutmaq cinayətdir, şərdir, ölkəni talamağa xidmət edir, xalqı məhvə aparır. Elə buna görə də, onu hədəfə alıblar, o cümlədən, hədələnir, təhqir edilir, böhtanla üzləşir, barəsində yalan yayırlar. Bəs siz nə deyirsiniz?