Bakı sirkinin kassası

Azərbaycan qanunlarına hörmət etmək hər bir vətəndaşın borcudur. Ədalət naminə demək lazımdır ki, qanunlarımız o qədər də qorxulu deyil. Yeganə problem qanunun aliliyini, yəni hamı üçün keçərli olmasını təmin etməkdir. Düşünürəm ki, gizlətməyin yeri yoxdur, məmləkətdə qanunu onun aliliyini təmin etməli olan şəxslər tapdayır. Bəli, əziz oxucu, XXI əsrdə yaşasaq da, qanunlarımız da pis-yaxşı çağımıza uyğun olsa, feodal təfəkkürü ilə idarə olunuruq. Sanki bu iqtidarı özgə planetdən gələnlər 500 il əvvəl “morozilka”ya qoyub, 20 il əvvəl isə, çıxararaq başımıza bəla ediblər. Bundan yumşaq ifadə tapmaq, inanın ki, mənim üçün çox çətindir. Ən dəhşətlisi isə budur ki, onların üsuli-idarəsi orta əsrlərə aid olsa da, bizi XXI əsr insanları kimi mühakimə edirlər. Ən azı o dövrün ədalətini təmin etsəydilər nə vardı ki? 

O dövrdə müxalifəti sarayda axtarırdılar, təhlükəni qonşu dövlətdən gözləyirdilər, nəhayət kimisə şərləyib, ona cinayətkar damğası vurmurdular. Elnur Aslanov və Ceyhun Osmanlı kimilərinin aqibətini fantaziyanıza güc verərək siz düşünün, NIDA-çıların isə on-on beş şallaqla canlarının qurtardığını sizə mən deyim. Nə isə, qayıdaq əsrimizə… 

Bir neçə dəfədən sonra əmin oldum ki, Bakı Dövlət Sirkinin kassasından bilet almaq mümkün olan şey deyil. Hətta tilsimi qırmaq üçün bir neçə dəfə lap bilet satışının ilk saatında getsəm də, kassir qadın yaxın bir neçə gün üçün biletlərin qurtardığın söylədi. Kassanın önündə dayanmış beş-altı nəfərin əlində isə əksinə, yaxın bir saata belə istədiyin sayda bilet tapmaq olardı. Ikiqat qiymətə lap tamaşanın başlanmasına 5 dəqiqə qalmış bilet tapmaq mümkündür. Sovet dövründə sirkə tamaşaya gedənlər xatırlayar. Təsadüfi  hallarda kimsə sənə “lişnıy bilet” təklif edərdi. Biletlər adətən kassadan alınırdı, hazırda əksinədir, kassadan bilet almaq, lotereyada nəsə udmaq kimi bir şeydir. Müşahidələrim zamanı əlində başlanmasına on dəqiqə qalmış tamaşaya bir dəstə bileti olan bir dəllal da gördüm. Sifətində zərrə qədər də təəssüf, həyəcan yox idi. Yaşlı və orta nəsil yaxşı xatırlayar, bir vaxtlar əlində bir bilet qalan şəxsin naləsini 100 metrdən belə eşitmək mümkün idi. Məqsədim heç də sirkdəki bu kiçik korrupsiyacıqdan danışmaq deyil, ölkədəki ümumi mənzərəni oxucuların diqqətinə çatdırmaqdır. Iqtidarın xalqla münasibəti sirkin kassası önündə dayanan dəllal ilə övladını tamaşaya gətirən insanların münasibətinə bənzəyir. Yəni “yoxdur, amma təşkil edə bilərik”. Rejimin xalqla təması məhz bu ritorika üzərində qurulub. 20 ildir ki, ölkə bu cür yazılmamış qanunlarla idarə olunur. Təkrar edirəm, mən sadə insanlarımıza daha yaxın olsun deyə sirki misal gətirdim, daha yuxarılarda məsələ bir az qəlizdir, yəni sadə insanların çox çətin anlaya, həzm edə biləcəyi şəkildədir. Məsələn, icra başçısı təyin olmaq istəyirsənsə, ilk etapda yüz min manatından keçməlisən. Bu pula sənin yalnız CV-ni qəbul edirlər. Bu pul sənin icra başçısı seçilməyəcəyin təqdirdə geri qaytarılmır. Digər mərhələlərdə ortada olan miqdarı özünüz təsəvvür edin. Sual oluna bilər, icra başçısı təyin olunan şəxs bu pulları necə geri qaytara bilir? Bu suala cavab tapmaq üçün internetdə sadəcə icra başçısı yazıb, axtarış vermək kifayətdir. Dərhal Google “fəaliyyətə keçir” və sənə bələdçilik etməyə başlayır. Kolxoz bazarı, ticarət mərkəzi, qoçu, torpaq sahəsi, zəbt, abadlıq adı altında, əlbəyaxa və s. kimi açar söz və ifadələrin(!) vasitəsilə proses bütün detallarıyla qarşınızda canlanır. Quba və Ismayıllı hadisələrində bir icra baçısının sahib ola biləcəyi standart var – dövlətin yalnız kiçik bir hissəsi idi. Müqayisə üçün deyək ki, bu sərvət ABŞ kimi dünyanın superdövlətinin prezidenti üçün əlçatmazdır. Belə ki, onun illik qazancı təxminən 400 min manatdan bir qədər çoxdur. Dünyanın ən varlı dövlətinin prezidenti… Azərbaycanın ən ucqar rayonunun icra başçısından kasıbdır. 

Bəzən şüurumuza yeritməyə çalışırlar ki, guya rüşvət bizim qanımıza işləyib, verməsək, almasaq, yaşaya bilmərik. Boş söhbətdir. Ayı velosiped sürməyi öyrənə bilirsə, demək, insan da rüşvət almaya bilər…

Ayıdan söz düşmüşkən… Gələn yazılarımın birində Bakı sirkindəki ayıların əsl kimliyi haqda düşüncələrimi sizinlə bölüşəcəm…