ABŞ Güləni Ərdoğana verəcəkmi?

Elxan Şahinoğlu: «Gülənin Türkiyəyə təhvil veriləcəyi inandırıcı deyil»

Fətullah Gülən barəsində Terrorla Mübarizə Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başladığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, Gülən və “paralel yapı” adlanın qruplaşmanın üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib. 

Baş nazir Ərdoğan bir jurnalistin Fətullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli hüquqi müddət başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl də Ərdoğan ABŞ-dan Fətullah Gülənin Türkiyəyə verilməsini istəmişdi. O zaman baş nazir ABŞ tərəfindən «mesajınız qəbul olundu» cavabını alsa da, sonradan Gülənin təhvil verilməsindən imtina edildi. 

Bu dəfə hansı vəziyyət yarana bilər? ABŞ Ərdoğana müsbət cavab verəcəkmi və əgər bu baş verməsə, bu iki ölkə arasında münasibətlərə necə təsir edəcək?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ-ın Fətullah Güləni Ərdoğanın rəhbərlik etdiyi Türkiyəyə təhvil verəcəyinin inandırıcı olmadığını deyir. Baxmayaraq ki, Ərdoğan amerikalı jurnalistə müahibəsində «ABŞ istəsəydi, onlara qarşı işləyən bir şəxsi təhvil verərdik. Eyni addımı da Amerikanın atmasını istəyirik» deyib. Ancaq bu istək azdır. Çünki Gülən uzun müddətdir Amerikada yaşayır və bir çox strukturlarla sıx əlaqədədir. ABŞ-ın onu təhvil verməsi inandırıcı deyil. 

Ekspert bunun ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir göstərməyəcəyini də qeyd etdi: «Onsuz da münasibətlərdə sualların sayı az deyil. Amma gərgin anlarda iki ölkə əməkdaşlıq edir. Məsələn, Ukrayna problemində hər iki dövlətin mövqeyi eynidir. Amerikaya görə Türkiyə Rusiya ilə münasibətlərini gərginləşdirib. ABŞ gəmiləri Türkiyə boğazlarından Qara dənizə çıxıblar və bu da Rusiyanı qıcıqlandırır. Ona görə də Gülən amilinə görə Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşəcəyini düşünmürəm».

Fizzə