Bu günlərdə kultura.az saytı dünya ədəbiyyatının nəhənglərindən Viktor Hüqonun Fransa parlamentinin üzvü olarkən, 1848-ci il noyabrın 10-da etdiyi çıxışın mətnini (http://kultura.az/articles.php?item_id=20140425072119862&sec_id=1) yaydı.
Açığı, mən böyük yazıçının bu çıxışını oxumamışdım, həmin çıxışı belə gec oxuduğuma görə çox utanıram, yer yarılsa, içinə girməyə hazıram.
Hər kəs Hüqonun həmin nitqini mütləq oxumalıdır, hətta bir dəfə yox, dönə-dönə oxumalıdır. Sadəcə oxumaq azdır, oxuduqdan sonra düşünmək və nəticə çıxarmaq lazımdır.
***
Maraqlananlar üçün deyim ki, Hüqo Fransa Milli Məclisinə elə çıxış etdiyi il seçilmişdi. Bir il sonra isə o, Parisin deputatı kimi fəaliyyət göstərəcəkdi.
Hüqonun çıxışı büdcənin yüngülləşdirilməsi, xərclərinin azaldılması ilə bağlı qanun təklifi haqqındadır. Yazıçı təklifə, ələlxüsus da elm, ədəbiyyat, incəsənət xərclərinin azaldılmasına qarşı çıxır, həm də necə!
***
Bəli, Hüqonun haqqında danışdığımız çıxışını həyəcansız oxumaq mümkün deyil. Bu çıxışın hər sətirindən onun vicdanlı və ləyaqətli yazıçı mövqeyini, vətəndaş narahatlıqları ilə döyünən böyük ürəyini görmək olar.
Mən indi bu çıxışdan bəzi parçaları ona görə paylaşmaq istəyirəm ki, ölkəsinin ağır günlərində, haqsızlıq, zülm altında inlədiyi vaxtlarda öz susqunluqlarını, qorxaqlıqlarını “yazıçı oturub əsərlərini yazmalıdır, onun siyasətlə nə işi var?”, “yazıçının şəxsiyyətini yaradıcılığından ayırmaq lazımdır” kimi bəhanələrin arxasında gizlədənlər oxusunlar və hələ də üzlərinin bir az suyu qalıbsa, utansınlar.
Müxtəlif vaxtlarda və indinin özündə hansısa yollarla mandat alıb adını yazıçı, şair qoyanlar da oxusunlar və niyə Hüqonun özü bir yana, onun atılan dırnağı olmadıqlarının səbəbini anlasınlar. Bilsinlər ki, səbəb yalnız ədəbi istedadda deyil, səbəb – həm də xalqı ilə, onun ağrıları, məşəqqətləri ilə döyünən ürəyə sahib olmaqdadır. Ədalətsizliyə, şərə qarşı vətəndaş mövqeyinə, yazıçı üsyankarlığına sahib olmaqdadır.
Təkcə yazıçı istedadı deyil, həm də o mövqe, o ürək, o üsyankarlıqdır “Səfillər” kimi şedevri yaradan.
***
Beləliklə, Hüqonu oxuduqca insanın tüklərini biz-biz edən, qanını coşduran, beynini aydınladan, ruhunu təmizləyən, varlığını silkələyən o ibrətamiz çıxışından parçalar:
“…Cənablar, elm, incəsənət və ədəbiyyat fondunun azaldılması haqda təklif ikiqat zərərlidir… Sizin hamınızın vicdanınıza və duyğularıınza üz tutub soruşuram ki, bugünkü pis vəziyyətin səbəbi nədir? Kəmsavadlıqdır. Kasıblıqdan da çox kəmsavadlıqdır. Kəmsavadlıq bizi boğur, ətrafımızı bürüyüb bizi məhvə aparır… Belə bir vaxtda, belə bir təhlükə qarşısında kəmsavadlığı aradan qaldırmağa, məhv etməyə yönəldilmiş mədəniyyət ocaqlarına qəsd etməyi ağıla gətirmək olarmı!
“Mənəvi xəstəlik, dərin bir mənəvi xəstəlik canımıza yeriyir, bizə əzab verir. Bu mənəvi xəstəlik isə qəribə görünsə də, maddi sərvətə hərislikdən yaranır. Yaxşı, bu maddi sərvət hərisliyinə necə qalib gəlmək olar? Ancaq mənəvi sərvət hərisliyi ilə. Deməli, gövdədən kəsib qəlbə calamaq lazımdır.
Mənim “gövdədən kəsib qəlbə calamaq lazımdır” fikrimə şübhə ilə yanaşmayın, həmınız məni yaxşı başa düşürsünüz. Hamınız kimi mən də ürəkdən istəyirəm ki, kasıb təbəqənin maddi vəziyyəti yaxşılaşsın. Bu bizim hər birimizin can atmalı olduğumuz bir sahədir, bu cəhdlər bizim həm insan kimi, həm də deputat kimi borcumuzdur.
Dövrümüzün ən böyük səhvi bundadır ki, insanları mənəvi dəyərlərdən uzaqlaşdırıb, maddi dəyərlər hərisinə döndərib…
…Məktəblərin, dərnəklərin, kitabxanaların, muzeylərin, teatrların, kitab dükanlarının sayını artırmaq lazımdır. Uşaq təhsil ocaqlarının, böyüklər üçün qıraətxanaların, təhsil alınan, bilik verən bütün müəssisələrin sayını artırmaq lazımdır. Bir sözlə, hər tərəfdən xalqın şüuruna işıq salmaq lazımdır, çünki biz xalqı qaranlıqlarda itiririk.
…Siz pula qənaət etmək istədiyiniz halda, şərəfə qənaət etmisiniz və təəssüf ki, özünüzə qarşı kin qazanmısınız. Fransanın şərəfi naminə, Respublikanın qeyrəti naminə mən bu təklifi rədd edirəm!”.
***
Məşhur Azərbaycan filmlərinin birində deyildiyi kimi, di gedin fikirləşin, hamınız fikirləşin!