İyirmi birinci yüzilin Ağanəzəri

Uşaqlıq çağlarımızda dönə-dönə eşitdiyimiz nağıl sözləri gözümüz önündə hər gün gerçəkləşməkdədir: “Ağanəzərəm, belə gəzərəm, birin vuranda qırxın əzərəm”. Dönə-dönə yazmışam, bir daha yazıram: bizim ölkəmiz 1993-dən bütünlüklə IŞĞAL olunub. 93-dən ölkədə bütün dövlət qanunlarını, konstitusiya normalarını bir ailənin, bir kimsənin istəklərinə qurban verən Ağanəzər ağalığı – Ağanəzər hakimiyəti qurulub. Ağanəzər gücə tapınır, gücə dayanır, gücə güvənirdi. Tapınağı güc olanın qanunlara tüpürməyi qanunauyğunluqdur…

Ağanəzərin qoçuluğu çox da qorxulu deyil; gücü çatana güc çatdırar, hamıya yox. Ağanəzərin IŞĞAL taxtına yüksəlməyi qorxuludur – hamıya, hər yerə əl uzatmaq, güc çatdırmaq baxımından. “Uğurlu Neft-qaz strategiyası”, keçərli “kürü diplomatiyası” olan yerdə Ağanəzər, eləcə də ağanəzərlik bütün xalqın, bütöv bir ölkənin sonu görünməyən faciəsinə çevrilir. Belə ortamda korrupsiya DÖVLƏT SIYASƏTINƏ çevrilir. Korrupsiya dövlət siysasətinə çevrilən ölkədə REPRESSIYA da DÖVLƏT SIYASƏTINƏ çevrilməsə, Ağanəzər də, ağanəzərlik də tezliklə qaçılmaz uğursuzluğa uğrayar. Nədən? Korrupsiya ağanəzəliyin, ağanəzərlik korrupsiyanın törəməsidir – bu üzdən. Eləcə də repressiya ağanəzərliyin, ağanəzərlik repressiyanın törəməsidir. Arxadakı cinayətlərin qarşıdakı cinayətləri stimullaşdırması qanunauyğunluqdur. Başqa cür desək, keçmişdəki cinayətlərin gələcəkdəki cinayətləri instinqtiv olaraq stimullaşdırması qaçılmazdır – özünüqoruma üçün!

Hələ indiyədək ölkəni dağıdan, xalqı yoxsulluğa-yolsuzluğa sürükləyən hakimiyətlə bağlı bircə söz belə işlətməyən bir politoloq yuxusunda Qorbaçova şillə vurur, qəzetlərdə hakimiyəti “Rusiya təhlükəsinə” qarşı “gecə-gündüz işləməyə, mübarizə aparmağa” çağırır – “müstəqilliyin” qorunması üçün. Sən demə, azərbaycanlılar Rusiya pasportu almağa növbəyə durublar. Təkcə o deyil, illərlə bu hakimiyətlə alverdə bulunan bir qrup bəlli “müxalifət lideri” də indi “Rusiya təhlükəsi” deyə, bar-bar bağırmaqdadır. Xalqın üzünü Rusiyaya çevirən Rusiyanın qurduğu, illərlə arxa durduğu bu hakimiyət özü deyilmi? Bu hakimiyətin 21 ildən bəri yürütdüyü antixalq siyasətləri, antixalq siyasətlərindən qaynaqlanan repressiyalar xalqı ölkəsindən, dövlətindən üz döndərməyə yönəltməyibmi? 

Ortaya xalq-ölkə-dövlət başçısı adına milyardlarla manatlıq oğurluq-mənimsəmə faktları çıxır. Dış dillər universitetində 12 milyon manatlıq oğurluq-mənimsəmə faktı ortaya çıxarılır. Say palatası (bunların ərəb dilində “hesablama”) nazirliklərdə, başlıcası da “xarici işlər nazirliyində” ortaya milyonlarla manatlıq oğurluq-mənimsəmə, demək, korrupsiya faktı çıxarır. Hansısa Ispaniya klubuna Azərbaycan adına 20 milyon manat şəkil pulu verən Neft şirkəti xalqın üzünə 7 milyardlıq borcla çıxır. Belarus prezidentinə krediti 0,1 faizlə verən ölkə başçısı başında durduğu xalqa 27 faizlə verir… Kimlərə cinayət işi açılır, kimlər tutulur? Ölkədəki azğın ağanəzərliyə qarşı çıxanlar: NIDAçı gənclər, Anar Məmmədli, Leyla Yunus… Ayrıca olaraq Ağanəzər hakimiyətinə boyun əyməyən, bu hakimiyəti legitim saymayan jurnalistlər, hüquqçular…

2013-dəki prezident seçkisi bunlara çox baha başa gəldi. 2006-cı ildəki çıxışlarının birində çox böyük inamla “2008-ci ildə indiki müxalifət olamayacaq” demişdilər. Ancaq 2013-cü ildə faktiki olaraq müxalifətə uduzdular. O uğursuzluğun acığını çıxmaq, eləcə də gələcək seçkiləri asanlıqla ötüşdürmək üçün Tofiq Yaqublu ilə Ilqar Məmmədovdan başlayaraq, müxalifətçilərlə bağlı 6-8 illik məhkəmə qərarlarını normaya çeviriblər. Beləcə, hüquqsuzluq-yoxsulluq-yolsuzluq içində xalqı əzməklə, gözünü qorxutmaqla yalnız 2015-ci ilin parlament seçkisini deyil, 2018-ci ilin prezident seçkisini də qarantiyalamaq istəyirlər.