ip-15ap2

17 aprel mitinqi “Sahil” bağında olacaq!!!

Demokratik qüvvələr xalqı azadlıq uğrunda dinc mübarizəyə səslədi (VİDEO)

Əli Kərimli: «Azad olmaq qərarını verən xalqı heç bir rejim əsarətdə saxlaya bilməz»

İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Dünən Müsavat Partiyasının qərargahında baş tutan toplantıdan sonra Koordinasiya Şurasının üzvləri müzakirələr və qəbul edilən qərarlar barədə məlumat vermək üçün mətbuat konfransı keçiriblər.
Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirib ki, toplantı əsasən aprelin 17-nə təyin edilən mitinqlə bağlı keçirilib: “Eyni zamanda biz Ictimai Palatanın islahatlar proqramını ictimaiyyətə təqdim etmək niyyətində idik. Lakin son günlər baş verən proseslər, iqtidarın atdığı anti-demokratik addımlara görə mövzunu dəyişməyi və ictimai-siyasi vəziyyət barədə məlumat verməyi qərara aldıq”.

“Biz artıq hökuməti xalqın ayağına aparırıq”

Bu barədə isə Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli məlumat verib. AXCP sədri əvvəlcə Ictimai Palatanın keçirdiyi mitinqlərin məqsədinə diqqət çəkib: “Mitinqlər ölkədə sosial-iqtisadi və siyasi islahatların həyata keçirilməsi tələbilə təşkil olunur. Biz tələb edirik ki, insanların sosial rifahı yaxşılaşdırılsın, əmək haqları, təqaüdlər artırılsın, neft gəlirləri ədalətli bölünsün.
Eyni zamanda biz tələb edirik ki, hakimiyyət siyasi islahatlara gedərək proporsional seçki sistemini bərpa etsin, konstitusiyaya edilən mürtəce dəyişikliklər aradan qaldırılsın, yeni parlament seçkiləri keçirilsin. Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, mitinqlər iqtidarın təbliğ etdiyi kimi yalnız hakimiyyətə gəlmək üçün bir vasitə deyil, ölkədə köklü dəyişikliklərə nail olmaq məqsədilə keçirilir. Tələblərimiz həyata keçiriləcəyi, irəli sürdüyümüz köklü dəyişikliklər baş verəcəyi təqdirdə təkcə müxalifət tərəfdarı olanların, işsizlərin, əzilənlərin yox, hətta indiki bürokratiyanın, dövlət məmurlarının, hüquq-mühafizə orqanlarının, bir sözlə, bütün vətəndaşlarımızın həyatı yaxşılaşacaq”.
Əli Kərimli deyib ki, ölkənin demokartik qüvvələri 2 aprel aksiyasından sonra müəyyən nəticələr əldə edib. AXCP sədrinin sözlərinə görə, hakimiyyətin son günlər sosial vədlər verməsi, xalqın problemləri ilə maraqlanmağa başlaması müxalifətin apardığı mübarizənin nəticəsidir: “Görürsünüz ki, hökumət tərəfindən xalqa müəyyən güzəştlər edilir. Ilham Əliyev müxtəlif bəhanələrlə tez-tez Bakı ətrafı qəsəbələrə gedir. Əhaliyə xəstəxana, su, qaz, müxtəlif sosial obyektlər vəd olunur. Lakin biz hesab edirik ki, bununla kifayətlənmək olmaz. Istəyirik ki, hökumət xalqla işləsin, neft pullarını vətəndaşların sosial həyatına yönəltsin. Biz artıq hökuməti xalqın ayağına aparırıq. Gənclərlə bağlı proqram elan edilib. Bu da bizim fəaliyyətin nəticəsidir. Indiyə qədər bilmirdilər ki, ölkədə işsizlərdən ibarət gənclər ordusu var?! Indiyə qədər bilmirdilər ki, gənclərə qayğı lazımdır?! Yalnız bizim aksiyalarımız başlayandan sonra gənclərə qayğı yada düşüb. Bizim aksiyalarımız başlayandan sonra su borclarından imtina yada düşüb. Bəs həmin pulları, borcları artıran siz deyildinizmi?!”.

AXCP sədri müxalifətin apardığı mübarizə ilə dünyanın da  diqqətini Azərbaycana cəlb etdiyini bildirib: “Artıq ən nüfuzlu beynəlxalq təşkilatlar insan haqlarını müdafiə edən bəyanatlar verir. Xüsusi olaraq altını cızmaq istəyirəm ki, bu gün dünyanın 20 nüfuzlu Qeyri-Hökumət Təşkilatı Azərbaycan naminə koalisiya yaradaraq vətəndaşlarımızın huquqlarını  müdafiə etməsinə təkan verməyə başlayıb. Yəni, biz başladığımız mübarizə ilə artıq həm hökuməti, həm də dünya birliyini Azərbaycan xalqı ilə diqqətlə davranmağa sövq edə bilmişik. Biz bu prosesi davam etdirmək niyyətindəyik”.

“Təxribatçılar haqqında tədbir görülsün və müxalifətə qarşı mənasız təzyiqlər dayandırılsın”


Əli Kərimli Ictimai Palatanın keçirdiyi aksiyaların dinc xarakter daşıdığını və bundan sonra müxalifətçilər tərəfindən hər hansı zorakılığa yol verilməyəcəyini bəyan edib: “Biz tərəfdarlarımıza çağırış etmişik ki, hətta hökumət qüvvələri tərəfindən zor tətbiq olunacağı təqdirdə belə təmkininizi pozmayın. Zora zorla cavab verməyin. Bu, bizim ötən aksiyamızın qətnaməsində də əksini tapıb.
Çox məmnunuq ki, 2 apreldə mitinqə çıxmış minlərlə tərəfdarımız bu çağırışımızı dinlədilər. 2 apreldə Bakıda iki müxtəlif tədbir var idi. Biri Ictimai Palatanın mitinqi olub. Həmin aksiyada minlərlə azərbaycanlı bir dənə də olsun qanun pozuntusuna yol vermədən intizamlı şəkildə “Azadlıq”, “Istefa” şüarlarını səsləndirib. Amma həmin gün daha bir tədbir də olub; kənarda, xəlvətdə, aksiyaların mərkəzi olmayan yerlərdə hakimiyyət tərəfindən öyrədilmiş qruplar  zorakılığa yol verib. Həmin təxribatçıların xeylisini azad mətbuatın təmsilçiləri ifşa edib. Onlardan birinin fotosu və video görüntüsü də yayılıb, qalıb həbs edilməsi. Yeri gəlmişkən, Ictimai Palatanın Koordinasiya Şurası bu məsələ ilə bağlı Respublika Prokurorluğuna rəsmi müraciət göndərib. Sual edirik: Nə üçün adı-familiyası, şəkli bəlli olan  təxribatçılar istintaqa çağırılmır, amma zorakılığa aidiyyəti olmayan yüzlərlə müxalifətçi, demokratik qüvvələrin liderləri mənasız bir işə cəlb olunub? Necə olur ki, 7 il üzərində şərti cəza olan adam polislə əlbir çalışır, narkoticarətlə məşğul olan adam təxribatların iştirakçısı olur? Biz çox aydın şəkildə ifadə etmək istəyirik ki, hakimiyyətin müəmmalı qrupları tərəfindən dinc aksiyalarımıza kölgə salmaq məqsədilə təxribatlar olub.
Biz qəti şəkildə hökumətdən tələb edirik ki, həmin təxribatçılar haqqında tədbir görülsün və müxalifətə qarşı mənasız təzyiqlər dayandırılsın.
Biz bundan sonra da aksiyalarımızı dinc xarakterdə davam etdirəcəyik. Hətta biz Bakı Şəhər Icra Hakimiyyəti ilə danışıqlar aparmaq üçün xüsusi qrup ayırmışdıq. Müəyyən kompromislərə hazır olduğumuzu da bildirmişdik. Lakin Bakı Şəhər Icra Hakimiyyəti mübarizəni sivil müstəvidən çıxarmaq üçün danışıqlardan imtina etdi. Bu da hakimiyyətin qeyri- səmimiliyinin ifşasıdır. Ona görə də biz Ictimai Palata olaraq növbəti mitinqi 17 apreldə saat 16.00-dan 18.00-a qədər Bakının mərkəzində, “Sahil” bağında keçirmək qərarında qalırıq”.

“Bütün xalqı dinc mübarizədə iştiraka çağırıram”

Əli Kərimli çıxışının sonunda Azərbaycan xalqına çağırış etməyi də unutmayıb: “Ictimai Palata bu mübarizəni Azərbaycan xalqına güvənərək başlayıb. Biz müxalifət olaraq, hətta bizimlə bərabər olan vətəndaş cəmiyyəti ilə birlikdə bütün ölkənin problemlərini həll edə bilmərik. Görünür, Azərbaycanda çox fədakar müxalifət olduğuna görə həm hökumət, həm də xalqın bir hissəsi yanlış nəticə çıxarır. Hökumət fikirləşir ki, onsuz da hüquqlarını müdafiə edən ancaq müxalifətçilərdir, onları zərərsizləşdirsək istədiyimiz qədər sülalə hakimiyyətini davam etdirə bilərik. Yanılırsınız cənablar! Müxalifətin tamamilə məhv edildiyi, ölkədən didərgin salındığı, həbsxanalara doldurulduğu diktaturalar bir-birinin ardınca çökür. Bütün sülalə hakimiyyətləri, Azərbaycandakı hakimiyyət də daxil olmaqla tarixin qanunauyğunluqlarına tabe olacaq və onların hamısı çökəcək. Ona görə də hakimiyyətdəkilər belə dayaz nəticələr çıxarmasınlar. Hətta müxalifət liderlərini şərləyərək həbsə atıb, onları cəmiyyətdən təcrid etmək bəlkə bu hökumətə bir neçə ay əlavə şans yaradar. Amma tarixi qanunauyğunluğu dəyişə bilməz. Azərbaycan xalqı artıq dünyada baş verənlərin fərqindədir. Görün, nə qədər insanlar, millətlər öz haqlarına qovuşublar. Azərbaycan xalqı da öz haqqına qovuşacaq.
Xalqımızın da bəzi nümayəndələri yanlış nəticə çıxarır. Görürlər ki, meydanda fədakar müxalifət var, hamının dərdini çəkir, hamının əvəzindən döyüşür, məhrumiyyət yaşayır. Bəziləri düşünür ki, bəlkə bu adamlar axıra qədər bizim problemləri həll edəcəklər. Əziz həmvətənlərim, bu vətəndaş hərəkatıdır. Biz bu mübarizənin önündə olacağıq, məhrumiyyətləri yaşamağa hazırıq, amma hər bir azərbaycanlı ölkənin taleyinə görə öz üzərinə məsuliyyət götürməlidir. Azad olmaq qərarını verən xalqı heç bir rejim əsarətdə saxlaya bilməz. Yetər ki, bu qərarı verək. Ona görə də mən bütün xalqı azadlıq uğrunda, ümumxalq hərəkatında, dinc mübarizədə iştiraka çağırıram”.

“Həbs edilənləri müdafiəsiz qoymaq niyyətində deyilik”

Daha sonra Koordinasiya Şurasının üzvü və həbs edilən müxalifət fəallarının hüquqlarını müdafiə komitəsinin sədri  Vidadi Mirkamal komitənin gördüyü işlər barədə məlumat verib. O, bildirib ki, müavini Vaqif Hacıbəyli ilə birgə Bakı Şəhər Baş Polis Idarəsinin və Bakı prokurorluğunun rəhbərliyi ilə görüşüb: “Biz onların diqqətinə çatdırdıq ki, 2 aprel aksiyasında həbs edilən müxalifət fəalları ayrı-ayrı polis idarələrində, təcridxanalarda işgəncələrə məruz qalıblar. Onlar əvvəlcə belə halın olmadığını iddia etsələr də, bizim sübutlarımızdan sonra faktların araşdırılacağını bildirdilər”.
Vidadi Mirkamal həmçinin əlavə edib ki, məhbusları vəkillə təmin etməkdə problemlə üzləşiblər: “Biz 5-10 normal vəkil tapa bilmirik ki, həbs edilənlərin hüquqlarını müdafiə etsin. Hökumət tərəfindən ayrılan vəkillər isə bildiyiniz ki, ancaq sənədlərlə imza atmaqla işini bitmiş sayır. Lakin biz bu məsələ ilə bağlı ciddi məşğuluq və həbs edilənləri müdafiəsiz qoymaq niyyətində deyilik”.

Vidadi