ABŞ və AB-nin yeni sanksiyaları Rusiyaya necə təsir edəcək?
Vəfa Quluzadə: «Bu cür hadisələr həmişə özbaşına addım atan diktatorların əleyhinə çevrilir»
Rusiyanın bütün milyarder-oliqarxları, şirkət və bankları sanksiyaya məruz qalacaq. Artıq ABŞ və Avropa Birliyi Ukrayna məsələsinə görə Rusiyaya qarşı yeni sanksiyalara qərar verib. Yeni sanksiyaların təsiri altına Putinin ən yaxın çevrəsi düşür.
ABŞ bu kateqoriyadan olan 7 məmura və 17 şirkətə sanksiya tətbiq edib. AB-nin yeni sanksiyaları isə 15 məmura aid ediləcək.
Bununla belə, ABŞ-ın Putinə qarşı növbəti və daha ağır sanksiya zərbəsinə hazırlaşdığı deyilir.
“Tsn.ua” saytının özəl mənbələrə istinadla yaydığı xəbərə görə, ABŞ-ın növbəti raunda cəzalandıracağı şəxs və şirkətlər bunlardır: Aleksey Miller, Roman Abramoviç, Əlişir Usmanov, Oleq Deripaska, Sergey Şoyqu (müdafi naziri), Federasiya Şurasının və Dövlət Dumasının bütün üzvləri, “Qazprom”, “Rosneft”, “Sberbank”, “Qazprombank”, “Vneşnekonbank”, “Vneştorbank”, “Rosoboronoekport”, “Novatek”.
Bu şəxslərin sanksiyalara məruz qalması isə birbaşa Putinə zərbə hesab olunur. Hətta bəzi ekspertlər Putinin saraydaxili narazılıqla qarşılaşa biləcəyini ehtimal edir.
Prosesin belə inkişafı Rusiyaya və şəxsən Putinə nə vəd edir?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Putin Hitlerin aqibətindən nəticə çıxarmalı və İkinci Dünya Müharibəsi zamanı baş verən bir hadisəni diqqətlə oxumalıdır: «1944-cü ildə hələlik nə Sovet İTTİFAQI, nə Amerika Almaniya torpağına daxil olmamışdı. Amma məlum idi ki, Hitler atrıq bu müharibəni uduzub. Ona görə Hitlerin ən yaxın ətrafında bir polkovnik Hitlerin əleyhinə terror aktı həyata keçirmək qərarına gəlib. Hitlerinə ən yaxın dairəsi bu işi ona tapşırıb. Qərar belə idi ki, Hitleri aradan götürsünlər, onun yerinə Rommeli ya başqa bir görkəmli şəxsi gətirsinlər. Ondan sonra Qərblə sülh bağlasınlar və birgə Sovet İttifaqının əleyhinə çıxsınlar. Hitler kimi diktatorun ətrafından onun müharibəni uduzduğunu başa düşən adam tapıldı. Putin də bu barədə düşünməlidir. Çünki onun atdığı addım yaxın ətrafında böyük zərbələrə gətirib çıxarır. Ona görə hesab edirəm ki, Putinin vəziyyəti gərgin olacaq. Putin yəqin bu barədə düşünür və özünü qorumaq barədə gərək tədbirlər görməlidir».
Ekspertin sözlərinə görə, Rusiya prezidentinin atdığı addımlar ölkəsini çökməyə doğru aparır. Putinin ətrafı isə buna razı olmaz. Ona görə də bu sanksiyalar Putin Rusiyasına qarşı, Putin rejiminə qarşı böyük bir təhlükədir. Amma eyni zamanda Putinin özünə də daxildən təhlükədir: «Bu cür hadisələr həmişə özbaşına addım atan diktatorların əleyhinə çevrilir. Bunu bilmək lazımdır. Putinin ətrafının heç bir marağı yoxdur ki, onların bütün kapitalları dünyada çökdürülsün».
Fizzə


