Novruz Məmmədov Avropa Birliyini ittiham etdi

«AB sənədlərdə bizim ərazi bütövlüyümüzü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir»

Avropaya inteqrasiyasının Azərbaycanın dövlətçilik maraqlarına uyğun olmasına baxmayaraq hakimiyyət bu əməkdaşlıqda maraqlı görünmür. Bunun səbəbi isə aydındır. Çünki AB-nın assosiasiya sazişini imzalamaq dərhal ölkədə demokratik islahatların keçirilməsi, insan hüquq və azadlıqlarına fərqli yanaşma sərgiləmək deməkdir. Amma hakimiyyət demokratik dəyərləri özünün gələcəyinə təhlükə sandığından bunu etmir. Və hakimiyyət bu niyyətini özünə məxsus «məntiqlə» izah edib. İndiyə qədər AB ilə əməkdaşlığın dərinləşdirilməməsinin səbəbi kimi çoxlu «arqumentlər» səslənib. Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun açıqlaması da bu qəbildəndir. N.Məmmədov «trend»ə açıqlamasında vurğulayıb ki, AB ilə əməkdaşlığın dərinləşdirilməməsində səbəb bu təşkilatın Azərbaycanın ərazi bütövlüyünü tanımamasıdır: «Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycan üçün böyük problemlər yaradır. Azərbaycan Qərb dövlətləri ilə demokratiya və insan haqlarının inkişafı, enerji, terrora qarşı mübarizə sahələrində yaxından əməkdaşlıq edir. Biz müharibənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Təəssüflər olsun ki, bu günə qədər nə ATƏT-in Minsk qrupu, nə də dünyanın aparıcı güc mərkəzləri, onlardan da ən mühümü olan Avropa Birliyindən ədalətli mövqe görə bilmirik. Avropa Birliyi bizə təklif edirdi ki, Assosiasiya Sazişi imzalayaq, orada isə bizim ərazi bütövlüyümüz məsələsi çıxarılmışdır. Avropa Birliyi 15 il ərzində sənədlərdə bizim ərazi bütövlüyümüzü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir. Bunu biz necə başa düşə bilərik? Belə məsələlər bizi çox düşündürür. Mən fikirləşirəm ki, bu gün bizə ən çox lazım olan ölkə daxilində təsisatların qurulması ilə bərabər beynəlxalq aləmdə ədalətli prinsiplərin sözdə bəyan edilməsi yox, tətbiq olunmasıdır”.

Amma maraqlı odur ki, AB son bir neçə ayda Qarabağ probleminin həlli və Azərbaycanın ərazi bütövlüyünün tanınmasıyla bağlı bir neçə bəyanatla çıxış edib. Həmin bəyanatlarda hətta Ermənistanın qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmalı olduğu da açıq mətnlə qeyd edilib.

Gültəkin Hacıbəyli: «Assosiasiya sazişini imzalamamasının səbəbi olaraq ərazi bütövlüyümüzün tanınmamasını iddia etmək yanlışdır» 

Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəylinin qənaətincə, N.Məmmədovun söylədiyi fikirlərin heç bir əsası yoxdur. AB-nın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən G.Hacıbəyli vurğuladı ki, AB Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrdə açıq və birmənalı mövqeyini ortaya qoyub: «Hətta Azərbaycanın ərazi bütövlüyünə bilavasitə aidiyyatı olmayan, siyasi məhbuslar, insan haqları ilə bağlı qətnamələrində belə  Azərbaycan ərazilərinin işğal altında olduğunu vurğulayıb.Avropa Birliyi BMT-nin dörd məlum qətnaməsinin indiyə kimi icra olunmamasını da dilə gətirib. Avropa Birliyi eyni zamanda dəfələrlə Ermənistanı işğal etdiyi ərazilərdən çəkinməyə çağırıb. Avropa Birliyi nəinki sənədlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda təşkilatın üzvü olan ayrı-ayrı dövlətlərin parlamentlərinin qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub».

Almaniya da Bundestaqının dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün tanınması, erməni qoşunlarının işğal altında olan ərazilərdən çıxarılması ilə bağlı qətnaməsinin olduğunu deyən G.Hacıbəyli hesab edir ki, bu baxımdan Azərbaycanın assosiasiya sazişini imzalamamasının səbəbi olaraq ərazi bütövlüyümüzün tanınmamasını iddia etmək qətiyyən həqiqətə uyğun deyil: «Həqiqət ondan ibarətdir ki, Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi imzalamaqda israrlıdır. Bu zaman Azərbaycan tərəfinə danışıqlarının əsas mövzusu Ümumdünya Ticarət Təşkilatına üzvlükdür. Bu təşkilata üzvlük isə ölkədə korrupsiyanın, inhisarçılığın qarşısını alınması deməkdir. Ölkənin şəffaf gömrük, sığorta sisteminin olması deməkdir. Bütün bunlar isə hakimiyyəti narahat edən məqamlardır».

AB-nın Azərbaycanla danışıqlar zamanı eyni zamanda insan haqları və demokratiya ilə bağlı məsələləri müzakirəyə çıxardığını deyən G.Hacıbəyli vurğuladı ki, seçki qanunvericiliyinin dəyişdirilməsi, fikir, söz və sərbəst toplaşmaq azadlığının təminatı irəli sürülür. «Məhz bu səbəblərdən Azərbaycanın Avropa Birliyinə inteqrasiyası yubanır. Burada Avropa Birliyinin Qarabağla bağlı ədalətsiz mövqe tutduğunu iddia etmək nəinki düzgün yanaşmadır, əksinə bu təşkilat Azərbaycan ərazilərinin müdafiəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Amma təbii ki, Avropa Birliyi bizim yerimizə torpaqları işğaldan azad edə bilməz. Bu Azərbaycan xalqının borcu, siyasi hakimiyyətin xalq qarşısında öhdəliyidir», deyə G.Hacıbəyli vurğuladı.

Xəyal