Bir hakimiyətin iki üzü

21 ildən bəri sizin gördüyünüz, bildiyiniz, içdən, dışdan yetərincə tanıdığınız bir hakimiyəti ikiüzlü adlandırsam, bəlkə də, mənə gülərsiz. Axı, bu hakimiyət 21 illik yava, yalın, yayğın, yarımçıq, yararsız, yaramaz, yetərsiz, yolsuz, yönsüz, yöndəmsiz, yönərgəsiz, yöntəmsiz… (bunlar eləcə “y” başlıqlı söz yığını deyil, 21 illik siyasətlərin TƏK BIR hərfə bağlı  xarakteristikasıdır!) iç-dış siyasətləri ilə ikiüzlülük-dəyişkənlik-dayanıqsızlıq sınırlarını çoxdan aşıb. Bütün bunlara baxmayaraq, mən indilikdə bir hakimiyətin iki üzünü göstərmək istəyirəm – konkret faktla. 

NIDAçı gənclərin məhkəmsinə gedirdim. S.Vurğun küçəsilə üzüyuxarı qalxıb məhkəməyə aparan birinci döngənin girişində polislər qabağımı kəsdilər: “Olmaz! Giriş qabaqdakı yoldandır”. Qabaqdakı yola yönəldim. Yenə qarşımı polislər kəsdilər: “Olmaz! Giriş qabaqdakı yoldandır”. Birinci döngədə eşitdiyimi onlara eşitdirdim, kobudluqla qarşılaşınca, göstərilən yerə – üçüncü döngəyə üz tutdum. Üçüncüdə məni dördüncüyə, dördüncüdə beşinciyə, beşincidə, altıncıya – birinci dönmək istədiyim döngəyə göndərdilər. Bütün bu aşamaları dözümlə başa vurdum; bir çox başqaları ilə birgə. Aradakı kobud itələmələr, qaba danışıqlar, qanacaqsız-azğın davranışlar – Ramil Usubov, Ilham Əliyev polisinin portret cizgiləri – bunların üzərində ayrıca dayanmaq istəmirəm. Sonda mən də polisin adamları yığdığı yerə – küçənin qarşı üzünə keçdim. Burada məhkəməyə buraxılmayan yüzədək adam yığışıb acıqla küçənin o biri üzündəki topa-topa polis yığınına baxırdı. Istər-istəməz mən də onlardan biri oldum. Unutdum, arxa küçələrdə gördüklərimi demədim. Arxa küçələrdə içi polislərlə dolu avtobuslar dayanmışdı; onlar kişili-qadınlı bizi döyüb dağıtmaq, məhkəmə binasından uzaqlaşdırmaq üçün buyruq gözləyirdilər. Görünür, adam elə də çox olmadığından sonadək onlara hücum buyruğu verməyə gərək olmadı. Arada küçəni keçib məhkəməyə doğru irəliləyənləri polislər tökülüşüb vəhşi davanışla “durmalı olduqları” yerə qaytarırdılar. 

Aradan çox keçmiş proses başa çatdı, proseslə bağlı gərəkən bilgiləri alıb, dağılışdıq, Mən oradan Içərişəhərə – bütün kitabsevərlərin dostu Elman müəllimin mağazasına yollandım. Mağazanın açılması üçün saat 15-i gözləmək gərək idi. Boş durmamaq üçün Içərişəhərin başlıca gəzinti yerinə üz tutdum. Qız qalasının yanından keçib bir az irəliləmişdim… böyük bir qaraltı ilə üzləşdim: Aşurbəy məscidinin qarşısında qabaqkı çağlardakından qat-qat artıq “cümə namazına” gəlmiş vəhabi vardı. Onların qarşısını polislər kəsmiş, dartışma, deyişmə başlamışdı. Burada gənc-yaşlı hamı saqqalı idi. Bir çoxları saqqalını iki qarışadək uzatmışdı. Aralarında başdan-ayağa ərəb geyimli birisi də vardı. Onu Səudiyyədən birbaşa göndərilmiş missioner sanmışdım, ancaq sonradan onun azərbaycanlı – bizim yurddaşımız olduğu bilindi. Görün bu rejim ölkəni nə yerə gətirib çıxarıb – Azərbaycanda vəhabi geyimləri azmış kimi, ayrıca ərəb geyimləri yayılmağa başlayır – yalnız ərəb dünyasına özgü ola biləcək bir geyim!

Olduqca ilginc bir görsəniş: burada rollar bütünlüklə dəyişmişdi – məhkəmənin qarşısında polislər aqressiv, bizlər dinc idik, məscidin qarşısında vəhabilər çox aqressiv, polislərsə yazıq, onlara yalvaran durumda idilər. Yüksək çinli polis zabiti ağ, uzun saqqallı birisinə az qala yalvarırdı: “Bizim sizinlə nə işimiz, bizə belə əmr verilib. Biz yuxarıların əmrini yerinə yetirənik. Namazınızı qıldınız, Allah qəbul eləsin, dağılışın”. Onlarsa dağılışmaq istəmir, açıq aqressivliklə dirəniş göstərirdilər. Onların aqressivliyi artdıqca polislər daha çox yazıqlaşır, daha çox yalvarışda bulunurdular. Bu, “Əsgər ölümünə yox!” deməklə Ölkənin ölümsüzlüyünə çalışan gəncliklə ölkəni özgəçiliyə – ölümə sürükləyənlərə hakimiyətin sərgilədiyi yanaşma idi…