Prokuror məhkəmədə Gülər Əhmədovanı əsəbiləşdirdi
«Bir ana kimi yalvarıram, xahiş edirəm, sözümü kəsməyin…»
Keçmiş deputat Gülər Əhmədovanın mühakiməsi Bakı Apellyasiya Məhkəməsində davam edir. Hazırkı mərhələdə ekspertlər dindirilir. Həmin ekspertlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı qalmaqallı videoya rəy veriblər.
Ekspertlərdən Hümbət Vəliyev ötən məhkəmə iclasında ifadə vermişdi. Lakin məhkəmənin iş saatı başa çatdığından dindirmə yarımçıq qalmışdı. Dindirmə dünən davam etdirilib.
Gülər Əhmədovanın vəkili Fazil Nemətov ekspertiza rəyində yer alan “sərbəst səs nümunələri”ni hardan əldə etdiklərini soruşub. Ekspert bildirib ki, maddi sübutları onlara müstəntiq təqdim edib.
Məsələ burasındadır ki, istintaq mərhum Sevinc Babayevanı dindirməyib. Rəydə isə onun səs nümunəsinə qiymət verilib. Vəkil bu səs nümunəsinin necə götürüldüyünü soruşanda ekspertbunu “texniki səhv” adlandırıb.
Ekspert eyni zamanda, birinci təqdim olunan diskdə bəzi kəsilmələrin olduğunu, səsin itdiyini də vurğulayıb: “Birinci təqdim edilən diskdə pozulan hissə ikinci dəfə tam şəkildə təqdim edilib. Bizim ehtimalımız isə odur ki, birinci dəfə pozulan hissə o videonun ”youtube” saytından götürülməsi ilə bağlıdır”.
Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bu səbəbdən eksperti axırıncı rəydəki imzasından imtina etməyə çağırıb: “Bu cavab məni qane etmir. Elşad Abdullayev axırıncı videonun üstündə oyun oynayır, siz də götürüb ona rəy verir, istintaqa təqdim edirsiz…”
Vəkilin bu çağırışına hakim və prokuror etiraz edib.
Gülər Əhmədova da yaranmış vəziyyətə münasibət bildirib: “Cənab prokurorun hər suala etiraz etməsi məni əsəbiləşdirir. Siz burda qoymursunuz ki, kimsə ağzını aça. Bu dəqiqə əsəbdən ürəyim partlayacaq. Bir adama imkan vermirsiz. Özünüzü konvoy kimi aparırsız, prokuror kimi yox. Bayaqdan ekspert başlayıb ki, texniki qüsur, texniki qüsur… Bu qüsura görə mən 1 il 3 aydır həbsdəyəm”.
G.Əhmədovanın bu etirazına əsas görmədiyini bildirən hakim “məhkəmənin qaydaları var, qaydalara hörmət edin”, – deyə keçmiş deputatı sakitləşməyə çağırıb.
G.Əhmədova isə belə cavab verib: “Deyəsən, qaydalar ancaq mənə görədir. Ekspert düz 3 dəfə cavab verdi ki, onlarda Sevinc Babayevanın eksperimental səs nümunəsi olub. Bu, keçən iclasda idi. Sonra fasiləyə getdilər. Fasilədən qayıdandan sonda, prokurorun göstərişi ilə fikrini dəyişdi. Texniki qüsur bir olar, iki olar, bu ifadə hər yerdə yazılıb. Indi sizə sual verəcəm. Əgər buna da ”texniki qüsur” deyə cavab verəcəksinizsə… Üç uşaq anasıyam, bircə dəfə mənim üzümə baxın və bu “texniki qüsur”a görə məndən üzr istəyin”.
Prokuror etirazını bildirərək, şahidə təzyiq edildiyini deyib.
Gülər Əhmədova:
– Açın səhifələri və baxın. “Hər 3 nəfərin eksperimental səs nümunələri var” yazılıb. Bu, texniki qüsurdur?
Ekspert H.Vəliyev:
– Bəli, texniki qüsurdur. Sevinc Babayeva və Elşad Abdullayevdən eksperimental səs nümunəsi götürülməyib.
– Texniki qüsur bir dəfə olar, iki dəfə olar… Bu qədər…
Hakim:
– Gülər xanım, sizə növbəti dəfə xəbərdarlıq edirəm. Suallarınızı verin, şərh etməyin…
Ekspert Gülər Əhmədovanın suallarına cavab verərkən bildirib ki, Sevinc Babayevanın sərbəst səs nümunələri kimi internetdə yayılan bir videoda onun Elşad Abdullayev barədə danışdıqları, Elşad Abdullayevin müxtəlif tədbirlərdən çəkilən görüntüləri araşdırılıb. Gülər Əhmədovanın özünə gəlincə, onun “Xalq seçir” verilişindəki çıxışı üzrə səs nümunəsi araşdırılıb.
Sabiq deputat ekspertdən rəydə yer alan “mübahisə zamanı özünə nəzarəti itirir, gərgin emosional həddə çatır” cümləsinə aydınlıq gətirməsini istəyib: “Bu, psixoloji tədqiqatın obyektidir”.
Ekspert bildirib ki, orada Gülər Əhmədovanın bəzi jest və hərəkətlərindən nəticələr çıxarmaq mümkündür: “Bəzən əlinizi masaya vurursunuz. Səsinizi qaldırırsız. Bu da həmin rəyin yaranmasına səbəb olub”.
Gülər Əhmədova ekspertdən videomaterialda pul görüb-görmədiyini soruşub. Ekspert “xeyr” cavabını verib.
Daha sonra Mərkəzi Ekspertiza Institutunun baş eksperti Lətif Əliyev dindirilib. O, vəkilin suallarını cavablandırarkən deyib ki, həmin materialların montaj olub-olmaması ilə bağlı konkret bir fikir açıqlaya bilməz: “Montaj ola da bilər, olmaya da. Bunu ancaq istintaq müəyyənləşdirə bilər”.
Ekspert Lətif Əliyevlə sual-cavab zamanı prokuror növbəti dəfə Gülər Əhmədovaya etiraz edərkən sabiq deputat belə reaksiya verib: “Mənim sözümü kəsməyin. Bir ana kimi yalvarıram, xahiş edirəm, sözümü kəsməyin. Nə istəyirsiniz edin, amma sözümü kəsməyin”.
Dünənki məhkəmə iclasında daha bir ekspert – Məmməd Ramazanov da dindirilib. Ekspert bildirib ki, ekspertizadan keçirilən videonun əsl olmadığı artıq müəyyənləşdirilib: “Video ”youtube”da yerləşdiriləndə videonun formatı avtomatik olaraq dəyişir”.
Gülər Əhmədova bir daha bəyan edib ki, yayılan və ekspert rəyi verilən video montajdır: “Bu video montajdır. Onun montaj olduğunu Elşad Abdullayev də deyir”.
Ekspert M.Ramazanov:
– Videodakı kəsilmələrin səbəbi qeyri-müəyyəndir.
Gülər Əhmədova:
– O qeyri-müəyyənliyə görə mən 1 il 3 aydır, həbsdəyəm.
Məhkəmə prosesi bu gün davam edəcək.
Aytən


