“Azərbaycan olduqca kritik məqamdadır”

“Heç zaman balanslaşdırılmış siyasətin tərəfdarı olmamışam, insanın bir üzü olmalıdır”

Elçin Şıxlı: “Belə çıxır ki, Ərdoğanın problemi, başağrısı Rauf Mirqədirov imiş”

Hazırda gündəmi məşğul edən əsas mövzulardan biri “Ayna” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsiylə bağlıdır. Baş verən hadisədən artıq bir neçə gün keçsə də, rəsmi açıqlamalar verilsə də, ancaq jurnalistin həbsinin motivləri hələ də məlum deyil. Ona görə “Rauf Mirqədirov nəyə görə həbs olunub?” sualı hələ də aktual olaraq qalır. “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ilə müsahibəmizə elə bu suala cavab almaqla başlamaq qərarına gəldik.

– Bir neçə gün keçsə də həbsin səbəbləri aydın deyil. Həbsin motivlərinin nədən ibarət olmasına gəlincə, burada qəti fikir söyləmək çətindir. Mənim üçün bu məsələ həddindən artıq ciddi olduğundan ehtimallara əsaslanaraq fikir söyləmək istəmirəm. Rauf Mirqədirova qarşı irəli sürülən ittiham həddindən artıq ciddidir.

– Elçin bəy, Rauf Mirqədirovun Türkiyəyə getməsinin səbəbləri ilə bağlı da hazırda fərqli fikirlər söylənilir. Baxmayaraq ki, qəzetdən bildirilib ki, Rauf Mirqədirov mətbu orqanının Türkiyədə təmsilçisi idi. Amma başqa diqqət çəkən məqam Rauf Mirqədirovun həbs olunması zamanı söylədiyi bir fikirdir. O, “sövdələşmə qurbanı olduğunu” söyləyib. Bu baxımdan həbsin Ərdoğanın səfərindən sonraya təsadüf etməsi diqqət çəkir. Bunu necə başa düşmək olar?

– Rauf Mirqədirovun Türkiyəyə getməsinin səbəbləri aydındır. Burada heç bir siyasi motiv yox idi. Raufun şəxsi maraqları ilə onun ailəsinin maraqları bir-birinə ziddiyyət təşkil etmədiyindən bu alındı. Təbii ki, Rauf Mirqədirovun redaksiyadan şöbə müdiri kimi getməsini mən istəmirdim. Amma həyatdır. Hər şey ola bilər. Ancaq Rauf Türkiyədən bizim qəzetlər üçün rahat şəkildə yazılar yazırdı. Rauf Mirqədirovun həbsdən öncə söylədiklərinə gəlincə, mən təəssüf ki, onu görməmişəm. Hələ bu gedişlə görəcəyimizə də ümid azdır. Onun nə söylədiyini deyə bilmərəm. Amma belə fikir var ki, onun söylədikləri ümumi kontekstdən kənara çıxır. Ərdoğanın Əliyevə siyahı verdiyi deyilir. Mən bu siyahını görməmişəm. Amma Türkiyə ilə Azərbaycan hazırda bir-birilə o qədər yaxınlaşıb ki, Türkiyənin çirkli çamaşırlarının tullantıları, təəssüf ki, Azərbaycana da gəlib çatıb. Ərdoğan bəlkə də özünü Türkiyə sayır. Amma mənim üçün Türkiyə Türkiyədir, ancaq Ərdoğan bu gün olan, sabah isə olmayan bir hakimiyyətdir. Türkiyəyə olan münasibət, sevgi tam başqa bir şeydir. Təəssüf ki, Ərdoğan daxili siyasi çəkişmələrini Azərbaycana da gətirib çıxarıb. Azərbaycanla Türkiyə nə qədər yaxın olsa da biz müstəqil dövlətik və bizim öz maraqlarımız var. Türkiyədəki hakimiyyət çəkişməsinin Azərbaycana təsiri olmamalıdır. Ərdoğan Antaliyadakı istirahətini yarımçıq qoyub, Bakıya səfər edəndə düşündüm ki, o, Azərbaycanla hərbi əməkdaşlığı möhkəmləndirməyə gəlir. Amma belə çıxır ki, Ərdoğanın səfərinin məqsədi özünün seçki problemi imiş. Belə çıxır ki, Ərdoğanın problemi, başağrısı Mirqədirov imiş. Gülməlidir.

“Xalq diplomatiyası fayda verə bilməz”

– Rəsmilər deyir ki, heç bir halda Ermənistanla təmaslar olmaz. Elə Rauf bəyə də irəli sürülən ittihamlar bununla bağlıdır. Amma elə bir müddət əvvəl Polad Bülbüloğlu başda olmaqla Ermənistana Azərbaycandan nümayəndə heyəti getmişdi…

– Mənim xalq diplomatiyasına münasibətim bir qədər fərqlidir. Xalq diplomatiyası yalnız o zaman təsirli ola bilər ki, yuxarılar hansısa yaxınlaşma prosesinə “hə” deyiblər. Bizdə bu yaxınlaşma prosesinə təəssüf ki, “hə” deyilməyib. Biz Ermənistandakı vətəndaş cəmiyyətinin təmsilçiləri ilə Gürcüstanda, ABŞ-da başqa ölkələrdə görüşsək də bunun Qarabağ münaqişəsinin həllinə təsiri yoxdur və ola da bilməz. Bu xalq diplomatiyası sıravi əsgərlərin bir-birinə münasibətidir. Amma yuxarıda generallar nə deyirsə, o olur. Çünki hücuma əmri məhz generallar verir. Münaqişənin həlli yalnız geosiyasi mənada Azərbaycan və Ermənistandan asılı olsaydı, bu problem çözülərdi. Amma bizim münasibətlərimizdən heç nə asılı deyil. Ortada Rusiya amili var.

Polad Bülbüloğlunun öncə Şuşaya, daha sonra Yerevana səfər etməsinin müqabilində erməni ziyalılarının Bakıya səfəri yalnız bir müddət gündəmdə qaldı. Daha sonra bu kampaniya unuduldu. O zaman bu təşəbbüsü qınayanlar, şəxsən Polad Bülbüloğluya təzyiq edənlər də olmuşdu.

“Qərbə bel bağlamağa ehtiyat edirəm”

– Hazırda Ukrayna hadisələrinin fonunda regionda ciddi proseslər cərəyan edir. Avropa Birliyinin və NATO-nun Azərbaycana marağı artıb. Azərbaycan həm geosiyasi, həm də enerji baxımından Rusiyaya alternativ kimi göstərilir. Amma Azərbaycana marağın artmasının fonunda hakimiyyət daxildə demokratik ictimaiyyətə qarşı təzyiqləri artırmaqdadır…

– Qərb Azərbaycana bir alternativ kimi baxır. Ilk baxışdan bu adama müsbət tendensiya kimi gəlir. Çünki bu göstərir ki, Rusiya kimi ölkəyə alternativ ola bilərik. Amma iş orasındadır ki, son zamanlar Qərbə bel bağlamağa ehtiyat edirəm. Çünki hazırda Qərbin özünü dişsiz aparmasının şahidiyəm. Inanmıram ki, Azərbaycan sabah desə ki, Qərb və NATO ilə əməkdaşlığa hazıram, Qərb onun arxasında dayanacaq. Azərbaycanın arxasından birinci Türkiyə qaçacaq. Mən, ümumiyyətlə, Qərbə inteqrasiya tərəfdarıyam. Düzdür, ideal cəmiyyət yoxdur. Amma Qərbdə dəyərlərin işləmə dərəcəsi bizdən xeyli yüksəkdir. Azərbaycan xarici siyasət baxımından olduqca kritik bir məqamdadır. Heç zaman balanslaşdırılmış siyasətin tərəfdarı olmamışam. Insanın bir üzü olmalıdır. Ya bu tərəfdə olmalısan, ya da o biri tərəfdə. Azərbaycan kiçik dövlətdir. Ona görə Azərbaycan suyu da üfürə-üfürə içməlidir. 2008-ci ilin avqustunda Gürcüstanda Qərb bu dövlətin arxasında dayanmadı. Rusiya ölkəni yarıya qədər tutmuşdu. Yalnız Saakaşvilinin şəxsi dəlisovluğu nəticəsində ruslar Tiflisi tutmadı. Suriyanın özündə millətin qırılması 4 ilə yaxınlaşır. Ya Qərb, ümumiyyətlə, bu regiona yaxın durmamalı, ya da xalqın Əsədin siyasəti ilə razılaşmasını sükutla izləməli idi. Nəticədə də bu qədər qırğın olmayacaqdı. Qərb Ərəb dünyasında proseslərə başlasa da, sona qədər getmədi. Rusiya Qərbin təzyiqi altında geri çəkilirdi. Rusiya Suriyanı əldən vermiş kimi idi. Amma Qərb tərəfindən qətiyyəti görməyəndə Putin dirçəldi. Hazırda da qırğın buna görə uzanır.

Azərbaycan hakimiyyətinin daxildə ictimaiyyətə qarşı təzyiqlərini gücləndirməsinə gəlincə, bu, iqtidarda sovet dövründən qalmış düşüncənin təzahürüdür. Hakimiyyətdə hələ də sovet dövrünün düşüncəsi ilə yaşayan məmurlar var. Elə məmurlar var ki, onlar vəzifə olmadan sıfırdan aşağıdırlar. Onlar da sıfırdan aşağı səviyyəyə düşməmək üçün həmin kürsüdən möhkəm yapışıblar. Kürsünü də itirməmək üçün həmin şəxslər azad fikrin, bunlarla razılaşmayan insanların səsini kəsməyə razılaşırlar. Bu, ölkənin, millətin xeyrinə deyil. Elə bir atmosfer yaranır ki, sabah Həsənin yerinə, Hüseyn gələndə Hüseyn Həsəndən ona etdiklərinin qisasını almağa başlayacaq. Belə olmamalıdır. Qarşılıqlı nifrət, qarşılıqlı qisasçılıq hissini aşılamaq olmaz. “NIDA”çı gənclərin həbsini götürək. Onların heç bir günahı yoxdur. Etirazlarını flaşmoblar və başqa dinc vasitələrlə bildiriblər. Burada nə var ki?..

– Artıq on gündən artıqdır ki, “NIDA”çı gənclər aclıq aksiyası keçirirlər. Amma hakimiyyət təmsilçilərindən heç kim buna reaksiya vermir. Bunu necə qiymətləndirmək olar…

– Bu həmin keçmiş düşüncəli insanların yaratdığı atmosferin nəticəsildir. Onlar aclıq aksiyasına belə reaksiya verirlər ki, “qoy etsinlər, axırı aksiyanı dayandıracaqlar da”. Digər tərəfdən, “NIDA”çılar hazırda həbsdədirlər. Bu tip müəssisələrdə məhbusların zorla yedizdirilməsi də mümkündür. Bizim məmurların düşüncəsi belə formalaşıb ki, onlar oturduqları yerdən tərpənmək istəmirlər. Amma tərpənmək, dəyişmək lazımdır. Insana onun özünə görə qiymət vermək gərəkdir. Onun tutduğu vəzifəyə görə yox. Hazırda vəzifədə olan insanların qarşısında baş əyənlər, onlara yaltaqlananlar həmin şəxs vəzifədən gedən kimi ona birinci təpiyi özü vuracaq.

“Məmur övladlarının heç bir günahı yoxdur” 

– Hazırda məmur övladlarının avtoşluğu gündəmi zəbt etsə də, hakimiyyət bu məsələdə ikili standartlar tətbiq edir. Halbuki hakimiyyət başqa vaxtı beynəlxalq təşkilatları ikili standartlarda ittiham edir. Nəyə görə bu şəxslərlə bağlı tədbir görülmür?

– Çünki tədbir görülə bilməz. Bu adamların hamısı öz adamlarıdır. Digər tərəfdən, ölkənin gündəmini başqa mövzular zəbt etdiyi bir dövrdə avtoşlar məsələsi gündəmi dəyişmək cəhdi oldu. Istənilən adam sürəti 110-a qədər qaldıra bilər. Amma ağlı başında olan adam heç zaman 200 və ya 300-lə maşın sürməz. Köhnə sovet maşını ilə 250 km sürət yığmaq olarmı? Bu sürəti yığa bilən avtomobilin qiyməti çox bahadır. Bəs bu maşınların qiymətinin fonunda məmurların əmək haqqı niyə hesablanmır? Bütün bunlar korrupsiyadan irəli gəlir. Həmin uşaqların da heç bir günahı yoxdur. Çünki onlar valideynlərinə baxıb nümunə götürürlər.

– Məmur övladları ilə bağlı yayılan informasiyaları kompromat savaşı kimi dəyərləndirənlər də var…

– Bəli, həqiqətən bu belədir. Bu, məmurlar arasında kompromat savaşının bir təzahürüdür. Biz vaxtaşırı olaraq bu savaşın şahidi oluruq. Bu məmur övladlarının maşınlardan gözəl başı çıxır. Amma bir soruşan lazımdır ki, ay bala, sən Anri Barbüsü, Markezi tanıyırsanmı? Bizim hətta üzdə olan ziyalılarımız belə düşünürdülər ki, Markezi müğənni kimi tanıyırmış. Heç kim kitab oxumur. Bu, cəmiyyətin faciəsidir. Bəzi məmur övladlarının xaricdə təhsil aldıqları söylənilir. Amma onların əksəriyyəti sadəcə dərslərdə seyirçi olublar. Orada isə pul ilə diplom almaq mümkün olmur.

– Hazırda bir neçə ictimai fəal həbsdədir. Hüquq müdafiəçisi Anar Məmmədli xaricdən gələn qrantları guya mənimsəməkdə ittiham edilir. Amma Hesablama Palatasında Xarici Işlər Nazirliyində, Səhiyyə Nazirliyində dövlət vəsaitinin mənimsənilməsiylə bağlı faktlara münasibət bildirilmir…

– Bu sadəcə olaraq biabırçılıqdar. Bu hesabatlardakı faktlara hakimiyyətmdaxilində fikir verilir. Sadəcə olaraq həmin hesabatlarla bağlı haqq-hesabın çəkilməsi ictimaiyyətdən gizlin aparılır. Ictimai fəalların həbsinə gəlincə, bu, hakimiyyətin siyasətidir. 

Xəyal