Əziz mozambiklilər!
Sizi – dost və qardaş xalqı dünyanın 11 iqlim qurşağından 13-nün yerləşdiyi, Babəkin qılınc oynatdığı, Koroğlunun at çapdığı, Xan Şuşinskinin zəngulə vurduğu, Aşıq Ədalətin telli sazı mələtdiyi, haqq-ədalətin isə özünün mələr günə qaldığı, Səməd Vurğunun ov ovlayıb quş quşladığı, Səməd Səmədovun “xalq artisti”, Seymur Baycanın xalq düşməni olduğu, parlamentin deputatxanaya, telekanalların toyxanaya, kitabxanaların kababxanaya, bütün ölkənin isə özü boyda həbsxanaya çevrildiyi Odlar Yurdu Azərbaycandan atəşin salamlayıram. Hamınızı bağrıma basır, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm. Ordan bir tuş!
***
Əziz mozambiklilər!
Sizə də başağrısı olmasın, deməli, bizim bu igid canlı, kabab qanlı və şanlı ölkəmizdə 8 işıqlı, vicdanlı gənc 12 gündür təcridxana divarları arxasında aclıq edirlər. Onların etirazı yalnız şərlənərək, qondarma ittihamlarla, haqsız olaraq həbs edilmələrinə deyil. Onların bu aksiyası həm də mənsub olduqları ölkənin azadlığı, demokratikləşməsi, çağdaş, sivil, tərəqqipərvər dünyanın bir parçasına çevrilməsi üçündür.
Əziz mozambiklilər!
8 işıqlı, vicdanlı gənc həyatları, sağlamlıqları bahasına zülmə, şərə qarşı dirəşərkən bizim uca millət, sevgili xalq da çox ciddi, taleyüklü, işlərlə məşğuldur, demək olar, bir dəqiqə, bir saniyə belə boş vaxtı yoxdur. Təsəvvür edin ki, o bir tərəfdən yağış yağanda “facebook”da romantik statuslar yazmalı, o biri tərəfdən “Qurdlar Vadisi”nin bir seriyasını da qaçırmamalıdır. Xalqımız “Qurdlar Vadisi”ni gözdən qoyan kimi, mənfur ssenaristlər, rejissorlar Polad Ələmdarı öldürürlər, türk dünyası başsız qalır. Biz Polad müəllimi yenidən diriltmək üçün beş-on seriya it zülmü çəkməli oluruq, qurbanlar kəsirik, pirə gedirik.
Hələ bunun “Səni axtarıram”a baxıb bir ton göz yaşı tökməyi, “Toylar kralı”na SMS göndərməyi, Rəfael-Coşquna hırıldamağı, “Ana segahı”na zırıldamağı, “Onun yarısı”na baxıb ağzının suyunu axıtmağı var, dolma yüksəkliyi və “Sarı gəlin” çökəkliyi uğrunda alçaq, mənfur ermənilərlə süpürülüşməyi, ələm uçurmağı, cin çıxarmağı, it boğuşdurmağı, xoruz döyüşdürməyi, mahnı “zakaz”ı üstündə adam yortmağı, metroda böyürməyi, avtobusda gəyirməyi var.
***
Əziz mozambiklilər!
Hələ mən onu demirəm ki, xalqımızın qarşısında bir çox strateji əhəmiyyətli, geopolitik suallar dayanıb ki, biz onların da cavabını tapmaq üçün gecə-gündüz çalışır, baş sındırırıq. “”Yanıq Kərəmi”yə oynamaq olar, ya yox?”, “Ayağın altı qaşınanda bu, təzə başmaq geyməyin əlamətidir, yoxsa uzaq səfərə çıxmağın?” kimi minillərdir xalqımızı dərindən düşündürən, narahat edən sualların cavabları tapılacağı təqdirdə dünyada elmi-texniki tərəqqinin yeni mərhələyə qədəm qoyacağına, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olacağına, ozon deşiyinin qapanacağına, qlobal istiləşmənin qarşısının alınacağına əsla və qəti heç bir şübhəmiz yoxdur.
***
Gördüyünüz kimi, əziz mozambiklilər, işimiz-gücümüz başımızdan aşır, bu qədər iş-gücün içində hətta başımızı qaşımağa vaxt tapmırıq. Odur ki, sizdən acizanə xahiş edirik, əvəzimizdən həmin o 8 gəncin taleyi ilə yaxından maraqlana, onlara mənəvi dəstək ola, azadlıq tələb edəsiniz. Əziz mozambiklilər! Başağrısı verdiyim üçün məni məzur tutun və bağışlayın. Diqqətinizə görə sağ olun, var olun. Gül olun, bülbül olun, amma qəfəsdə olmayın. Bunu da içək pis oğlanların sağlığına. Onlar olmasa, yaxşı oğlanların qədrini bilməzdik.