Şöhrət ordenli Vətən xaini

Son günlər məndən tez-tez Rauf Mirqədirov haqqında soruşurlar. Getdiyim hər xeyir-şər məclisində, küçədə təsadüfən qarşılaşdığım dost-tanış hal-əhvaldan sonra bu tanınmış jurnalistin hansı günahın sahibi olduğunu mənim köməyimlə(!) dəqiqləşdirmək istəyirlər. 

Bu insanların arasında məmurlar aqressivliyi ilə seçilirlər, hətta onlardan biri, hazırda “Qaçqınkom”da işləyən, sözün əsl mənasında qudurmuş məmurun mövzuya münasibəti daha amansız oldu. O, “jurnalistin hamının gözü qarşısında” asılmasını arzulayır. Yanağından qan daman bu məmurun aylıq maaşı 300 manat olsa da, altında 80 minlik maşını, Bakıda bir neçə mənzili var, iki dəfə də Həccə gedib, qismət olarsa, bu dəfə üçüncü dəfə gedəcək. Onun haqda bu qısa arayışı verməkdə məqsədim Rauf Mirqədirova qarşı ittihamların “çin olmasını” hansı zümrənin ürəkdən arzulamasını diqqətinizə çatdırmaqdır. Onlar əmindirlər ki, sonda bu ittihamların “bir ucu” da gedib çıxacaq müxalifətə. Bilirlər ki, iqtidar heç vaxt öz daxilindən “Vətən xaini” çıxarmaz. Hətta çıxsa belə, onu başqa maddələrlə ittiham edəcək. Məsələn, vəzifəsindən sui-istifadə etmək. Yazılarımın birində mən bu sui-istifadəni 8 saat ərzində məmurun qarşısına dikilən… eyibsiz gözələ bənzətmişdim. Gerisini məndən də yaxşı təsəvvür edə bildiyinizdən, qayıdaq söhbətimizə…

Rauf Mirqədirov nə edib? O, regional layihə çərçivəsində Yerevana səfər edib, orada məruzə edib, Qarabağın işğalından danışıb. Deyib ki, hər iki xalq bundan əziyyət çəkir və münaqişə dinc yolla həll edilməlidir. Hətta bildiyimə görə, Mirqədirovu bu fikirlərinə görə erməni mətbuatı kəskin tənqid edib. Analoji layihələr çərçivəsində Yervana səfər edən jurnalist, QHT rəhbərləri, rəsmi şəxslərin heç birisinin yerli mətbuatda tənqid edilməməsi, onların Rauf Mirqədirovla müqayisədə loyal olduqlarına əyani sübutdur. Bir neçə il əvvəl isə, başda Polad Bülbüloğlu və Fərhad Bədəlbəyli olmaqla bir qrup Azərbaycan rəsmisinin  Xankəndinə səfəri oldu. Onları separatçı rejimin başçısının kabinetinə qədər apardılar. Görüşdən çəkilmiş şəkillərdə açıq-aydın çöhrələrə qonmuş təbəssüm, yəni gülüşün fraqmentləri diqqəti cəlb edirdi. Kimsə soruşmadı ki, orada nəyə və kimə gülürdünüz?..   

Yadınızdadırsa, Azərbaycanda son prezident seçkiləri ərəfəsində düşmən ölkənin prezidenti Serj Sərkisyan Ilham Əliyevin qalib gəlməsini arzuladığını rəsmi şəkildə bildirdi. “Azərbaycanda keçiriləcək prezident seçkisində Ermənistan hansı namizədə üstünlük verir” sualını cavablandırarkən deyib: “Namizədlər arasında ən layiqlisi Ilham Əliyevdir”.

Sərkisyanın müxalifətin nümayəndəsi Cəmil Həsənliyə üstünlük verməsi halında nələrin olacağını isə, özünüz təsəvvür edin… Sərkisyan gözəl bilir ki, iqtidar Qarabağ məsələsindən 20 ildir istifadə edərək ölkəni çapıb-talayır. Ara-sıra verilən müharibə bəyanatları isə, daxilə hesablanmış bir reveransdır. Seçkilərin ardından Zakir Həsənov kimi qeyri-peşəkarın müdafiə naziri təyin edilməsi buna parlaq sübutdur. Yeri gəlmişkən, buradan yeni müdafiə nazirinə bir məsələ haqda səslənmək istəyirəm. Eşitdiyimə görə, o, əsgər yeməkxanalarındakı aşbazları qadınlarla əvəzləmək istəyir. Mən bir neçə dəfə əsgərlərə dolu maşınlardan zərif cinsin nümayəndəsinə verilən reaksiyanın şahidi olmuşam. Elə vahiməli şəkildə halay çəkirlər ki, sanki döyüşə gedirlər. Elə valideynləri gətirən yeməyi versəniz, kifayət edər…

Diqqət edirsinizsə, Rauf Mirqədirov mövzusundan uzaqlaşmağa başlamışam. Doğrudan da bu jurnalisitin əməllərində buna bənzər bir ipucu tapmaqda çətinlik çəkirəm. Heç bir dövlət strukturunda çalışmayan, 4 ildir Türkiyədə yaşayan bir şəxsə birbaşa dövlətə xəyanət damğası vurmaq üçün əlində daşdan keçən sübut olmalıdır. 

Mənim fikrimcə, ölkəni bürüyən rüşvət və korrupsiya sisteminin başında duranları Vətənə xəyanətdə ittiham etmək lazımdır. 

Əliyev rejiminin ədalətsizliyi, acgözlüyü milyonlarla soydaşlarımızın ölkəni tərk etməyi ilə nəticələnib. Insanlarımız ədaləti yad ellərdə axtarmağa başlayıblar. Insanlar əsrlər boyu məşğul olduqları işlərdən zorla uzaqlaşdırılıb. Allahın bizə bəxş etdiyi dənizə belə boylanıb baxmaqda çətinlik çəkirik, çünki harın məmurlar sahili, demək olar, hasarlayıblar. Qarabağda sağlamlığını itirən oğullarımız əlacsızlıqdan həyatlarına qəsd edirlər. 

Ölkədə 20 ildir ki, seçkilər saxtalaşdırılır. Azərbaycan vətəndaşı ən primitiv hüququndan belə məhrum edilib. Bu, Qarabağın işğalından da dəhşətli faciədir. 

…məzahir pənahovlara “Şöhrət” ordeni verilən bir ölkədə,  rauf mirqədirovların yeri, ən yaxşı halda həbsxana olmalı idi. Heç olmasa, cibinə narkotik atsaydınız… Yazıq deyilmi?..