Prezident birinci rübə yumurtayla yekun vurdu

Cənabımız 2011-ci ilin birinci rübünü də belə yola saldı. Nazirlər Kabinetini başına cəm etdi və başladı sosial-iqtisadi nailiyyətlərdən danışmağa. Amma bəzi nöqsanları da şam-şax, çəkinib eləmədən, narahat olmadan nazirlərinin üzünə vurdu. Nəymiş bu nöqsanlar?

Möhtərəmimiz Novruz bayramı ərəfəsində “daxildə istehsal olunan bəzi malların qiymətinin süni surətdə qaldırılması” məsələsinə toxundu və problemi yoluna qoyan uğurlu müdaxiləsindən bəhs etdi: “Biz dərhal operativ şəkildə lazımi tədbirlər gördük. Süni şəkildə artırılan qiymətlərin tənzimlənməsi üçün lazımi addımlar atdıq”.
Cənabımızın iki cümlədə ard-arda dediyi “lazımi” sözünün əhatə etdiyi çoxşaxəli, irihəcmli, beynəlxalqçaplı tənzimedici addım kimin yadındadır? Möhtərəmimiz son iyirmi gündə hansı malların “süni qiymət artımlarına operativ” müdaxilə eləyib?

Təbii ki, yumurtanın. Hörmətlimizin sayəsində Novruz ərəfəsində kef elədik, çoxlu yumurta ala bildik, döyüşdürdük, vuruşdurduq, yumurta aşı, yumurta bozbaşı bişirdik, yedik, içdik; yumurta bizim Novruz xonçalarımızı bəzədi, artıq günlərdir ki, prezidentin sayəsində yumurta yeyib, yumurta geyib, yumurta minib gəzirik.
Ancaq möhtərəmimiz “daxildə istehsal olunan malın” yox, “malların”, “qiymətin” yox, “qiymətlərin” sözünü işlətdi, axı! Deməli, başqa nəsə də olmalıdır…
Ha fikirləşirəm, cənabımızın yumurtadan başqa nəyin qiymətini mələtdiyini xatırlamıram. Bəlkə, hörmətlimiz üçün yumurta elə “bəzi malları” əhatə eləyir?
Elədir ki, var! Axx, niyə ağlıma gəlməyib? Əlbəttə, yumurtaya “bəzi mallar” demək olar. Çünki adam susuz, çörəksiz, havasız yaşaya bilər, amma yumurtasız nırç! Yumurta – bəzi mallar yox, mən deyərdim ki, insanın yaşaması üçün lazım (!) olan bütün mallardır. Ona görə də ölkə rəhbərinin yumurta məsələsinə şəxsən qarışmasının və bunu dönə-dönə əhaliyə birbaşa və dolayısıyla xatırlatmasının məntiqi, fəlsəfi qayəsi var. Yeri gəlmişkən, baş filosof Ramiz Mehdiyevdən xahiş etmək lazımdır ki, “Yumurta inkişafının Azərbaycan modeli” barədə düşünsün – prezidentin həyata keçirdiyi bu mili, mənəvi, ürfani yumurta islahatının mahiyyəti açılmalıdır, ya yox?

Saakaşvili başdanxarabdır

Hörmətlimiz sakinlərlə görüşündə də müdrikcəsinə çıxış etdi, müdaxilə və yumurta haqq-hesabını hallandırmasa da, əhalinin qaz pulunu ödəməkdə çətinlik çəkmədiyinə əminliyini bildirdi: “Azərbaycanda qazın tarifləri qonşu ölkələrlə müqayisədə 3 dəfə aşağıdır, hesab edirəm ki, bu (yəni ucuzluğuna görə qaz pulu ödənişləri), böyük çətinlik yaratmamalıdır”.

Cənabımız heç yalan danışarmı? O, əlbəttə ki, düz deyir, həmişəki kimi. Inanmırsız, müqayisə edək: Qonşumuz Rusiyada qazın min kubmetri əhaliyə 75 dollardan satılır. Bizdə isə bu rəqəm 100 manat, təxminən 126 dollardır. Rusun 75 dolları Azərbaycanın 126 dollarından 3 dəfə çox eləmirmi?
Yox, deyəsən eləmir. Amma cənabımız bizə, öz xalqına yalan deməz, axı! Deməli, Rusiya bizim qonşumuz-zadımız deyil.
Götürək Iranı. Iranda əhaliyə satılan mavi qazın min kubmetri 20 dollardır. Iranın 20 dolları da bizim 126-dan çox eləməlidir.

Yox? Eləmir?

Iran bizim hardan qonşumuz oldu? Ermənilərin dostu olan mollabaş farslar bizim qonşumuz ola bilərmi?
Əlbəttə, yox və cənabımız “qonşu” deyəndə bu səbəbdən onları nəzərdə tutmayıb. Həm də Iran və Rusiya qaz ixrac edən ölkələrdir, müqayisə uğurlu deyil. Gürcüstan yaxşıdır: qazı yox, nöyütü yox, özü də Qafqaz ölkəsi, yüz faiz qonşumuzdur!
Neft Şirkətinin rəsmi xəbərinə görə, ölkəmiz Gürcüstana qazı güzəştlə satır – min kubmetri 169 dollara. Gürcüstan hökuməti 169 dollara aldığı Azərbaycan qazını öz əhalisinə 2 dollar ucuzuna, 167 dollara verir.

Gürcüstan IES-lərinə satılan Azərbaycan qazının qiyməti isə hər min kubmetr üçün 143 dollardır.

Bizdə nə qədər oldu? 126 dollar!

Görürsünüz, Gürcüstanda bizdən bahadır. Amma, sovxaya qalsın, yenə də 3 dəfə baha deyil.
Bu Saakaşvili də lap başdanxarabdır, gəlirini-çıxarını bilmir. Çirkin niyyəti aydındır, məqsədi möhtərəmimizin yalanını çıxarmaqdır. Gənc YAP-çılardan 50-60 nəfər göndərmək lazımdır Gürcüstana, qoy, Saakaşvilinin evinin qarşısında piket keçirsinlər. Çünki bu Mişa bizdən aldığı qazı öz xalqına ucuz satmaqla Azərbaycanda iqtisadi sabitliyi pozmaq istəyir…