Bir başqa bahar

Bu il dünyaya bahar başqa cür gəldi. Təkcə qaranquşları ilə, Günəşi ilə, əlvan-əlvan çiçəkləri ilə gəlmədi. Insanların kükrəyən azadlıq diləkləri, özgürlük istəkləri ilə gəldi həm də.

Yalnız çaylar daşmadı bu bahar. Əzilən xalqların istibdada, zülmə etirazları da aşıb-daşdı.

Yalnız torpaq oyanmadı bu bahar. Həm də illərcə şirin vədlərlə, gözəl yalanlarla uyudulan insanlar oyandı qəflət yuxusundan.
Bu il bahar bir başqa cür gəldi. Təkcə təbiət təzələnmədi. Köhnəliyin, keçmişin qalıqlarının girovuna çevrilən neçə-neçə ölkənin ruhu təzələndi. Körpə otlarla bərabər ümidlər boy qaldırdı, arzular bitməyə başladı neçə-neçə ölkədə. Neçə-neçə xalq çıxdı qışdan yaza – tiranların qəfəsindən azadlığa çıxdı.
Kol dibində boynubükük bənövşələr Günəşə göz vurarkən, baharı salamlayarkən, bir tərəfdə də illərdir yalan, yaltaqlıq, ədalətsizlik, yağmaçılıq qarşısında boynubükük dayanmış xalqlar irtica qarşısında dimdik dayanmağa başladı. Onlar da azadlıq adlı baharı salamlamış oldular beləcə.

Bu il bahar bir başqa gəldi dünyaya. Yalnız dağların qarı deyil, insanların ruhunu donduran, qəlbini üşüdən despotizm buzları əriməyə başladı.
Bir yanda çiçəklər açarkən, o biri yanda da neçə-neçə xalqın qoluna vurulmuş qandallar, neçə-neçə xalqın dilindən asılmış qıfıllar açılmağa başladı. Bir yanda nərgizlər, yasəmənlər, o biri yanda da neçə-neçə xalqın gözü açılmağa başladı. Beləcə, görməyə başladılar bir ovuc adamın illərcə onların haqlarını necə yediklərini, onların sərvətinə dədə malı kimi necə yiyələndiklərini, onların bədbəxtliyi üzərində necə xoşbəxtlik tapdıqlarını…
Bu il bahar bir başqa gəldi. Zatən baharın hər gəlişi ilə gündüzlər uzanmağa, gecələr qısalmağa başlardı da… Amma bu dəfə həm də neçə-neçə ölkədə aydınlıqlar uzanmağa, qaranlıqlar qısalmağa başladı. Zülmətlər yarılmağa, Günəş daha isti, daha parlaq olmağa başladı.
Bu il bahar bir başqa gəldi dünyaya. Bir yandan ağacları geyindirərkən o biri yandan da kralları soyundurmağa başladı. Və bir andaca bütün kralların lüt olduğunu gördü düz-dünya… Bütün kralların çılpaq olduğunu anladı külli-bəşər…

Bahar bayramınız mübarək!

Ilham Əliyev Müsavatdan nə vaxt istefa verəcək?

Günlərdir müxalifətdən istefalar haqqında xəbər istehsal edir, yalanlar üyüdür rejim yandaşları. Istefa rəqəmləri göz qamaşdırır, proses bir az da davam etsə, məlum olacaq ki, indiyədək bütün Azərbaycan xalqı müxalifətdə imiş.

Oysa Ilham Əliyev və ətrafı illərdir döşünə döyə-döyə Azərbaycanda müxalifətin olmadığı haqqında danışırdı. Hələ olmayan müxalifətdən bu qədər adam istefa verir, görün Azərbaycanda müxalifət olsaydı, nə baş verərdi. Allah ağıl-insaf versin sizə, başqa nə deyim.
Məncə, iqtidardakılar bir an içində bu boşboğazlıqları dayandırmalıdırlar, yoxsa bir də gördün Ilham Əliyevin Müsavatdan, Ramiz Mehdiyevin AXCP-dən, Kəmaləddin Heydərovun KXCP-dən, canım sizə desin, Ziya Məmmədovun ADP-dən istefası haqqında da bəyanatlar yayıldı. Bir az “qaz”ı alın, cənablar, əyləci basın, yoxsa get-gedə daha gülməli şəkil almağa başlayır bu istefa komediyası.

Amma məni düşündürən əsas məsələ heç bu da deyil. Deyək ki, o qurama, qondarma istefa bəyanatları tamamən doğrudur… Deyək ki, sabah lap Isa Qəmbər, Əli Kərimli də müxalifətdən istefa verdi, axı bu nəyi dəyişir? Axı hansısa müxalifətçinin partiyasından getməsi korrupsiyanın Azərbaycandan getməməsinə bəraətmi qazandırır? Hansısa müxalifətçinin istefası ədalətsizliyin, sümürücülüyün, talançılığın Azərbaycandan istefası anlamınamı gəlir?
Guya müxalifətdə hətta bir nəfərin də qalmaması sizin qurdla qiyamətə qalmağınızmı demək olacaq? Axı görmürsünüzmü, artıq müxalifətsiz belə, dünyada sizinlə xurcuntayı olan istibdadlar domino daşları kimi necə yıxılır?