Fikir vermisinizsə, NIDA-çıların həbsi ilə rejim yeni ənənənin əsasını qoyub, artıq siyasi həbslər üçün elə maddələr seçilir ki, şərlənənlərə azı 5-6 il iş istəmək mümkün olsun. Ilqar Məmmədovla Tofiq Yaqubluya, Yadigar Sadıqova verilən cəzalar məlumdur. Elə artıq 10-cu gündür aclıq edən, aclığı dayandırmaqla bağlı çağırışlara rəğmən geri addım atmayan 8 gəncə istənilən cəzaların müddəti 8 il yarımadək uzanır. Yenicə həbs edilən jurnalist Rauf Mirqədirov üçün seçilən maddə ilə hətta ömürlük həbs qərarı çıxarmaq mümkündür.
Bəs yaptokratiyanın birdən-birə siyasi həbslərin maddələrini ağırlaşdırması nə ilə bağlı ola bilər? Məncə, səbəb çox sadədir: baxdılar ki, həbslər toplumun aktiv, mübariz kəsiminin gözünü qırmaq, qorxutmaq üçün yetərli deyil, tutulanların yerini prosesə yeni qoşulanlar doldurur, necə deyərlər, müqəddəs yer boş qalmır. Odur ki, indi təkcə həbs qərarı ilə yox, həbs qərarı üçün ağır maddələr seçməklə toplumdakı qorxu, xof mühitini dərinləşdirmək, gücləndirmək istəyirlər.
Belə getsə, bir azdan biz narkotik, dələduzluq ittihamları üçün darıxmağa başlayacağıq, uzaqbaşı 2-3 il həbs qərarı çıxarılmasına imkan verən maddələr üçün burnumuzun ucu göynəyəcək. Onsuz da artıq vəziyyət elə yerə gəlib ki, bu gün dünənə şükr etməli oluruq, ümummilli liderin vaxtında Sovet hakimiyyətinin xiffətini çəkməyə başlamışdıq, sonra oğlu gəldi və çox keçmədən biz başladıq ulu öndərin hakimiyyətdə olduğu illərə həsəd aparmağa. Indi isə bu cür nostalgiyaların ömrü daha da qısalıb, artıq bu gün dünənin həsrəti ilə yaşayırıq.
Bax elə bu günə görə gəlin dönə-dönə şükr edək. Ironiyasız, tam ciddi yazıram bunu. Sabahı bilmək olmaz, bir də gördün yatdıq, qalxdıq, gördük artıq edam hökmü də geri qaytarılıb, hər küçəyə bir dar ağacı qurulub. Ondan sonra gəl, NIDA-çılar üçün istənilən 7-8 illik həbsin xiffətini çəkmə görüm, necə çəkməyəsən.
Yeri gəlmişkən, Rauf Mirqədirova elan edilən ittihamla bağlı bir neçə kəlmə yazım. Ittihama görə, həmkarımızda hansısa mühüm dövlət sirləri varmış, o da götürüb bunu ermənilərə satıb. Əcəb komediyadır. Allahın Dövlət Baytarlıq Xidmətindən belə, ən adi bir informasiya almağın it zülmü olduğu bir ölkədə jurnalistin dövlət sirrini əldə etdiyinə inanmaq mümkündürmü? Üstəlik, artıq dörd ildir ölkədə yaşamayan biri “dövlət sirlərinə” bu qədər asanlıqla vaqif olurmuşsa, o zaman niyə ancaq Mirqədirov cəzalandırılmalıdır? Bəs bu “sirləri” ona ötürənlər? Onlar hanı və niyə həbs edilmirlər?
Açığı, mən Mirqədirovun da məşğul olduğu “xalq diplomatiyası”nı mənasız bir iş sayıram. Münaqimşə edən tərəflərin heç birində artıq xalq yoxdursa, xalq “ofsayd”a salınıbsa, hər iki ölkənin taleyini sadəcə, oradakı hakim güclər müəyyənləşdirirsə, nə “xalq diplomatiyası”-zad. Öncə hər iki ölkədə çağdaş, demokratik idarəetmələr formalaşmalı, xalq öz taleyinin qərarvericisi olmalı, sonra “xalq diplomatiyası” barədə düşünülməlidir.
Amma bir halda ki, kimlərsə bu səylərdə, təşəbbüslərdə bir fayda, məna, effekt görürsə, onlara deyəcək heç bir sözüm yoxdur. Davam etsinlər. Rejim isə bu ölkənin insanlarına inanmağı, güvənməyi öyrənməlidir. Onları illah ki, “narkoman”, “xuliqan”, “xəyanətkar” sifətində görməkdən əl çəkməlidir. Hakim gücə fərqli münasibətini insanlar haqqında ölçü vahidinə çevirmək köhnəlmiş, çağdışı bir yöntəmdir. “Məni sevmirsə, deməli, Azərbaycanı sevmir”, “mənə qarşıdırsa, deməli, Azərbaycana qarşıdır” zehniyyəti 21-ci əsrdə qəbuledilməzdir, utancvericidir.
Ən əsası isə haqsız həbslər, amansız repressiyalarla topluma dərin düşmənçilik toxumları səpməsinin ilk növbədə özü üçün qorxunc nəticələr verəcəyini anlamalıdır. O düşmənçilik toxumlarından sonda hansı dəhşətli aqibətin cücərəcəyinin fərqində olmalıdır.