Sülhəddin Əkbər: «Ola bilsin ənənəvi dinlərə dəstək verilməsi qərara alınıb»
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-30-da “ABŞ – Azərbaycan Konvensiyası: gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfərə gedəcək.
Onun, Azərbaycandakı Provoslav icmanın rəhbəri Arxiyepiskop İşeyin, Dağ Yəhudiləri icmasının başçısı Melih Yevdayevin və Katolik icmanın ordinarisi Vladimir Fekerenin daxil olduğü nümayəndə heyəti tədbirin “Dialoqun möhkəmləndirilməsi – tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcək.
Sessiyanın panel iclasında QMİ sədri Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.
Əgər ölkədə dini təriqətlərlə, xüsusilə vəhabi və nurçularla bağlı problemlərlə yaşanmasaydı, şeyxin bu səfərini sıradan bir səfər kimi qəbul etmək olardı. Lakin istər şimal regionlarda vəhabi təhlükəsi, istərsə də nurçularla bağlı son vaxtlar baş verənlər ABŞ-da bu məsələlərin müzakirəyə çıxarılacağını deməyə əsas verir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər belə səfərlərdə, eyni zamanda forum zamanı əlavə rəsmi və qeyri-rəsmi görüşlərin olduğunu deyir. ABŞ-ın dünya miqyasında terrorizmlə mübarizə aparığını nəzərə aldıqda bu mövzunun aktual olduğunu demək olar.
Ekspertin fikrincə, böyük ehtimalla Azərbaycan tədbirdə dini tolerantlıq nümunəsi kimi təqdim olunacaq. Bu eyni zamanda ənənəvi monoteist dinlərə də bir dəstək olacaq: «Görünür son vaxtlar bu dinlərin təbliğinə xüsusi ehtiyac var. Çünki radikal ekstremist dini cərəyanlar çox fəal aqressiv siyasət aparırlar. Ola bilsin buna görə ənənəvi dinlərə dəstək verilməsi qərara alınıb. Əgər belədirsə, bunu hər halda müsbət qiymətləndirmək lazımdır».
Fizzə


